Estoniyada parlament ölkənin yeni prezidentini seçmək üçün səsvermə keçirib. Gizli səsvermədə yeganə namizəd olan hüquqşünas Ülle Madise 71 səslə prezident seçilib.
Turkustan.az xəbər verir ki, 101 yerlik Estoniya parlamentində keçirilən səsvermədə Madise seçilmək üçün tələb olunan səs çoxluğunu əldə edib.
51 yaşlı Ülle Madise 2015-ci ildən Estoniyanın konstitusiya nəzarəti və ombudsman qurumu olan Ədliyyə Kansleri vəzifəsini tutur.
Madise and içdikdən sonra oktyabrın 12-də rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq və beş il müddətinə prezident səlahiyyətlərini həyata keçirəcək.
Seçildikdən sonra ona dəstək verənlərə təşəkkür edən Madise bildirib:
“Bu etimadı doğrultmaq üçün əlimdən gələni edəcəyəm. Ümid edirəm ki, bir-birimizi anlayaraq, hətta çətin fikir ayrılıqlarımız olsa belə, bir-birimizi dəstəkləyə və Estoniya üçün birlikdə böyük razılaşmaya nail ola bilərik. Məqsədimiz Estoniyanı xoşbəxt, firavan və təhlükəsiz ölkəyə çevirməkdir”.
Aytən Yaşar/ Turkustan.az