Dünyanın müxtəlif yerlərində eyni vaxtda daşqınların baş verməsi insanlar arasında narahatlıq yaradıb, fəlakət carçıları isə bundan istifadə edərək daha da xaos yaratmaq cəhdi ilə “qlobal daşqın olacaq” mesajları yayırlar.
Xüsusilə Nepal-Himalay bölgəsində, ABŞ-nin Böyük Kanyonunda baş vermiş daşqın fəlakəti ciddi təhlükə kimi müzakirə olunur. Mütəxəssislər bildiririlər ki, çox isti və quraq yay fəslindən sonra güclü yağışların olması normaldır, çünki buxarlanma dərəcəsi normadan artıq qeyd alınıb. Atmosferdə daha çox rütubət potensialı yaranıb.
Yaxın gələcək üçün qlobal subasma xəbərdarlığı mifdir, yoxsa mümkün ehtimaldır?
Ekoloq Asif Əliyevin Bizim.Media-ya verdiyi məlumata görə, baş verən daşqınlardan ehtiyatlanıb “dünyada mütləq güclü daşqın olacaq” nəticəsini çıxarmaq olmaz.
“Atmosferin su tutumu və hava sistemlərinin hərəkəti mövsümdən mövsümə və regiondan regiona görə çox dəyişir. Uzun müddətli quraqlıqdan sonra intensiv yağışlar görmək normal təbiət hadisəsidir. Avropadakı anomal istilərdən sonra payızda ekstremal yağıntıların payının artacağı da qabaqcadan xəbərdarlıq edilmişdi”.
Nuhun “Böyük daşqın”ının təkrarlanması gözlənilirmi?
Ekstrasenslərin dediklərinə gəlincə isə mütəxəssis burada elmi dəlilin olmadığını diqqətə çatdırdı:
“Meteoroloji hadisə statistik yoxlama ilə təsdiqlənməyibsə, ekstrasenslərin “bu payız böyük subasma olacaq” iddiası elmi proqnoz sayılmır. Bu cür paylaşımlar onsuz da həssaslaşmış, narahat cəmiyyətin psixikasına daha pis təsir edir. İlk növbədə belə insanların öz vicdanı buna yol verməməlidir, əks halda bu cür xaotik fikir yayan insanlarla bağlı ölçü götürülməlidir”.