ABŞ Yaxın Şərqdəki vətəndaşlarına xəbərdarlıq etdi


ABŞ Səudiyyə Ərəbistanındakı səfirliyi vasitəsilə Yaxın Şərqdə yaşayan və ya səfərdə olan vətəndaşlarını bölgədə artan gərginlik fonunda ehtiyatlı olmağa çağırıb.

Turkustan.az xəbər verir ki, səfirliyin yaydığı təhlükəsizlik xəbərdarlığında Yaxın Şərqdə gözlənilməz eskalasiya ehtimalının olduğu bildirilib. ABŞ vətəndaşlarına mümkün uçuşların ləğvi, hava məkanının bağlanması və digər səyahət məhdudiyyətlərinə hazır olmaları tövsiyə edilib.

Bəyanatda həmçinin Yaxın Şərqdən kənarda yerləşən ABŞ diplomatik nümayəndəliklərinin də potensial hücumların hədəfinə çevrilə biləcəyi qeyd olunub. İran və onun dəstəklədiyi qrupların ABŞ və ABŞ-la əlaqəli obyektləri, şirkətləri və qurumları müxtəlif ölkələrdə hədəfə ala biləcəyi barədə xəbərdarlıq edilib.

Xəbərdarlıq ABŞ-ın sentyabrın 1-də İranın cənubundakı İnqilab Keşikçiləri Korpusuna (İİKK) aid hədəflərə zərbələr endirməsindən sonra verilib. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) əməliyyatın başa çatdığını açıqlayıb.

İranın cənubundakı zərbələr nəticəsində ən azı 18 nəfərin öldüyü, 76 nəfərin yaralandığı bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ