Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində dünya liderlərinin görüşləri və ikitərəfli təmasları diqqət mərkəzində olub. Görüşlər zamanı regional təhlükəsizlik, iqtisadi və enerji əməkdaşlığı, nəqliyyat məsələləri, eləcə də qlobal geosiyasi proseslər ətrafında fikir mübadiləsi aparılıb.
Zirvə çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya Prezidenti Vladimir Putin arasında da görüş keçirilib. Liderlər Türkiyə-Rusiya münasibətləri ilə yanaşı, Qara dənizdəki vəziyyət, Ukrayna məsələsi və iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Maraqlıdır görəsən, Bişkek görüşləri hansı geosiyasi mesajları ortaya qoyur? Putin-Ərdoğan dialoqunun regiona və beynəlxalq münasibətlərə təsiri nə olacaq?
Turkustan.az mövzu ilə bağlı sualları politoloq Tural İsmayılova ünvanladı.

Tural İsmayılov
Bişkekdə görüşün keçirilməsi sadəcə diplomatik protokol hadisəsi deyil, həm də ciddi siyasi və geosiyasi mesaj daşıyır. Məhz Mərkəzi Asiyanın siyasi mərkəzlərindən birində belə təmasın baş tutması Türkiyənin regiona artan marağını və türk dünyası ilə yanaşı Rusiya, Çin və digər güc mərkəzləri ilə paralel münasibətlər qurmaq strategiyasını nümayiş etdirir. Ankara bununla göstərir ki, öz xarici siyasətini yalnız Qərb və ya yalnız Şərq çərçivəsində məhdudlaşdırmaq niyyətində deyil. Bişkek platforması Türkiyənin Avrasiya geosiyasətində daha fəal və müstəqil aktor kimi çıxış etmək imkanlarını da gücləndirir.
Ərdoğan və Putin arasındakı dialoq isə Türkiyənin çoxvektorlu xarici siyasətinin mühüm elementlərindən biridir. Ankara Moskva ilə münasibətlərdə rəqabət və əməkdaşlığı paralel şəkildə idarə etməyə çalışır. Enerji, ticarət, nəqliyyat, turizm və regional təhlükəsizlik məsələləri Türkiyə-Rusiya münasibətlərinin praktiki əsaslarını təşkil edir. Digər tərəfdən, iki ölkənin Suriya, Qara dəniz və Ukrayna kimi məsələlərdə fərqli mövqeləri mövcuddur. Buna görə də Ərdoğan-Putin dialoqu yalnız əməkdaşlıq deyil, həm də fikir ayrılıqlarının idarə olunması mexanizmi kimi əhəmiyyətlidir.
Bu görüş Türkiyənin xarici siyasətində strateji manevr imkanlarını genişləndirə bilər. Ankara Qərblə münasibətlərini qorumaqla yanaşı Moskva ilə birbaşa dialoq kanallarını açıq saxlayaraq özünü regional proseslərdə vacib vasitəçi və balanslaşdırıcı aktor kimi təqdim edir. Türkiyə üçün əsas məsələ hansısa güc mərkəzinin yanında dayanmaq deyil, müxtəlif tərəflərlə münasibətlərdən milli maraqlarına uyğun şəkildə istifadə etməkdir.
Burada Azərbaycan amilini də nəzərdən qaçırmaq olmaz. Türkiyənin Mərkəzi Asiyaya marağının artması Azərbaycan üçün də əlavə imkanlar yaradır. Bakı-Ankara münasibətləri, Türk Dövlətləri Təşkilatı, Orta Dəhliz və regional nəqliyyat layihələri Türkiyənin Avrasiya strategiyasının mühüm dayaqlarıdır. Azərbaycan isə bu prosesdə Türkiyə ilə Mərkəzi Asiya arasında mühüm geosiyasi və nəqliyyat bağlantısı rolunu oynayır.
Nəticə etibarilə Ərdoğan-Putin görüşünün əsas mesajı budur: Türkiyə xarici siyasətdə seçim qarşısında qalmaqdan çox, seçim imkanlarını artırmağa çalışır. Ankara həm Qərblə strateji əlaqələrini qorumaq, həm Rusiya ilə dialoqu davam etdirmək, həm də Mərkəzi Asiyada və türk dünyasında öz təsir imkanlarını genişləndirmək istəyir. Bu yanaşma Türkiyənin regional gücdən qlobal miqyasda daha çevik və təsirli geosiyasi aktora çevrilməsi istiqamətində mühüm vasitədir.
Aytən Yaşar/ Turkustan.az