ABŞ və İran arasında gərginlik hər keçən gün daha da artır. Vaşinqton bir tərəfdən Tehrana qarşı sərt bəyanatlar səsləndirir, digər tərəfdən isə diplomatik kanalların açıq qaldığını bildirir.
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazının taleyi ilə bağlı yaxın 24-48 saat ərzində razılaşmanın əldə oluna biləcəyini desə də, İran rəsmiləri Vaşinqtonla hər hansı anlaşmanın və ya birbaşa danışıqların aparıldığını qəti şəkildə inkar edirlər.
Tərəflərin bir-birini təkzib edən bu açıqlamaları regionda diqqət mərkəzinə çevrilib. Bir tərəf razılaşmanın yaxın olduğunu iddia edir, digər tərəf isə bunu rədd edir. Bu ziddiyyətli mesajlar pərdəarxasında gizli diplomatik təmasların aparıldığı, yoxsa tərəflərin qarşılıqlı siyasi və psixoloji təzyiq taktikasından istifadə etdiyi sualını gündəmə gətirir.
Bəs Vaşinqton və Tehran arasında əslində nə baş verir və bu ziddiyyətli bəyanatların arxasında hansı strateji hesablar dayanır?
Turkustan.az bu sualları politoloq Tural İsmayılova və Məhəmməd Əsədullazadəyə ünvanladı.

Tural İsmayılov
Burada diplomatiya ilə informasiya mübarizəsi paralel şəkildə gedir. Donald Trampın danışıqların davam etdiyi və razılaşmanın mümkün olduğu barədə mesajları həm beynəlxalq ictimaiyyətə, həm də daxili auditoriyaya ABŞ-ın diplomatik təşəbbüsü əlində saxladığını göstərməyə hesablanıb. Tehran isə sərt ritorikanı qorumaqla güzəştə gedən tərəf görüntüsü yaratmaq istəmir və danışıqların şərtlərini öz maraqları çərçivəsində formalaşdırmağa çalışır.
Hazırkı mərhələdə tərəflərin müəyyən dolayı təmaslar aparması istisna deyil. Ancaq bu, onların strateji razılaşmaya yaxınlaşdığı anlamına gəlmir. ABŞ və İran arasında etimad böhranı, nüvə proqramı, sanksiyalar, regional təhlükəsizlik və qarşılıqlı öhdəliklər kimi fundamental problemlər hələ də həll olunmayıb. Bu səbəbdən ziddiyyətli açıqlamalar daha çox diplomatik təzyiq aləti və psixoloji üstünlük qazanmağa hesablanmış informasiya strategiyasının tərkib hissəsi kimi görünür. Yəni yaxın perspektivdə tammiqyaslı razılaşmadan çox, tərəflərin mövqelərini möhkəmləndirməyə yönəlmiş siyasi oyun müşahidə olunur.

Məhəmməd Əsədullazadə
ABŞ Prezidenti Donald Trampın İrana qarşı genişmiqyaslı zərbə endirmək planını dayandırması təsadüfi görünmür. Rəsmi məlumatlarda da qeyd olunduğu kimi, İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə, Pakistan və Oman rəsmiləri ilə telefon danışıqları aparıb və Tehranın diplomatik həll yollarına açıq olduğu mesajı verilib.
Mən hesab edirəm ki, tərəflər arasında müəyyən razılaşma mövcuddur və danışıqlar davam edir. İran birinci müharibə dövründə də ABŞ ilə hər hansı razılaşmanın olduğunu dəfələrlə təkzib edirdi. Lakin sonradan dünyanın gözü qarşısında prezidentlər arasında memorandum imzalandı. Bu, Tehranın ictimai açıqlamaları ilə pərdəarxası diplomatiyanın fərqli ola biləcəyini göstərdi.
Bu dəfə də Trampın hərbi əməliyyatları dayandırması və planlaşdırılan sarsıdıcı zərbəni endirməməsi mənə görə İranın Vaşinqtonun irəli sürdüyü bəzi şərtləri qəbul etməsi ilə bağlıdır. Trampın indiyədək nümayiş etdirdiyi prinsipial mövqeyi nəzərə alınarsa, onun yalnız region ölkələrinin və ya Səudiyyə Ərəbistanının çağırışları ilə bu qərarı verdiyini düşünmürəm.
Ehtimal edirəm ki, Vaşinqton hazırda danışıqların nəticəsini gözləyir. Əgər razılıq əldə olunmasa, ABŞ-ın İrana qarşı növbəti hərbi zərbə endirməsi də istisna deyil.
İran rəsmiləri, xüsusilə Xarici İşlər Nazirliyinin sözçüsü, keçirdiyi mətbuat konfranslarında və televiziya müsahibələrində ABŞ ilə heç bir danışığın aparılmadığını və razılaşmanın olmadığını bildirirlər. Lakin mən bu bəyanatların reallığı tam əks etdirmədiyini düşünürəm. Hesab edirəm ki, danışıqlar gedir və İran hökuməti müəyyən razılaşmalara müsbət yanaşır. Əsas məsələ bu razılaşmaların SEPAH tərəfindən qəbul olunub-olunmayacağıdır.
Diqqətçəkən məqamlardan biri də Prezident Məsud Pezeşkianın sosial şəbəkədəki paylaşımıdır. O bildirib ki, ABŞ ilə əldə olunacaq razılaşma İranın gələcəyi, qonşu ölkələrlə münasibətlərin normallaşması və regionda sabitliyin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Bu açıqlama da göstərir ki, Tehran daxilində diplomatik həll variantına maraq var.
Bununla belə, əsas sual SEPAH-ın bu prosesi dəstəkləyib-dəstəkləməyəcəyidir. Əgər sərt xətt tərəfdarları razılaşmaya mane olsalar, danışıqların nəticəsi yenidən risk altına düşə bilər.
Aytən Yaşar/ Turkustan.az