Əkbər QOŞALI
Cəlilabadda yaşayıb-yaradan şair dostum-qardaşım Əlirza Həsrətin Naxçıvanda boya-başa çatmış şəhid baş leytenant Yusif Vəliyevə ad etdiyi “Təyyarəçi nəğmələri” haqqında bu ilin may ayında yazmışdım; bəli, “Təyyarəçi nəğmələri” çağdaş Azərbaycan poeziyasında həm dastan-poema gələnəyinin davamı, həm də Vətən savaşının mənəvi-estetik salnaməsi kimi diqqəti çəkir. Poetik yükü yalnız bir qəhrəmanın taleyi ilə sınırlanmayan, Vətən, sevgi, ayrılıq, şəhidlik, milli yaddaş kimi yüksək mövzuları bütöv bir poetik sistem içində təqdim edən əsərin ikinci qəhrəmanının özü də yazardı... Söhbət Arzu Nehrəmlidən gedir. Bu yazıda onun “Sonluğu olmayan rəqs”indən söz açacağıq.
Deyir, bəzən bir yazıçının doğulduğu yer onun özkeçmişində sadəcə coğrafi göstərici olur; bəzən isə doğulduğun yer yazdığın hər cümlənin, necə deyərlər, gizli ünvanına çevrilir…
Məncə, Arzu Nehrəmli ikinci qəbildən olan yazıçıdır.
Onun adındakı “Nehrəmli”ni yalnız təxəllüs, nisbə, mənsubiyyət bildirən söz kimi oxumaq azdır.
Nehrəm sanki bir kəndin adından çıxaraq yaddaş coğrafiyasına çevrilir. İnsan doğulduğu yerdən uzaqlaşa bilər, bəs doğulduğu yer insandan uzaqlaşarmı?.. – Yox! – Torpaq insanın ayağından qopar, yaddaşından qopmaz!..
Bax, elə buna görə də Arzu Nehrəmlinin yaradıcılığını oxuduqca bir qəribə genişlənmə müşahidə olunur: Nehrəm Naxçıvana, Naxçıvan bütöv Azərbaycana, Azərbaycan isə böyük Türk dünyasına açılır. Bu genişlənmə xəritənin böyüməsi olmur yalnız; anlamın dərinləşməsidir bu...
Asif Ata deyirdi, “milli olmayan bəşəri ola bilməz”.
Yerli olan milli olur, milli olan ümumtürk yaddaşına qovuşur. – Bəlkə də Arzu xanımın yaradıcılığının əsas kulturoloji düsturu elə budur.
Bəs yurdun kiçiyi varmı?..
Biz öz könül dostlatımızla danışanda Naxçıvana sevgiylə “Kiçik torpaq” deyirik.
Doğrudan, torpağın, Vətənin kiçiyi olurmu?
Örnəyi, Nehrəm, Azərbaycan xəritəsində böyük ərazi sayılmaz; ancaq insan yaddaşının miqyası kilometrlə ölçülmür axı. Bir uşaqlıq həyəti bəzən bütöv materikdən böyükdür. Bir ana məzarı dünyanın bütün coğrafiyalarından ağır gəlmirmi?... Bir kənd yolu dünyanın ən uzun magistralından uzağa – keçmişə aparır…
“Təyyarəçi nəğmələri”nin əsas qəhrəmanı Yusif Vəliyevə könül vermiş Arzu Nehrəmlinin nəsrində də belədir.
Məhlə, ev, çardaq, çarpayı, kənd adamı, qonşu, ana, bacı, uşaq, qəzet-jurnal, məktub, məzar, qızılgül… Bunlar ilk baxışda ev-eşiyin, kəndin, məişətin atributlarıdır; lakin müəllif onları yaddaşın işarələrinə çevirir.
Beləcə, məişət mədəniyyətə keçir.
Ədəbiyyatın böyük möcüzələrindən biri də elə budur: adi olanı anlamlandırmaq!..
Arzu Nehrəmli monumental görünmək üçün monumental hadisə axtarmır. Onun monumenti bəzən bir ananın sözüdür, bəzən bir uşağın hərəkəti, bəzən köhnə bir jurnal, bəzən bir məktub, bəzən də məzar üstünə qoyulmuş çiçək…
Çünki insan ömrünün həqiqi arxivi dövlət arxivlərində bulunmur yalnız.
Evlərin də arxivi var…
Anaların yaddaşı da bir arxivdir…
Kəndlərin danışığı… qəbirlərin sükutu da…
“Sonluğu olmayan rəqs” – hələ bir adın fəlsəfəsinə baxın… – Kitabın adı ayrıca düşüncə tələb edir.
Rəqs nədir? – Hərəkətdir. Ritmdir.
Döngüdür.
Bir nöqtədən çıxıb başqa nöqtəyə keçmək, sonra yenidən özünə qayıtmaqdır rəqs.
Təsadüfi deyil, kitabın ilk mətninin adı “Hərəkat”, ardınca gələn mətnin adı isə “Sonluğu olmayan rəqs”dir.
Budur, istər-istəməz bir anlam ardıcıllığı yaranır: hərəkət – ritm – yaddaş – həyat.
İnsan dayananda belə həyatın rəqsi davam edir. Bir nəsil gedir, o biri gəlir. Ana qızda, ata oğulda, baba nəvədə davam edir.
Rəhmətlik Ələkbər Salahzadənin ünlü şeirini yada salaq:
Bir də gördün beşikdi adam,
Bir də gördün bəbədi,
Bir də gördün uşaqdı adam,
Bir də gördün babadı.
Bir də gördün oğuldu adam
Bir də gördün atadı.
Bir də gördün yox oldu adam
Bir də gördün fotodu.
Bir də gördün oddu adam
Bir də gördün ot oldu.
Bir də gördün adamdı adam
Bir də gördün ad oldu…
“…Həyat sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər bu dünyada qəlbini qoydu getdi…” – bu isə rəhmətlik Bəxtiyar Vahabzadənindir.
Bəli, ölən insan anılara keçir, anılar sözə, söz kitaba…
Deməli, ölüm belə mütləq son deyil.
Arzu Nehrəmlinin dünyasında sanki həyatın ən faciəli məqamlarında belə bir davamlılıq duyulur.
Bax, bunu Şəkərlə bağlı səhifələrdə özəlliklə aydın görürük.
Gənc ana artıq yoxdur. Məzar var. Məzarın üstünə gələn körpə var. Sonra həmin körpənin böyüməsi var. Nəvələr var…
Bir yerdə müəllifin söylədiyi fikir həmin fəlsəfəni son dərəcə sadə şəkildə açır: məzar artıq “nənə məzarı”na çevrilib.
İnsan getmişdir.
Amma münasibət yaşayır.
Budur sonluğu olmayan rəqs, budur…
Hələ-hələ ana məzarı və isti torpağı düşünün…
Kitabın ən təsirli məqamlarından birində isti körpə nəfəsi ilə soyuq məzar daşı üz-üzə qoyulur.
Bunun sadəcə emosional səhnə olmadığı bəllidir.
Burada iki böyük substansiya qarşılaşır: həyat və ölüm! Olum–ölüm mövzusu haçan tükənib ki?..
Körpənin nəfəsi – gələcəkdir. Məzar – keçmiş… Onların arasında isə qara torpaq dayanır. Qara da olsa, isti ya soyuq olsa, yenə Vətən torpağıdır...
Müəllif yazır, körpə ilə ananın arasına isti Vətən torpağı tökülüb.
Bu ifadə Arzu Nehrəmlinin vətəncanlılığını anlamaq üçün açar sayıla bilər.
Diqqət edin: torpaq soyuq deyil. Dilimizdə belə deyim var axı: Torpağın üzü soyuüdur…
Məzar soyuqdur, daş soyuqdur, quzey buzu soyuqdur – Vətən torpağı isə istidir.
Çünki Vətən burada siyasi termin sayılmır.
Vətən ananı balaya bağlayan son vasitədir.
Bu məqamda vətən sevgisi pafosdan çıxaraq ontoloji anlam qazanır: insan Vətənə yaşamaqdan o yana… – ölüsünü də ona əmanət etdiyi üçün bağlıdır.
Bəlkə torpağa “Ana Vətən” deməyimizin ən dərin səbəblərindən biri də elə budur?..
Ana bizi dünyaya gətirir.
Torpaq bizi özünə qaytarır.
İnsan bu iki ana arasında yaşayır.
Arzu Nehrəmlinin nəsrində qadın dünyası ayrıca diqqət istəyir.
Burada qadın yalnız obraz olaraq görünmür. – Yaddaşın daşıyıcısıdır o.
Ana, bacı, qız, rəfiqə, nənə…
Bunların hər biri ailə tarixinin görünməyən salnaməçisidir.
Rəsmi tarix dövlətlərin tarixini yazır; ailə yaddaşı isə insanın tarixini qoruyur.
Rəsmi tarixdə illər, qərarlar, savaşlar, sınırlar vardır. Ailə tarixində isə:
“o gün belə demişdi”;
“bu paltarı geyinmişdi”;
“bu məktubu göndərmişdi”;
“bu çiçəyi sevirdi”;
“bu küçədən keçmişdi”…
Tanışdır, elə deyilmi?..
Böyük tarix çox zaman insanı rəqəmə çevirir.
Ədəbiyyat isə rəqəmi yenidən insana qaytarır.
Arzu Nehrəmlinin gördüyü işin önəmli tərəflərindən biri budur.
Hə, gəldik çıxdıq, Moskva və Təbriz arasında bir insan yığvalına…
Kitabın müəyyən səhifələrində bu iki şəhərin adı özəl semantik yük qazanır.
Bunlar sadəcə şəhər adları olmaqdan çıxır.
Moskva – uzaqlıq, soyuqluq, gərginlikdir…
Təbriz! Təbriz isə – bir başqadır. Budur, doğma Təbrizə üz tutan yol ana məzarına gedir…
Bir yanda imperiya coğrafiyasının mərkəzi, o biri yanda tarixi-mədəni yaddaşın şəhəri…
Və onların arasında insan.
Bu qarşılaşdırmanı süni şəkildə siyasiləşdirməyə ehtiyac yoxdur. Mətnin öz iç temperaturu yetərlidir: “quzey buzu” ilə “isti Vətən torpağı” arasındakı fərq özü danışır...
Beləcə fərdi tale birdən-birə böyük tarixi coğrafiyanın içində görünür.
Arzu Nehrəmlinin üstünlüklərindən biri də budur: böyük tarixi kiçik insan taleyinin içindən göstərmək…
Bir də, “Mənim Arzum! Sənin Yusifin!” nidası var axı!..
“Uzağa gedən gün”də tamam başqa bir rəng açılır.
Qızılgüllər… Vertolyot… Məhəlləyə səpələnən vərəqlər… Və vərəqlərdə:
“Mənim Arzum! Sənin Yusifin!”
İlk baxışda romantik jestdir.
Sonra illər keçir. Qızılgüllər anıya çevrilir. Hərbi geyim qalır. Çanta qalır.
Qoxu qalır. İnsan isə… yoxdur…Burada zaman çox qəddar redaktordur: həyatın əvvəlində romantik görünən səhnəni illər sonra faciənin proloquna çevirir.
Müəllif həmin geyimləri qucaqlayır, qoxlayır…
Və bir vaxtlar havadan səpilmiş qızılgüllərin iki solğun qalığı ilə qarşılaşır.
Qırmızı sarıya dönüb.
Bundan daha sadə və daha ağır zaman metaforu varmı?
Gül solur, anılar solmur.
O iki qızılgül artıq botanikanın yox, yaddaşın predmetidir. Qızılgül burada sevgidən başlayıb itkinin simvoluna çevrilir.
Müəllifin son cümləsi başlanğıcı yenidən qaytarır:
“Mənim Yusifim, sənin Arzunam!”
Beləcə zaman çevrə vurur.
Yenə rəqs…
Yenə başlanğıca dönüş…
Yenə sonluğu olmayan rəqs…
Harda qalmışdıq?..
Naxçıvan – yaddaşın sınır coğrafiyasımı?..
Arzu Nehrəmlini Naxçıvan mühitindən ayıraraq oxumaq çətindir.
Naxçıvan Azərbaycan mədəniyyətində yalnız inzibati ərazi kimi oxunmur; o, çoxqatlı tarixi yaddaş məkanıdır.
Duz yaddaşı…
Əshabi-Kəhf yaddaşı…
Gəmiqaya yaddaşı…
Araz yaddaşı…
Möminə Xatun, Memar Əcəmi yaddaşı, Atabəylər…
Dədə-baba yurdu yaddaşı…
Naxçıvanın coğrafiyası özü insanı tarixlə danışmağa məcbur edir.
Burada dağ yalnız dağ, çay yalnız çay, sınır da yalnız sınır deyil.
Arazın bir qıyısında dayanıb o biri qıyısına baxmaq belə insanı coğrafiyadan tarixə keçirir.
Bu anlamda Arzu Nehrəmlinin yaradıcılığında görünən Təbriz duyğusu təsadüfi sanıla bilməz.
Naxçıvandan Təbrizə baxış bir başqa baxışdır.
Burada məsafə kilometrlə ölçülmür.
Arazın iki qıyısı bəzən bir ulusun yaddaşının iki səhifəsi kimi görünür.
Bax, bu nöqtədə Arzu Nehrəmlinin lokal yaddaşı Bütöv Azərbaycan düşüncəsinə doğru genişlənir.
Bütöv Azərbaycan düşüncəsini yalnız siyasi kateqoriya kimi oxumaq onun mədəni miqyasını daraltmaq olardı.
Bütövlük ilk növbədə yaddaş hadisəsidir.
Dil bütövdür. Bayatı, muğam bütövdür. Arazın bu tayında deyilən söz o tayda anlaşılır. Bir ananın ağısı sınırda pasport göstərmir… Bir saz havasını gömrük saxlaya bilmir…
Ədəbiyyatın siyasi sınırlardan böyük olduğu yer bax, buradır.
Arzu Nehrəmlinin yaradıcılığında da Bütöv Azərbaycan ideyası ilk növbədə bu mədəni bütövlük şəklində duyulur.
Nehrəm bunun bir nöqtəsidir.
Naxçıvan çevrəsidir.
Azərbaycan böyük çevrədir.
Lakin çevrələr burada bitmir.
Azərbaycan harada bitir, Türk dünyası harada başlayır?.. –
Bəlkə sual özü yanlışdır.
Azərbaycanın mədəni yaddaşının müəyyən qatlarında Türk dünyası artıq başlayıb.
Dilimizdə başlayıb.
Dastanımızda, sazımızda, atalar sözümüzdə, ana laylamızda, yurd anlayışımızda, qonaq qarşılamağımızda...
Ölüyə yas tutmağımızda, diriyə alqış etməyimizdə başlayanlar, görünənlər, bilinənlər, deyilənlər nədir bə?...
Bax, elə bu səbəbdən Nehrəmdən Türk dünyasına getmək üçün mədəni anlamda sınır keçməyə ehtiyac yoxdur.
Türk dünyası Nehrəmin özündə də vardır.
Necə Gəncədə, Şəkidə, Təbrizdə, Qarsda, Türküstanda, Kazanda, Daşkənddə, Bişkekdə, Almatada, Astanada, Aşqabatda, Ankarada ortaq yaddaşın müxtəlif çalarları yaşayır.
Türk dünyasının böyüklüyü eynilikdə deyil.
Qohum fərqliliklərindədir o böyüklük.
Nehrəmin öz danışığı olsun, Naxçıvanın öz nəfəsi,
Qazaxın öz səsi,
Anadolunun öz ahəngi,
Türküstanın öz çöl küləyi,
Saxa-Yakutiyanın öz qarı…
Bunları birləşdirən şey hamısını eyniləşdirmək ola bilməz deyirik; deyirik, əsas məsələ hamısının altında yaşayan ortaq mədəni kodu tanımaqdır.
Arzu Nehrəmlinin lokal insan hekayələrinin ümumtürk müstəvisində maraqlı görünə bilməsinin səbəbi də bax budur.
Ana hər yerdə ana, yurd hər yerdə yurddur.
Həsrət bütün türk dillərində başqa-başqa səslənsə də, eyni yeri ağrıdır.
İndi isə gəlin vətənpərvərlikdən vətəncanlılığa yumşaq keçid edək.
Vətənpərvərlik deyirik. – Doğru, gözəl sözdür. Amma bəzən mənə elə gəlir, ədəbiyyatın ifadə etdiyi münasibət bundan da içəridədir, bundan daha doğmadır.
Mən buna vətəncanlılıq deyərdim.
Vətəni sevmək bir duyğudursa, Vətənlə canlı olmaq bir haldır.
Vətənpərvərlikdə insan Vətəni sevir, vətəncanlılıqda isə Vətən insanın içində yaşayır. – Onun danışığında, anısında, anasının adında, məzar daşında, sevgisində, ağrısında, yazısında…
Arzu Nehrəmlinin nəsrində mən məhz belə bir vətəncanlılıq görürəm.
Burada Vətən haqqında hər səhifədə “Vətən!” deyə hayqırılmır.
Buna ehtiyac da yoxdur. Çün əsl vətən duyğusu bəzən ən sakit cümlədə yaşar...
İsti Vətən torpağı… Ana məzarı…
Təbrizə gedən yol… Kənd məhəlləsi… İllər sonra tapılan iki qızılgül…
Bunların hər biri özlüyündə Vətən haqqında uzun nitqdən güclü ola bilir.
Deyərlər, xalq danışığı – yazılı mətnin qan dövranıdır. Arzu Nehrəmlinin nəsrinin başqa bir önəmli yönü onun danışıq dilinə münasibətidir.
Personajlar kitab dili ilə danışmır.
Onlar yaşadıqları kimi danışır.
Məhəlli ifadə, zarafat, acı dil, şirin dil, nida, uzadılmış səslər, ailəiçi müraciətlər mətnə özəl canlılıq gətirir.
Bəzən ədəbi mətn dili “təmizləmək” istəyir; amma həddən artıq təmizlənmiş dil “steril” ola bilər.
Ulusun danışığı isə dilin torpağıdır.
Orada sözün üstündə həyatın tozu var. Arzu Nehrəmli həmin tozu silib atmır… Sanki tutiyə bilir…
Bu özəllik onun nəsrinə həm etnoqrafik, həm də kulturoloji dəyər qazandırır. Çün gələcək nəsillər üçün olaylardan daha çox, insanların necə danışdığı da mədəni yaddaşdır.
Dil ulusun görünməyən muzeyidir.
Yazıçı həmin muzeydən əşyaları çıxarıb vitrinə düzmür; onları yaşadıqları evdə göstərir.
Bu daha qiymətlidir.
Gül, daş, torpaq, məktub kimi…
Arzu Nehrəmlinin mətnlərində bəzi predmetlər adi əşya olmaqdan çıxır.
Gül. Daş. Torpaq. Məktub. Geyim. Şəkil. Qəzet. Çanta… – Hamısı yaddaş daşıyıcısına çevrilir.
Mədəniyyət yalnız böyük abidələrdən ibarət deyil axı.
Bir ulusun mədəniyyəti onun anma üsuludur həm də.
Biz ölülərimizi necə anırıq?
Anamızı necə çağırırıq?
Uşaqlığımızı hansı əşya ilə yad edirik?
Sevdiyimizin yoxluğunu hansı sözlə ifadə edirik?
Arzu Nehrəmlinin mətnləri bu baxımdan bir növ mikroyaddaş antropologiyasıdır.
Böyük anlayışlar kiçik əşyaların içində yaşayır.
Bir qızılgülün içində sevgi… Bir məzar daşında ana… Bir hərbi geyimdə ayrılıq… Bir məktubda ömür… Bir kənd adında Vətən…
“Sonluğu olmayan rəqs”in içəriyinə göz atmaq belə müəyyən poetik xəritə yaradır:
“Hərəkat”, “Sonluğu olmayan rəqs”, “Arxip baba yox, Yaqub baba və…”, “Sarıçiçək”, “Paqonlu ruh”, “Qarmon”, “Köhnə ünvan”, “Konsert”, “Analar marşrutu”, “Mənə nar”, “Atasına oxşayan qız”, “İtmiş kitab”, “Oğrum”, “Sınıq”, “Bir igid var idi…”, “Xarab”, “34 il sonra”, “Əsgərə məktub”, “Dərs”, “Uzağa gedən gün”…
Bu adların özündə belə… həyat trayektoriyası vardır.
Uşaqlıq. Ailə. Musiqi. Ünvan. Ana. Ata. Əsgər. İtki. Geri dönüş. Anılar...
Kitab sanki ayrıca hekayələrin toplusundan daha çox, parçalanmış bir ömrün vahid yaddaş romanıdır.
Hekayələr dəyişir, insanlar dəyişir; amma yaddaşın danışan səsi dəyişmir. O səs kitabın görünməyən baş qəhrəmanıdır.
Əfəndim, bə sonluğu olmayan nədir?
Rəqsmi? Yaddaşmı? Sevgimi? Vətənmi? – Bəlkə hamısı?..
İnsan ömrü sonludur. Bunu bilirik.
Amma insan yalnız bioloji varlıq deyil axı.
İnsanın sözü var. Övladı var. Anısı var. Yurdu var. Dili var. Mədəniyyəti var. – Bunlar fərdi ömrü aşmazmı ola?..
Bəlkə, mədəniyyətin ən böyük sirri də elə budur: fani insanın içindən qeyri-fani anlamlar yaratmaq.
Arzu Nehrəmlinin yazılarında ölənlər tez-tez qayıdır.
Anılarda qayıdırlar. Sözlə qayıdırlar.
Güllə qayıdırlar. Məktubla qayıdırlar.
Bir uşağın sifətində qayıdırlar.
Bir köhnə ünvanla… Bir mahnıyla…
Bir qoxuyla… Və beləcə həyatın rəqsi davam edir.
Nehrəm bir başlanğıcdır…
Nehrəmli olmaq Azərbaycanlı olmağın kiçilməsi deyil; onun konkretləşməsidir. Azərbaycanlı olmaq da Türk dünyasına mənsubiyyətin itməsi deyil; onun özünəməxsus, zəngin bir ifadəsidir.
Böyük mədəniyyət kiçik yurdları udmamalıdır. Onları böyütməlidir.
Nehrəmdən Turana neçə kilometrdir? Belə sualın coğrafi cavabı yoxdur. Çünki Turan yalnız xəritədə axtarılan ünvan deyil.
Əgər Turanı ortaq tarixi yaddaş, dil qohumluğu, mənəvi yaxınlıq və mədəni tale kimi anlayırıqsa, Nehrəmlə onun arasında məsafə bəzən bir söz qədərdir.
“Yurd” deyirsən – yaxınlaşır.
“Ana” deyirsən – daha da yaxınlaşır.
“Torpaq” deyirsən… “Dədə”… “Bala”… “Vətən”… Və birdən görürsən, kilometrlərlə ölçdüyümüz coğrafiyanın altında sözlə ölçülməyən başqa bir coğrafiya yaşayır: Ruh coğrafiyası!
Arzu Nehrəmlinin yaradıcılığı məhz həmin coğrafiyanın kiçik, səmimi, ağrılı, bəzən gülüşlü, bəzən gözyaşlı xəritələrindən biridir.
O anının başlanğıcında Nehrəm, sonra Naxçıvan görünür. Araz görünür, Təbriz, Bütöv Azərbaycan görünür. Ardınca böyük Türk dünyasının üfüqləri açılır…
Amma üfüq uzaqlaşdıqca Nehrəm kiçilmir, böyüyür. Çün doğma yerin böyüklüyü insanın ondan dünyaya nə qədər geniş baxa bilməsindədir.
Arzu Nehrəmlinin sözündə də bu baxışın işartıları var: doğulduğun torpağa sədaqət göstərərək daha böyük mədəni coğrafiyaya açılmaq; öz kəndinin yaddaşını qoruyaraq ümummilli yaddaşa xidmət etmək; Azərbaycan duyğusunu yaşadaraq ortaq Türk dünyasının mənəvi xəritəsində öz ünvanını tanımaq…
Və sonda yenə kitabın adına qayıdırıq.
“Sonluğu olmayan rəqs”…
İnsan gedir, yurd qalır; ana gedir, layla qalır; əsgər gedir, məktub qalır; sevən gedir, iki solmuş qızılgül qalır.
Nəsillər dəyişir, yaddaş ötürülür.
Söz söylənir, başqa ürəkdə yenidən doğulur.
Bəlkə elə ədəbiyyatın özü sonluğu olmayan rəqsdir?..
Bir yazıçının qələmindən çıxan sözün başqa bir insanın yaddaşında hərəkətə davam etməsidir ədəbiyyat.
Və əgər o sözün ayağı doğma torpağa möhkəm basıbsa, üzü dünyaya – böyük mədəni üfüqlərə, ordan da üfüqötəsinə baxa bilər.
Arzu Nehrəmlinin yaradıcılığında gördüyümüz yol da elə budur. Çün böyük yolçuluqların qəribə bir qanunu var: insan dünyanı dolaşıb axırda öz başlanğıcının anlamını daha yaxşı anlayır.
Sonluğu olmayan rəqs də bəlkə budur – özündən dünyaya, dünyadan özünə doğru bitməyən yol…