Prezidentin seçimi təsadüfi deyildi - "İstisu"nun "Borjomi"dən BÖYÜK ÜSTÜNLÜYÜ


Azərbaycan Prezidenti İlham Əliyevin Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT plyus” formatı çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşü zamanı nümayiş etdirdiyi jest tədbirin ən yaddaqalan hadisələrindən idi. Masada məşhur “Borjomi” suyu olsa da, Azərbaycan Prezidenti iranlı həmkarına Kəlbəcərdə istehsal olunan “İstisu”nun dadına baxmağı təklif etdi.

“Azərbaycan suyunun dadına da baxın! Burada əla “İstisu” suyu var. Mən özümlə gətirmişəm”, - deyə İlham Əliyev bildirib. Daha sonra Prezident “İstisu”nu özü süzərək Pezeşkiana təqdim edib.

Görüşdə yaşanan bu an sadəcə səmimi bir dialoq deyil, “İstisu”nun Azərbaycan üçün yalnız mineral su deyil, həm də milli brend kimi təqdim edilməsi, marketinqi baxımından da önəmlidir. Üstəlik, söhbətin kontekstində maraqlı bir detal var: "Borjomi" artıq onilliklərdir Qafqazın ən tanınmış mineral su brendlərindən biridir. Bəs Kəlbəcərin "İstisu"su onunla müqayisədə nə ilə fərqlənir?

İstisu niyə Borjomiyə bənzədilir?

Həm “İstisu”, həm də “Borjomi” Qafqazın dağlıq ərazilərindən çıxan, yüksək minerallaşmaya malik təbii mineral sulardır. Lakin onların əsas fərqlərindən biri mineral tərkibinin nisbəti və mənbədən çıxarkən temperaturudur.

Kəlbəcərin “İstisu”su təbii halda təxminən 60-65 dərəcə temperaturda yer səthinə çıxır. Azərbaycan Prezidentinin rəsmi saytında “İstisu” natrium-bikarbonat və sulfatla zəngin mineral su kimi təqdim edilir. Suyun tərkibində kalsium, maqnezium, bikarbonat, sulfat və digər mineral elementlər də mövcuddur.

Bu xüsusiyyət “İstisu”nu sadəcə mineral su deyil, termal mineral su kimi də fərqləndirir. “Borjomi”nin mənbə temperaturu isə təxminən 37-41 dərəcədir. Gürcüstanın coğrafi mənşə sənədində də Borjominin 34-41 dərəcə temperaturda yer səthinə çıxdığı göstərilir.

Mineral tərkibdə əsas fərq

“Borjomi” daha çox hidrokarbonat-natrium tərkibli mineral su kimi tanınır. Onun minerallaşması təxminən 5-7,5 qram/litr təşkil edir; tərkibində natrium və hidrokarbonatlarla yanaşı, kalsium, maqnezium, kalium və digər elementlər var. “İstisu” isə natrium-bikarbonatla yanaşı sulfatla da zəngindir. Mənbə suyunda minerallaşmanın 6,7 qram/litrə qədər çatdığı qeyd olunur.

Beləliklə, iki su arasında mühüm fərq ortaya çıxır: Borjominin əsas xarakterini natrium-hidrokarbonat tərkibi müəyyənləşdirirsə, İstisu həm bu komponentlərlə, həm də sulfat və yüksək temperatur xüsusiyyəti ilə seçilir.

Hansı daha faydalıdır?

Mineral suyun tərkibində hansı elementlərin daha çox olması onun avtomatik olaraq digər sudan “daha faydalı” və ya “daha keyfiyyətli” olması demək deyil. Suyun konkret insan üçün təsiri onun mineral tərkibindən, qəbul miqdarından və şəxsin sağlamlıq vəziyyətindən asılı ola bilər. Lakin mineral tərkibinin zənginliyi, sulfat komponenti və xüsusilə yüksək termal xüsusiyyəti "İstisu"nu "Borjomi"ndən fərqləndirən ciddi üstünlüklərdir.

Başqa sözlə, “İstisu”nun "Borjomi"yə oxşadılmasının səbəbi onun yüksək minerallaşmasıdırsa, onu "Borjomi"yə alternativ edən əsas xüsusiyyətlərindən biri də Kəlbəcər suyunun özünəməxsus termal və mineral profilidir.

İstisu Borjomiyə rəqib ola bilərmi?

“Borjomi” artıq beynəlxalq səviyyədə tanınan, 40-dan çox ölkəyə ixrac edilən köklü mineral su brendidir.

“İstisu” isə uzun fasilədən sonra yenidən istehsala qaytarılan və müasir standartlara uyğun qablaşdırılan Azərbaycan mineral suyudur. Kəlbəcərdə yaradılan zavodun illik istehsal gücü 100 milyon şüşədən çoxdur. Rəsmi məlumata görə, məhsul AZS 216–2006, ISO 9001:2015 və ISO 22000:2018 standartlarına uyğun sertifikatlaşdırılıb.

Bu baxımdan “İstisu”nun qarşısında duran məsələ yalnız "Borjomi" ilə tərkib müqayisəsi aparmaq deyil. Əsas hədəf özünəməxsus Azərbaycan mineral su brendini beynəlxalq bazarda tanıtmaqdır. Prezident İlham Əliyevin Bişkekdə Pezeşkiana məhz “İstisu”nu təqdim etməsi də bu baxımdan simvolik məna daşıyır. Çünki masadakı məşhur brendlərdən birinin əvəzinə Kəlbəcər suyunun təqdim olunması əslində bir mesaj da verir: Azərbaycanın mineral su ehtiyatları yalnız yerli istehlak üçün deyil, beynəlxalq səviyyədə tanıdıla biləcək milli sərvətdir.

“Borjomi” Qafqazda mineral su brendinin dünyada necə tanıdıla biləcəyinin nümunəsidirsə, “İstisu”nun qarşısında indi daha böyük imkan dayanır - öz mineral və termal xüsusiyyətlərini qoruyaraq Azərbaycanın "Borjomi"si deyil, öz adı ilə tanınan dünya brendinə çevrilmək./modern.az


MANŞET XƏBƏRLƏRİ