Susan səslər, danışan baxışlar


İlhamə Qəsəbova
Filologiya üzrə fəlsəfə doktoru, dosent

Mənim bir yolum vardı - düşmənə ölüm, Vətən torpaqlarının azadlığı və bu yolda əlimdən gələni etmək. Amma insanın həyatında elə bir an olur ki, o an hər şeyi dəyişir, gələcəyini başqa bir istiqamətə yönəldir. Mənim həyatımı dəyişən an da belə bir hadisə ilə başladı.

1990-cı ilin sükut dolu mart gecələrindən biri idi. Qazaxın Abbasbəyli kəndində yaşayırdıq. Kəndimizin ortasından Bağanıs Ayrıma gedən yol keçirdi-bu yol təkcə torpağı birləşdirmirdi, insanların talelərini də bir-birinə calayırdı.

O gecə xəbərlər ildırım kimi gəldi: “Bağanıs Ayrımda qətliam olub…” Hamının üzünə qorxu və dəhşət çökmüşdü. Kənd boyu qara xəbər kimi yayılan səs, sanki havanın nəfəsini kəsmişdi. Dedilər ki, yeddi nəfər öldürülüb, üç nəfər yaralanıb. Öldürülənlərin hamısı bir ailənin üzvləri imiş — ana, ata, körpə, nənə... hamısı diri-diri yandırılmışdı.

Ertəsi gün, martın 24-də, kəndin sükutunu motor səsi yardı. Böyük yük maşınları yoldan keçirdi. Kuzalarına saman düzülmüş, üstünə ağ parçalar sərilmişdi. Kənd camaatı paltar dolablarında qara kəlağayı axtarır, kimin ürəyi dayanırdısa, kimin gözləri yaşla dolurdu. Hamı yola çıxmışdı, kim ağlayır, kim susurdu, kim sadəcə baxırdı.

Mən isə o izdihamda balaca bir uşaq idim. İçimdə həm qorxu vardı, həm maraq, həm də anlamadığım bir ağrı. Ayaqlarım öz-özünə məni maşına tərəf apardı. Yavaşca kuzanın yanına dırmaşdım, içəri boylandım…

O anı heç vaxt unuda bilmədim. Tam yanmış, sanki kömürə dönmüş bir qadın meyiti — yanında isə balaca bir uşaq. Elə bil ölüm belə, onları bir-birindən ayıra bilməmişdi.

O mənzərə içimdə bir dünyanı dağıtdı, bir başqasını qurdu. O gündən bəri mənim içimdəki uşaq öldü - yerini Vətən uğrunda döyüşmək arzusu ilə yaşayan bir gənc aldı. Düşmənə nifrətim, torpağa sevgim kimi böyüyürdü.

Sonrakı illər müharibənin tozu, tüstüsü içində keçdi. Dağılan evlər, sığınacaqlarda keçən gecələr, ana nalələri… Biz o illərdə uşaqlıq etmədik - sadəcə böyüdük. Amma mənim üçün hər şey o yolda başladı - Bağanıs Ayrımın yolunda.

İndi illər keçib. Hər dəfə o yolun adını eşidəndə, gözümün önünə o ağ parçalarla örtülmüş kuzalar gəlir. Bəzən düşünürəm: insanın taleyini bəzən bir an, bir baxış, bir alov dəyişir. Mənim taleyimi dəyişən alov isə bir qadının və balaca uşağın sönmüş bədənindən qalxan alov idi - Bağanıs Ayrımın alovu (Hekayə Eldəniz Namazovun uşaqlıq xatirələrini dinləyərək qələmə alınıb).

Bağanıs ayrım. Bağanıs Ayrım kəndi Qazax rayonunun Əskipara inzibati ərazi vahidinə daxil idi. XVIII əsrin əvvəllərində salınmış, əvvəllər Seyid Ayrım adı ilə tanınan bu yaşayış məntəqəsi tarix boyu dəfələrlə hücumlara məruz qalmış və nəticədə sakinləri məcburiyyət qarşısında kəndin ilkin yerini dəyişmişlər. Bu proseslərdə ermənilərin düşmənçilik siyasəti ilə yanaşı, rusların onlara göstərdiyi dəstək də müəyyən rol oynamışdır. Sovet dövründə də bu siyasət davam etdirilmiş, 1984–1985-ci illərdə Qazax rayonuna məxsus 2105 hektar torpaq sahəsi Ermənistana verilmişdir. Nəticədə kənd faktiki olaraq erməni yaşayış məntəqələrinin əhatəsində qalmışdır.

İşğala qədər kənddə təxminən 450 nəfər əhali yaşayırdı. Burada 101 ev və 113 təsərrüfat mövcud idi. Əhalinin əsas məşğuliyyəti maldarlıq və arıçılıq olmuş, şəxsi təsərrüfatlarda 300-dən artıq mal-qara saxlanılmışdır. Kənddə ibtidai məktəb, tibb məntəqəsi, klub, kitabxana və iki mağaza fəaliyyət göstərirdi. Bağanıs Ayrım, Aşağı və Yuxarı Əskipara kəndləri ilə birlikdə M.Ə.Sabir adına üzümçülük sovxozunun tərkibində olmuşdur.

Kənd ərazisindən keçən və Gürcüstan ilə Ermənistanı birləşdirən magistral yol strateji baxımdan kəndin həssas mövqedə yerləşdiyini göstərirdi.

1990-cı il martın 23-dən 24-nə keçən gecə Bağanıs Ayrım kəndi erməni silahlı dəstələri tərəfindən hücuma məruz qalaraq işğal edildi. Gecə vaxtı həyata keçirilən bu hücum zamanı evlər talan olundu, yandırıldı, dinc sakinlər qətlə yetirildi və ağır vəhşiliklər törədildi. Nəticədə bir ailənin beş üzvü — Dadaş Əsliyev, həyat yoldaşı Pakizə, qızları Havaxanım və Aliyə, nəvəsi Hafiz, eləcə də kənd sakini Alməmməd Məhərrəmov daxil olmaqla ümumilikdə bir neçə nəfər diri-diri yandırıldı, kəndi müdafiə edən milis işçisi Məcid Əhmədov öldürüldü. Bundan başqa, bir neçə nəfər də yaralandı. Həlak olanlar arasında 75 yaşlı qoca ilə yanaşı, cəmi 39 günlük körpənin olması faciənin miqyasını və qəddarlığını bir daha göstərir.

Hadisə nəticəsində 17 ev yandırıldı, 11 ev qarət edildi, kənd əhalisi isə doğma yurdlarından didərgin düşərək müxtəlif ərazilərə səpələndi. Beləliklə, Bağanıs Ayrım Azərbaycan tarixində işğal olunaraq yandırılan ilk kəndlərdən biri kimi yadda qaldı.

Bu hadisənin cəzasız qalması sonrakı illərdə daha böyük faciələrə zəmin yaratdı. Belə ki, 1992-ci ilin fevralında Xocalıda baş verən soyqırımı zamanı bu cür vəhşiliklər daha geniş miqyasda təkrarlandı. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Qazax rayonunun Bağanıs Ayrım, Yuxarı və Aşağı Əskipara, Xeyrımlı, Qızıl Hacılı, Sofulu və Barxudarlı kəndləri işğal olunaraq dağıdıldı və yandırıldı, nəticədə 6500 nəfərdən artıq insan məcburi köçkün vəziyyətinə düşdü.

Hazırda da işğal nəticələrinin izləri qalmaqdadır. Bu kəndlərdə yerləşən çoxsaylı maddi-mədəni irs nümunələri, o cümlədən qədim qalalar, körpülər, dini və memarlıq abidələri, eləcə də məktəblər, tibb müəssisələri və kitabxanalar məhv edilmişdir. Beləliklə, Bağanıs Ayrım faciəsi təkcə bir kəndin deyil, bütövlükdə regionun tarixində dərin iz buraxmış, yaddaşlarda ağrılı və ibrətamiz hadisə kimi qalmışdır.

Bağanıs Ayrım faciəsi daha bir ailənin taleyində silinməz iz buraxaraq bir ananın – Nigar ananın qəlbində sağalmaz yaraya çevrildi. Bu elə bir yaradır ki, illər keçsə də qaysaq bağlamır, yara daha da dərinləşir, hər gün yenidən sızlayır. O ağır günlərin xatirəsinə qayıtmaq belə Nigar ananı qəhərdən boğur, sözünü yarımçıq qoyur.

Kamran 1959-cu il avqustun 29-da, qardaşı Bəxtiyar isə 1961-ci il yanvarın 1-də dünyaya göz açmışdı. Hər iki qardaş orta məktəbi əla qiymətlərlə başa vurmuş, Kamran Azərbaycan Neft və Kimya İnstitutunda, Bəxtiyar isə Politexnik İnstitutunda ali təhsil almışdı. Təhsilini başa vurduqdan sonra hər ikisi təyinatla Türkmənistana göndərilmiş, Kamran üç il, Bəxtiyar isə bir il işlədikdən sonra Vətənə qayıtmışdı. Xaraktercə fərqli olsalar da, hər ikisi ailənin dayağı idi: Kamran daha romantik, şən və ünsiyyətcil, Bəxtiyar isə ağır təbiətli, sakit və təmkinli bir insan kimi tanınırdı.

1990-cı il yanvarın 20-də Bakıda baş verən qanlı hadisələr Kamranı da sarsıtmışdı. Dənizdən qayıdarkən şəhərdə yaşananlara biganə qala bilməmiş, gecə boyu yaralıları xəstəxanalara çatdırmaq üçün əlindən gələni etmişdi. Lakin həmin ilin mart ayı bu ailə üçün daha ağır sınaqlarla yadda qaldı. Martın 21-də qardaşların xalası vəfat etdi və onlar Qazax rayonunun Çaylı kəndinə yollandılar. Bilmirdilər ki, taleyin daha acı hökmü hələ qabaqda idi. 1990-cı il martın 23-dən 24-nə keçən gecə Kamran, Bəxtiyar və xalası oğlu Xəqani Sanıyevin ömür yolu faciəvi şəkildə yarımçıq qaldı. Kamran və Bəxtiyar ailəli, Xəqani isə subay idi. Onları bir araya gətirən yas dərdi bir anda başqa bir xəbərin qarşısında kölgədə qaldı.

Həmin gecə Qazax rayonu və ətraf kəndlərə vahiməli xəbər yayıldı: Bağanıs Ayrım kəndi mühasirəyə alınıb, kənd sakinləri təhlükə altındadır. Bu xəbəri eşidən hər kəs kimi, bu üç gənc də tərəddüd etmədən köməyə tələsdi. Onlar kəndə doğru yola çıxdılar. Lakin yol onları ölümün pəncəsinə apardı – istiqaməti itirərək Yuxarı Əskipara kəndi yaxınlığında pusquya düşdülər. Maşın gülləbaran edildi, gənclər isə sağ ələ keçirildi.

Bu nöqtəyə qədər hadisələr fakt kimi xatırlanır, lakin sonrakı baş verənlər zamanla müxtəlif rəvayətlərə çevrilib. Kimi deyir ki, onları bağlayaraq ot tayasının altında yandırıblar, kimi isə başqa cür danışır. Amma dəyişməyən tək həqiqət var: düşmənin əlinə keçən bu gənclərin taleyi amansızlıqla sonlandırılıb.

Faciədən bir neçə gün sonra Nigar ananın qapısına bir erməni gətirərək ona qisas almağı təklif edirlər. Ana isə gözlənilməz, həm də böyük mənəvi güc nümayiş etdirərək belə cavab verir: “Mənim balalarımı bu adam öldürməyib. Bunun nə günahı var? Bu da kiminsə övladıdır...” Bu sözlər bir ananın qəlbindəki dərdin nə qədər böyük, eyni zamanda insanlığın nə qədər uca olduğunu göstərir. Bu hadisədən onilliklər keçsə də, Kamran, Bəxtiyar və Xəqaninin taleyi hələ də naməlum olaraq qalır. Nigar ana üçün isə zaman dayanıb – o, hələ də yol gözləyir, hələ də ümidini itirmir. Bu hekayə yalnız bir ailənin faciəsi deyil, həm də yaddaşlardan silinməyən bir insanlıq dərsidir.

Bağanıs Ayrım, Yuxarı Əskipara, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı, Sofulu və Barxudarlı kəndləri uzun illər işğal altında qaldıqdan sonra 2024-cü ilin may ayında delimitasiya prosesi çərçivəsində Azərbaycana təhvil verildi. Bu hadisə hərbi əməliyyatlardan deyil, əsasən dövlətlərarası danışıqlar və sərhədlərin müəyyənləşdirilməsi (delimitasiya) nəticəsində baş verdi və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində mühüm mərhələ kimi qiymətləndirilir.

Bağanıs Ayrım kəndinin uzun illərdən sonra işğaldan azad olunması Azərbaycan tarixində mühüm və qürurverici hadisələrdən biri kimi dəyərləndirilir. Qazax rayonunun bu qədim kəndinin geri qaytarılması təkcə ərazi bütövlüyünün bərpası deyil, həm də tarixi ədalətin təmin olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Bu uğurun əldə olunmasında Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin həyata keçirdiyi ardıcıl və məqsədyönlü siyasət həlledici rol oynamışdır. Onun rəhbərliyi ilə aparılan diplomatik fəaliyyət, siyasi qətiyyət və milli maraqlara əsaslanan strateji kurs nəticəsində Azərbaycanın suverenliyi bərpa olunmuş, işğal altında qalmış torpaqların geri qaytarılması istiqamətində mühüm nailiyyətlər əldə edilmişdir.

Bağanıs Ayrım kəndinin geri qaytarılması həm də illərlə yurd həsrəti ilə yaşayan insanların ümidlərinin gerçəkləşməsi deməkdir. Bu torpaqlardan didərgin düşmüş sakinlər üçün doğma yurda qayıdış artıq reallığa çevrilməkdədir. Bu, yalnız bir coğrafi məkanın deyil, həm də bir xalqın yaddaşının, mədəniyyətinin və mənəvi dəyərlərinin bərpasıdır.

Bu münasibətlə Azərbaycan xalqı ölkə başçısı İlham Əliyevə dərin minnətdarlığını bildirir. Onun uzaqgörən siyasəti və qətiyyətli mövqeyi nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin olunmuş, illərlə davam edən ədalətsizliyə son qoyulmuşdur.

Bağanıs Ayrımın azad olunması bir daha göstərir ki, Azərbaycan dövləti öz tarixi torpaqlarını qorumaq və bərpa etmək əzmindədir və bu yolda atılan addımlar xalqın birliyi və dövlətin gücü ilə daha da möhkəmlənir.


MANŞET XƏBƏRLƏRİ