Piyada keçidini bir-bir keçənlər cərimələnə bilər? – AÇIQLAMA


Bir müddət əvvəl Milli Məclisin iclasında deputat Tahir Rzayev piyada keçidlərində insanların yolu bir-bir keçməsinin paytaxtda tıxacların artmasına səbəb olduğunu bildirmişdi. Deputat təklif etmişdi ki, piyadalar yolun qarşısında qrup şəklində toplandıqdan sonra keçid etsinlər. Bu fikir sosial şəbəkələrdə və ictimaiyyətdə geniş müzakirələrə səbəb olmuşdu. Bəzi vətəndaşlar bunu nəqliyyat sıxlığını azaltmaq üçün faydalı addım hesab etsə də, digərləri belə yanaşmanın həm hüquqi, həm də praktik baxımdan problemli olduğunu düşünür. Mövzunun yenidən gündəmə gəlməsi piyada keçidini bir-bir keçən şəxslər cərimələnə bilərmi sualını aktuallaşdırıb.

1519124

Mövzu ilə bağlı Modern.az-a danışan nəqliyyat eksperti Aslan Əsədov isə bildirib ki, piyadaların hərəkəti keçidin növündən və yolun nizamlama sistemindən asılı olaraq dəyişir:

“Elə piyada keçidləri var ki, orada hərəkət işıqfor vasitəsilə tənzimlənir. Belə ərazilərdə insanlar adətən kütləvi şəkildə yolu keçirlər. Amma elə keçidlər də var ki, onlar nizamlanmır – məsələn, yerüstü və yeraltı piyada keçidləri. Bu hallarda piyadaların tək-tək keçməsi mümkündür və bu, normal vəziyyət hesab oluna bilər”.
Ekspert qeyd edib ki, əsas məsələ piyadanın və sürücünün digər hərəkət iştirakçılarına mane olmamasıdır:
“Həm sürücülərin, həm də piyadaların məsuliyyəti var. Sürücü digər hərəkət iştirakçılarına mane olmamalı, onların hərəkət trayektoriyasını təhlükəyə atmamalıdır. Piyadalar da eyni şəkildə digər şəxslərin hərəkətinə mane olmamalıdırlar”.

Aslan Əsədovun sözlərinə görə, sürətli və təhlükəli yollarda piyadalar daha diqqətli davranmalıdırlar:
“Əgər piyadalar müəyyən olunmamış yerlərdən, xüsusilə sürətli yollardan keçməyə çalışırlarsa, bu zaman öz təhlükəsizliklərinə görə məsuliyyət daşıyırlar. Belə hallarda inzibati məsuliyyət də yarana bilər”.
Ekspert hesab edir ki, piyadaların qrup şəklində və ya tək-tək keçməsi məsələsi hər yolda eyni formada qiymətləndirilə bilməz:

“Bakıda və bölgələrdə elə yollar var ki, onların əksəriyyəti işıqforla tənzimlənir. Orada hərəkət üstünlüyü yaşıl və qırmızı işıq siqnalları ilə müəyyən edilir. Bu səbəbdən piyadaların mütləq qrup halında yolu keçməsi ilə bağlı yanaşmanı bütün keçidlərə tətbiq etmək düzgün olmaz”.

1519125
Hüquqşünas Turan Abdullazadə isə bildirib ki, hazırda Azərbaycan qanunvericiliyində piyadaların yolu “bir-bir keçməsi” ayrıca hüquq pozuntusu hesab edilmir:

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və “Yol hərəkəti haqqında” Qanun piyadaların yol keçməsi qaydalarını müəyyən edir. Qanuna əsasən piyadalar yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməli, svetofor siqnallarına əməl etməli və yol hərəkətinə mane yaratmamalıdır. Amma ‘piyada keçidini bir-bir keçmək’ ayrıca qayda pozuntusu kimi nəzərdə tutulmayıb. Buna görə də sırf bu səbəbdən cərimə tətbiqi üçün hüquqi əsas yoxdur”.

Hüquqşünas qeyd edib ki, İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən piyadalar yalnız müəyyən hallarda məsuliyyət daşıyırlar:

“Piyada svetoforunun və ya nizamlayıcının işarələrinə əməl etməmək, avtomobillərin qarşısına qəfil çıxmaq, xüsusi siqnallı nəqliyyat vasitələrinə yol verməmək kimi hallar 20 manat məbləğində cərimə ilə nəticələnə bilər. Eyni zamanda müəyyən olunmamış yerdən yolu keçən piyadalar da cərimələnirlər”.

Onun sözlərinə görə, yalnız piyadanın davranışı real maneə yaratdığı halda məsuliyyət məsələsi ortaya çıxa bilər:

“Əgər piyadalar qəsdən nəqliyyatın hərəkətini bloklayır, yolu ləngidir və süni tıxac yaradırsa, bu zaman onların hərəkəti yol hərəkətinə maneə yaratmaq kimi qiymətləndirilə bilər. Amma bu, avtomatik qayda deyil və hər konkret hal ayrıca sübut olunmalıdır”.


MANŞET XƏBƏRLƏRİ