Elxan Zal Qaraxan
OLJAS SULEYMENOV 90
Bu il, 2026-cı ildə böyük Azərbaycan şairi Xaqaninin 900, böyük Qazax şairi Oljas Suleymenovun isə 90 illik yubileyləri qeyd olunur. Onlar arasında 800 illik bir zaman məsafəsi dayansa da, bu sənətkarların birləşdikləri bir əsas nöqtə var; Xaqaninin də, Oljasın da yaradıcılıq dühası, intellekt şkalası əksər müasirlərindən qat-qat yuxarıda dayanır. Onlar sanki dünyamıza başqa ölçülü dünyadan gəlmişlər. Yaşadıqları zaman, məkan kəsiyində dünya, bu qeyri-adi insanlara böyük ehtiram göstərən xaqanların, qeysərlərin, şahların sayqıları və onların əzəmətləri önündə öz cılızlıqlarını görüb fitnə-fəsad törətməyə çalışan iddialı “şair və alimciklərin” donub qaldığı anlar bir kompüter faylı şəklində görünür. Tale belə gətirib ki, son 10-15 ildə mən bu böyük kişilərin obrazları ilə tez-tez qarşılaşıram. Hər dəfə AYB-dəki otağıma girib - çıxanda Xaqanidən başlayan Azərbaycan ədəbiyyatı dühalarının portret sırasını görürəm, otağa girəndə isə Oljas ağanın Azərbaycan dilində buraxılmış kitabları sataşır gözlərimə. Xaqani əsərlərini dari dilində, yəni farsca yazıb. Oljas Suleymenovun ədəbiyyat dili isə ruscadır, lakin onları oxuyanda türklükləri baharda havadan süzülən yovşan qoxusu kimi çulğayır səni.
Mən Oljas Suleymenovla ilk dəfə 2000-ci illərin əvvəllərində Bakıda, Xaqani 25-də, böyük yazıçımız Anarın iş odasında tanış olmuşam. O və digər bir azman yazıçı Çingiz Aytmatov Bakıya, hansısa bir tədbirə qatılmağa gəlmişdilər və həmişə olduğu kimi gəlişlərində Azərbaycanın böyük yazıçısı, çoxillik qələm dostları Anara baş çəkməyi özlərinə bir vizit borcu hesab edirdilər. Aytmatov da, Sulevmenov da gəlişlərində Azərbaycanın dövlət başçısının xüsusi qonaqları sayılırdılar, onlarla görüşmək elə də asan məsələ deyildi. Anar müəllim məni onlara Rəsul Pza Fondunun nəşr etdiyi Oljas Suleymenovun “Gil kitab” poemasını Azərbaycan dilinə çevirmiş Azərbaycan şairi kimi təqdim etdi. Daha sonra Anar müəllimin ön sözü ilə O. Suleymenovun Azərbaycan dilində “ Kuman nəğməsi” adlı kitabı nəşr olundu və Mədəniyyət Nazirliyinin mükafatına layiq görüldü. Zaman keçdi, biz Oljas ağa ilə istər Azərbaycanda, istərsə də Qazaxstanda müxtəlif məclislərdə dəfələrlə görüşdük. Görüşlərimizdən ən yadımda qalanı belə bir əhvalatdır: bir dəfə Almatı elitasının da iştirak etditi bir məclisdə məni Oljas Suleymenovla yanaşı otuzdurdular və bişirilmiş at başını ikiyə bölüb qarşımıza qoydular. Mənim həyəcanlandığımı hiss edən Oljas ağa dedi - “qorxma. Bir qırıq götür, qalanını başqa qonaqlara aparacaqlar”. Bu qazax cəmiyyətində böyük ehtiram nümunəsi hesab edilir, yəni kəllə ilkin olaraq ən mötəbər qonaqların qarşısına qoyulur. Həmin məclistə görkəmli yazıçımız Elçin Hüseynbəyli də mənimlə idi...
1990-cı ilin 20 yanvar hadisələrindən sonra nümayiş etdirdiyi böyük qeyrətdən sonra, Prezident Heydər Əliyevin göstərdiyi diqqət sayəsində Azərbaycanda “milli sərvət” statusu qazanan Oljas Süleymenov, çağdaş dönəmdə dünya şöhrəti qazanmış, dünya dillərinin təkamülü barədə bənzəri olmayan əsərlər yaratmış bir neçə elm və ədəbiyyat adamı sırasındadır. Onun haqqında çox yazılıb, onun haqqında çox deyilib. O, müasirləri tərəfindən sağlığında dahi adlandırılan çox az qisim çağdaş sənətkarlardan biridir. Onu sevənlər də çoxdur, ona paxınlıq edənlər də. Eynən XII əsrdə Şirvanda və təbrizdə yaşamış Xaqanidə olduğu kimi. Amma beş “Həbsiyyə” kitabı yazmış Xaqanidən fərqli olaraq, dahiliyin düşmənləri Oljası həbsə saldırammadılar. Qazaxstana rəhbərlik edən D. Kunayev, N. Nazarbayev kimi hakim türk kişiləri Xaqanini dəfələrlə həbsiyyələrə göndərən şirvanşah Axsitandan fərqli olaraq, Oljasın ucalarda pərvaz edən ruhunu şər sahiblərindən qorudular. Oljasın “həbsiyyəsi” uzun illər Qazaxstanın səfiri olaraq, Roma, Paris kimi şəhərlərdə dünya haqqında bənzərsiz əsərlər yazmaq qisməti oldu. Daha sonra o 12 il YUNUSKO-da Qazaxstan dövlətinin nümayəndəsi kimi fəaliyyət göstərdi. Qazaxstanın birinci prezidenti Nursultan Nazarbayev O. Suleymenovun 80 illik yubileyi ilə bağlı yazdığı məqalədə, dövlətin onu dünyanın ən gizlin arxiflərinin var olduğu Roma və Parisə göndərməklə, məqsədi tarixin hələ yazılmamış səhifələrini yoxdan var edəcəyinə inanmasıydı. Dövlət inandı və o bacardı. O. Suleymenov dillərin yaranmasında, təşəkkül tapmasında və inkişafında yazı işarələrinin-heroqliflərin və simvolların rolu barədə təksib olunması elə də asan olmayan bir nəzəriyyə ortaya qoydu. O dilçilikdə ilk dəfə olaraq, sözün, ilk heroqlifin qrafik işarəsi ilə genetik bağlılığına bir yerdə baxmağı, araşdırmağı təklif elədi. Bu illərdə yazdığı "Tarixə qədərki türklər", “Tanrı təbəssümü", "Yazının dili", “Sözün kodu” kimi əsərlərdə o “bütün dillərin, “kiçik insanlığın” vahid dilinin dialektlərindən törədiyini bir nəzəriyyə olaraq ortaya qoydu. Onun ən böyük arzusu isə, bəlkə də missiyası, bəşərin ilkin dilinin “1000 +1 söz” adlı etimoloji lüğətini yaratmaqdır. Mənim bildiyimə görə bu layihə artıq hazırlıq səviyyəsindədir və ümüd edirik ki, yaxın gələcəkdə “Babil qülləsi”ndən öncə işlənən sözlərin sırasını görəcəyik.
Bəşər tarixində bu inanılmaz fəaliyyəti gerçəkləşdirən və həyat faliyyətinə neftçi-qeoloq kimi başlayan O. Suleymenov Sovetlər epoxasının şairiydi və onun ilk yaradlcılığı da XX əsrin 60-cıillərində ədəbiyyata yenilik havası gətirməyə çalışan həmkarlarından elə ciddi fərqlənmirdi. Onun istedadının yüksəliş zəngləri 60-cı illərin lap əvvəlində, Yuri Qaqarinin kosmosa uçuşundan sonra çalmağa başladı. Kosmosun insan tərəfindən fəthindən bəhs edən “İnsana təzim et ey Yer kürəsi” poemasının dərc etdirilməsindən sonra Oljas Suleymenov Ümumittifaq şöhrəti qazandı, həmin dövrdə bu, indiki dünya şöhrəti ifadəsinə ekvivalent idi. Şöhrət və istedad fişənglərinin dalğasında o, Sovet imperiyasında hegemon dil sayılan rus dilinin əsas poetik ifadəçilərindən biri oldu. Əlbəttə o rus dilində yazsa da, içində çağlayan “köşəri sivilizasiya” ruhu zaman-zaman özünü göstərirdi, amma bu onun yaradıcılığının ana xətti deyildi. Özünün tazdığı kimi, o böyük atılışa hazırlaşırdı.
O. Suleymenov 1969-cu ildə “Gil kitab” poemasını yazdı və bundan sonra onun yaradıcılığında yeni bir mərhələ başladı. İskitlərin (Oljasın deyimincə İşkuzların-İç oğuzların) Assuriya və Midiya fəthindən bəhs edən postmodern üslübunda yazılmış bu əsər itmiş köklərini axtaran qazax inteligensiyasının axtarışlarına parodiya şəklində yazılmışdı. Bir növ qazax çöllərinin “Don Kixot”u idi bu əsər.
Azərbaycanlı oxucu O. Suleymenovu əsasən "Az i Ya" kitabının müəllifi kimi tanıyır. Mənim və Akif Əhmədgilin etdiyi tərçümələrə qədər azərbaycandilli oxucu Oljas Suleymenov poeziyası barədə səthi məlumatlara malik idi. “Gil kitab” dan sonra o “AziYA” nı yazdı və bundan sonra onun yaradıcılığının yeni atəşfəşanı başladı.
Şovinist Sovet elitasında əsəb təlatümü yaradan bu əsər rus imperiya düşüncəsinin, fəth olunmuş köçəri sivilizasiya düşüncəsinin qırıntıları üzərində bərqərar olmasından bəhs edir. Əsər gözəl, poetik bir dildə yazılsa da, imperiya adından pay qapanlar, “AziYA” da qaldırılan məsələlərdən paylarını götürdülər. Həmin əsərə ikinci hissə kimi daxil edilmiş “Şumernamə” isə bəşər sivilizasiyasının tarixinin başladığı Şumerdə işlənən dilin tərkibindəki sözlərdə türk dili elementlərinin varlığından bəhs edir. Şumer tabletlərinin mixi yazılarını deşifrə etmiş fransız və ingilis alimləri də ilk dəfə olaraq şumer dilinin türk-tatar dilləri ilə oxşar cəhətlərindən bəhs etmişdilər. Lakin dünya elm trendini müəyyyən edən güclər məsələni dumanlı bir məcraya yönəltdilər. Oljas Suleymenov öz araşdırmasında türklərin qədimliyini daima inkar etməyə çalışan sovet alimi İ. Dyakonovun kitabından 60 söz seçdi və onların Oljascasına yozumunu verdi. Şairin qoyduğu məntiqi hətta akademik olsan belə anlamamaq təbiidir, amma onu inkar etmək elə də asan məsələ deyil. İlkin ixtisasına görə qazmaçı-neftçi olan şair O. Suleymenov söz məkanına girəndən sonra bir mühəndis inadcıllığı ilə tarixin dərinliklərinə sözün almaz baltası ilə girməyə cəhd elədi. O bir söz qazmaçısı kimi bəşərin ilkin dilinin önformasını axtarır, sözləri bura-bura dərin qatlara enir və maraqlıdır ki, türk kəliməsi işlətmədən dərinliklərdən əsasən türk xalqlarında işlənən kəlimələr ortaya çıxarır. Oljasın əksər elmi-publisistik əsərlərinin Azərbaycan dilində nəşr olunduğundan, mən bu yazıda nümunələr verməyi yersiz hesab edirəm.
Zəngin poetik və elmi irsə malik, əsərləri əksər dünya dillərinə çevrilmiş O. Süleymenov çağdaş türk – qazax bədii təfəkkürünün ortaya çıxardığı ən orjinal və qüdrətli sənətkarlardandır. Yaradıcılığı rus dilində olsa da, keçmişlə çağdaşlığın üzvü vəhdətini poetik lövhələrə çevirmiş, türk şeirinin epos sərbəstliyini öz dövrünün analitik süzgəcindən keçirərək bəşəriyyətə təqdim edə bilmiş ikinci belə bir türk şairini təssəvür etmək çətindir. Qazaxlar şeirə jır deyir, şairlərə isə jırçı. Yəni azərbaycanca desək, əksər şair dediklərimiz cırıldaşırlar xalq yolunda. Oljas kimilər isə söz səmasının buludlarını guruldadaraq beyinlərin zülmətində ildırım oynatmağa cəhd edirlər.
Bizi ilhama gətirən böyük vəhtəd - ulu çölün genişliyi, yovşan iyi, ozan səsi, qurd nəfəsi, hərəkətli yaşam tamı, at üstündə yel oynadan türk adamı ideyası yüz illər boyu yad düşüncələr qəlibində yaşadı. Beyrəyə Xosrov xalatı geyindirdilər, Banuçiçəklər Şirinləşdi: yaşamın yaşılı səhra sarısına büründü, Tanrıdağ deyəndə Məşhəd göründü.Türk kişiləri içərilərində yaşatdıqları keçmiş əzəmətin istisindən xumarlana - xumarlana yabançılığın əsirinə çevrildilər. Bu əsirlik bu gün də yabançıları yamsılamaqla davam edir. Yabançıları yamsılamaqla yaradıcılıq yapan türk insanı uğursuzluq sindromunun məyusluğunu yaşadı. Onun dünyaya təqdim etmək istədikləri dünya üçün maraqlı olmadı, dünya üçün maraqlı olanlar isə onun yaddaş arxivində yatdı .
Oljas Süleymenov bu yaddaş arxivini açmağa cəhd göstərən şairlərin bəlkə də birincisidir. Həttda rusdilli bir yazar olması da onun türkdilli dünyada dəyərini azaltmır. Çünki onun şeirlərində heç kimin etmədiyi bir şey var - cin kimi cürdəyə salınmış türk ruhunu azadlığa buraxmaq cəhdi. O. Süleymenov "Biz köçərilər", "Asiya tonqalları", "Kuman nəğməsi", və s.. şeirlərində yaddaş arxivlərində toza bələnmiş türk ruhunun yasaqlar möhürünü adlayıb, göy altında qaz kimi qanad çalmaq cəhdində bulundu . Və bu qəbildən olan şeirlərinin məntiqi nəticəsi kimi , bəlkə də poetik yaradıcılığının zirvəsi olan "Gil kitabı" dastanını yazdı.
Bir çox şeirlərində olduğu kimi, "Gil kitab" dastanında da müəllif postmodern üslubunda yaratdığı söz sarayını tarixin ən dərin qatlarından gələn etnik köklərin yzərində qurub. Bu, dastan köklərindən aralı düşmüş bir etnosun özünə qayıtmaq cəhdidir. Buradakı hadisələr XX əsr Qazaxstanında və e. ə. VII əsr Midiyasında və Assuriyada baş verir.
XX əsrin ortalarından tarixin 2700 il dərinliyinə qarmaq atan bir qipçaq oğlu, öz zərbəsiylə dünyanın yaddaş arxivinə vurulmuş möhürü sındırmağa cəhd göstərdi və bu arxivin uyquya dalmış qatları gün işığı görmüş kimi oyanmağa başladı. Bu oyanış dünyanın o zamankı ictimai şüuruna elə bir təsir göstərdi ki, O. Süleymenovun sonrakı yaradıcılığı bu oyanışın qorunmasına sərf olundu. Ona böyük şöhrət və başağrısı gətirən "AziYa"əsəri "Gil kitab"dan doğan suallara cavab kimi yazılmışdı. Sonralar "Tarixdən öncəki türklər", “Tanrı təbəssümü", "Yazının dili", “Sözün kodu” kimi elmi-publisistik yazılarda bu mövzu daha da genişləndirildi. Unudulmuş rəmzlər, deyimlər, inanclar O. Süleymanovun intellekt süzgəcindən keçərək, türk xalqları arasında vətəndaşlıq qazanmağa başladı. "Gil kitab" dastanının əsas qayəsi geniş coğrafi əraziyə səpələnmiş bir etnosun unutduğu keçmişi ilə doğulmaqda olan gələcəyin arasında körpü salmaq istəyidir. Bu gün qloballaşmanı əldə bayraq edib, başqalarının süfrəsindən qırıntı qapmaq əzmi ilə öz köklərini qurutmaqla məşqul olanlara xitabən O. Süleymenov yazılıarının birində deyir: "Qloballaşmanın yeni dönəmi astanasında ötənlərin təcrübəsi təzədən, başqa cür dərk olunur. Xüsusilə bu, öz keçmişini bilməyən xalqlara aiddir. Öz köklərini hiss etmədən, etnosun yaşam ağacı, kök sisteminin güzgü əksi olan çılpaq, quru bir şalbana çevrilir, onun nə qabığı olur, nə də budağı. Köklər nə qədər kasıbdırsa, yarpaq və budaqlar da bir o qədər ölgündür. Solğun, seyrək meyvələr yetişib sağlam toxum verməyə imkan tapmır. Öz keçmişinin dərinliyini dərk etməyən xalqların gələcəyi də yoxdur”. Bunları dünya mərkəzlərində “qloballaşma dövründə planetar düşüncə”dən mühazirələr oxuyan azman bir fikir adamı yazır...
2700 il öncə xan İşpakayın başçılığı altında Midiyanı fəth edərək orada 28 il hökümdarlıq etmiş İşkuzların (əslində xəzərlərin) həyatından bəhs edən “Gil kitab” üzərində bərqərarar olmaq istəyimiz, unutduğumuz keçmişimizin dərkinə yönəlib. Əsər postmodern bir dildə və üslubda yazılsa da, Şumerin gil lövhələrinin ağırlığı ilə bərabər, burada Yoluq Tiginin qayalara həkk etdiyi Göytürk əzəmətini və Dədəm Qorqud kəlamının sərhədsizliyini hiss edirsən. Sanki Şumerin gil lövhələri XX əsrin ortalarında, iç oğuzların diliylə təzədən danışmağa başlayır.
. Yüz illər boyu daşların yaddaşında yaşamış Gültəkin və Bilgə xaqanın, kitabxanaların tozlu künclərində yuxulamış Dədə Qorqud qəhrəmanlarının qayıtdığı kimi, 2700 il öncə xan İşpakayın başçılığı ilə Midiya və Assuriyanın fəthinə yollanmış iç oğuz ərənləri də hızlı bir axınla bu günə doğmalarının arasına döndülər və bu dönüş Oljas Süleymenov körpüsündən keçdi.
Yüz illər boyu yalnız şifahi şəkildə xalq arasında yaşayan türk epos təfəkkürü Oljas Süleymenov və Çingiz Aytmatov kimi unikal insanların dühası sayəsində kitabdan-kitaba köçərək bütün dünyanı dolaşdı. Mənsub olduğu etnosun mənəvi irsini çağdaşlıq süzgəcindən keçirib bədiiləşdirən bu sənətkarlar dünya şöhrəti qazanmaqla, öz xalqlarını da dünya boyu şöhrətləndirdilər. XX əsrin ikinci yarısında dünya xalqlarının yaratdığı mədəniyyətlər taxcasında türk-qazax etnosunun yaratdığı qədim və sirrli bir mədəniyyət yavaş-yavaş oturmağa başladı. Oljas Süleymenov kimilərinin əməyi və istedadı səyəsində “avropalaşmış” beyinlərdə kök salmış "vəhşi köçəri türk" obrazı get - gedə arxiv eksponatına çevrildi. Dünyanın böyük qafaları köçəri sivilizasidan bəhs etməyə başladılar.