Siciliya adasında Azərbaycan dəyərləri



Səkinə Qəhrəmanova

Bura ilk gəldiyim günlərdə qəribə bir hiss yaşayacağımı düşünürdüm. İnsan doğulduğu torpaqdan uzaqlaşanda sanki bir parçasını geridə qoyurmuş kimi görünür. Amma Siciliyaya addım atdığım ilk zamanlardan etibarən özümü yad hiss etmədim. Bunun səbəbi təkcə insanların səmimiyyəti və isti münasibəti deyildi. Əsl səbəb ondan ibarət idi ki, mən bura tək gəlməmişdim. Mənimlə birlikdə uşaqlığımdan öyrəndiyim tərbiyə, ailədən aldığım dəyərlər, böyüyə hörmət, kiçiyə sevgi, qonağa ehtiram, süfrənin bərəkəti, bayramların sevinci, doğma dilimin ahəngi və ən əsası Azərbaycan sevgisi də gəlmişdi. İnsan öz kökünü içində daşıyırsa, heç bir yer ona tamamilə yad olmur.


Burada yaşadıqca bir şeyi daha dərindən anladım: vətən sadəcə sərhədlərlə müəyyən olunan məkan deyil. Vətən insanın xarakterində yaşayır. Necə salam verməyində, necə danışmağında, necə çörək bölməyində, necə minnətdarlıq etməyində görünür. Mən gündəlik həyatımda nə qədər sadə davranışlar etsəm də, əslində hər addımımda gəldiyim yeri təmsil edirəm. Buna görə də burada Azərbaycanı tanıtmaq mənim üçün xüsusi hazırlanmış tədbirlərdən daha çox, gündəlik həyatın içində baş verən təbii bir prosesdir.
Siciliya ilə Azərbaycan arasında ilk baxışda böyük məsafə görünə bilər. Biri Aralıq dənizinin ortasında ada, digəri Qafqazda qədim bir diyar. Amma insanları tanıdıqca anlayırsan ki, bəzi dəyərlər coğrafiyadan daha güclüdür. Siciliyalılar da ailəyə bağlı insanlardır, onlar da ev süfrəsinin istiliyini sevirlər, onlar da ənənələrinə sahib çıxırlar, onlar da keçmişlə bağlarını qırmırlar. Məhz buna görə mən ölkəmdən danışanda çox şeyi izah etməyə ehtiyac qalmır. Onlar hiss edirlər. Çünki oxşar duyğular fərqli dillərdə də tanınır.
Mən çox zaman onlara deyirəm ki, Azərbaycan Şərqlə Qərbin qovuşduğu yerdir. Bu ifadə bəzən şüar kimi səslənsə də, əslində çox real həqiqətdir. Əsrlərlə İpək Yolu üzərində yerləşən ölkəmiz müxtəlif mədəniyyətlərin görüş yeri olub. Bizim mətbəximizdə, musiqimizdə, memarlığımızda, hətta düşüncə tərzimizdə belə bu birləşmənin izləri görünür. Bir tərəfdə Şərqin incəliyi, digər tərəfdə Qərbin dinamizmi var. Mən bunu izah etdikdə italyanlar maraqla qulaq asırlar, çünki onlar da qədim sivilizasiyanın varisləri olaraq mədəni qatların necə formalaşdığını yaxşı anlayırlar.


Ən çox maraqlandıqları mövzulardan biri Bakı olur. Çünki onların çoxunun təsəvvüründə Qafqaz uzaq və az tanınan bir məkandır. Mən Bakının həm qədim, həm müasir şəhər olduğunu danışanda təəccüblənirlər. Bir tərəfdə İçərişəhər kimi əsrlərin nəfəsini qoruyan küçələr, digər tərəfdə isə müasir memarlıq, geniş bulvarlar və canlı şəhər ritmi var. Bəzən söhbət tarixə gələndə Qobustan qayaüstü rəsmləri haqqında danışıram. Daşlara həkk olunmuş minillik izlərdən söz açanda insanlar anlayırlar ki, bu torpaq yalnız bugünün dövləti deyil, çox qədim yaddaşın davamıdır. Onlara bunu anlatmaq xoşuma gəlir.


Musiqi haqqında danışanda isə söhbət daha emosional olur. Muğamı izah etmək asan deyil. Onu dinləmək lazımdır. Amma mən çalışıram anlatım ki, bu musiqidə insanın sevincindən çox həsrəti, səssizliyindən çox qəlbi danışır. Siciliyalılar hissiyyatlı insanlardır, ona görə bunu anlayırlar. Onlar musiqinin sadəcə səs yox, həyat təcrübəsi olduğunu qəbul edirlər.

Əlbəttə, mətbəximiz də həmişə maraq doğurur. Plov, Dolma, Qutab haqqında danışanda mən deyirəm ki, bizim üçün süfrə birləşdirən yerdir. İnsanların bir araya gəlib söhbət etdiyi, çörək kəsdiyi, sevinc paylaşdığı məkandır. Bu fikir onlara çox doğma gəlir, çünki burada da ailə masası həyatın mərkəzidir.


Burada yaşadıqca daha yaxşı anlayıram ki, insan vətənini ən çox uzaqda tanıyır. Azərbaycanda ikən təbii qəbul etdiyim bir çox şeyin əslində nə qədər qiymətli olduğunu burada hiss etdim. Mən burada böyük tribunalar qarşısında çıxış etməsəm də, hər gün öz davranışımla ölkəmi təmsil edirəm. Bir insan Azərbaycan haqqında nə düşünürsə, bəzən onu mənimlə ünsiyyətdən sonra formalaşdırır. Bu məsuliyyət mənə ağır yox, əksinə qürurlu gəlir. Çünki harada yaşamağımdan asılı olmayaraq, mənim içimdə daşıdığım yer dəyişmir.
İnsan qəlbində daşıdığı vətəndən uzaq düşmür. Mən də burada yaşayarkən hər gün bir daha hiss edirəm ki, Azərbaycan təkcə doğulduğum torpaq deyil, mənim danışığımda, baxışımda, münasibətimdə yaşayan bir kimlikdir.


MANŞET XƏBƏRLƏRİ