Bank kartı olanların nəzərinə: yeni qayda tətbiq edilir


Azərbaycanda kartdan-karta köçürmələrin artması və bəzi əməliyyatların nəzarətə götürülməsi müzakirələrə səbəb olub. Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, bir şəxsin kartına gün ərzində çoxsaylı və müxtəlif məbləğlərdə köçürmələrin daxil olması şübhəli əməliyyat kimi araşdırıla bilər. Bu isə vətəndaşlarda bank əməliyyatlarına nəzarətin sərtləşdirilməsi ilə bağlı suallar yaradıb.

Kartdan-karta köçürmələrin monitorinqə götürülməsi hansı hallarda həyata keçirilir? Bu nəzarət mexanizmi vergidən yayınma və maliyyə cinayətlərinin qarşısını almaqda effektiv sayıla bilərmi?

Globalinfo.az-a danışan Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun “İnklüziv sosial inkişaf” şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəsmiyyə Sabir bildirib ki, hazırkı qanunvericilik fərdi məlumatların qorunmasını təmin edir:

“Lakin şübhəli maliyyə əməliyyatları müəyyən hallarda yoxlamaların aparılmasını zəruri edir. Azərbaycanda kartdan-karta köçürmələrin monitorinqə götürülməsi əsasən maliyyə şəffaflığının təmin olunması, vergidən yayınma hallarının və qanunsuz pul dövriyyəsinin qarşısının alınması məqsədi daşıyır. Mərkəzi Bank və maliyyə nəzarəti qurumları xüsusilə qeyri-adi xarakter daşıyan əməliyyatlara diqqət yetirirlər. Bunlara bir kart hesabına gün ərzində çoxsaylı şəxslərdən ardıcıl köçürmələrin daxil olması, şəxsi kartlardan faktiki kommersiya fəaliyyəti üçün istifadə edilməsi, eyni təyinatlı ödənişlərin sistemli xarakter alması, qısa müddətdə böyük həcmdə vəsaitin daxil olub çıxması, eləcə də tez-tez təkrarlanan müxtəlif məbləğli əməliyyatlar daxildir”.

WhatsApp Image 2026 05 11 at 10.25.17
Rəsmiyyə Sabir

Ekspert qeyd edib ki, bu cür nəzarət mexanizmləri beynəlxalq maliyyə praktikasında da geniş tətbiq olunur:

“Banklar müvafiq qaydalara uyğun olaraq riskli əməliyyatları avtomatlaşdırılmış sistemlər vasitəsilə izləyirlər. Məqsəd vətəndaşların şəxsi köçürmələrinə müdaxilə etmək deyil, qeyri-rəsmi biznes fəaliyyəti, vergidən yayınma, qanunsuz pul dövriyyəsi və digər maliyyə cinayətlərinin aşkarlanmasıdır”.

R.Sabir vurğulayıb ki, effektivlik baxımından belə nəzarət mexanizmləri qeyri-rəsmi satış və xidmət gəlirlərinin müəyyənləşdirilməsinə, vergi daxilolmalarının artmasına, dələduzluq və qanunsuz maliyyə əməliyyatlarının izlənməsinə kömək edə bilər:

“Bu, ümumilikdə kölgə iqtisadiyyatının həcminin azalmasına da təsir göstərə bilər”.

Bununla yanaşı, ekspert hesab edir ki, nəzarət mexanizmi elə qurulmalıdır ki, əsassız monitorinq hallarına yol verilməsin, vətəndaşların bank sirri və şəxsi məlumat hüquqları qorunsun:

“Adi şəxsi köçürmələrlə kommersiya fəaliyyəti arasında dəqiq fərqləndirmə aparılmalı, nəzarət meyarları aydın və şəffaf şəkildə müəyyən edilməlidir. Fikrimcə, həddindən artıq sərt monitorinq əhalinin bank sisteminə etimadını azalda və nağd dövriyyəyə meyli artıra bilər. Buna görə də nəzarətin sərtləşdirilməsi maliyyə təhlükəsizliyi ilə vətəndaşların gündəlik bank əməliyyatları arasında balans qorunmaqla həyata keçirilməlidir”.


MANŞET XƏBƏRLƏRİ