
AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli
V Yazı
Bütövlükdə, ən azı son iki əsrdir Bütöv Azərbaycanın da var olduğu bu bölgədə Azərbaycansızlaşdırma (ən azından Türklükdən uzaq Azərbaycan ideyasını formalaşdırmaq və Azərbaycan coğrafiyasını kiçiltmək anlamında) və Türksüzləşdirmə siyasəti aparılır ki, bunun ən çox zərər çəkəni Azərbaycan türkləri olmuşlar və bu gün də çox şey dəyişməmişdir. Hər halda son iki əsrdə böyük dövlətçilyi əlindən alınan, ərazicə müxtəlif yerlərə parçalanan, ana dilində məktəbə gedə bilməyən, yaxud da getdiyi halda ana dilini mövcud qanunlara əsasən “Türk dili” deyil “Azərbaycan dili” anlayışı altında öyrədilən, milli və əxlaqi-mənəvi kimliyinə Türk deməsi ya zorla qadağa qoyulan, ya da hər hansısa formada bunu ifadə etməkdə problem yaşayan məhz Türklərin, xüsusilə də Azərbaycan türklərinin olması bir gerçəklikdir.
Azərbaycan türkləri sahibi olduğu dövlətlərdə (Kuti, Subar, Turukkum, Midiya, Masagetlər, Xəzərlər, Sacilər, Azərbaycan Atabəyləri, Elxanilər, Baharlılar, Bayandırlılar, Səfəvilər, Əfşarlar, Qacarlar və b.) heç bir mədəni, siyasi, irqi ayrı-seçkilik etmədiyi halda, ancaq son əsrlərdə bunun ən acı təcrübəsini görmüşdür. Ən maraqlı məsələ odur ki, bu günün özündə də Azərbaycan türkləri ən azı iki bir-birinə zidd həyat yaşamaqdadır. Belə ki, tarixi Kuti, Turukkum Manna, Midiya, Səfəvilər, Əfşarlar, Qacarlar dövlətlərinin ərazisində bu gün qeyri-qanuni hakimiyyət sürən sözdə “İran İslam” rejimi türkləri, o cümlədən Güney Azərbaycan türklərini az qala bütün milli haqlardan məhrum etmişdir. İrançı, “şiə”çi Molla-Fars rejimində yalnız öz dilini və milli kimliyini inkar edən türklər siyasi və dini hakimiyyətdə yer tuturlar. Ancaq Türk dilini, Türk kimliyini və Azərbaycan türklüyü ideyasını yaşatmaq istəyənlərə qarşı isə çox amansızcasına rəftar edilir. İrançı, “şiə”çi mollaların bu cür əməllərinə isə əksər Qərb dövlətləri göz yumurlar, çünki onlar belə bir şəraiti özləri hazırlamışlar. Ona görə də, bu bölgədə gedən azərbaycansızlaşdırma və türksüzləşdirmə siyasətində də irançı, “şiə”çi molla rejimi qədər əksər Qərb dövlətləri də maraqlıdırlar.
Yeri gəlmişkən, ancaq böyük Türk dövlətlərinin, o cümlədən Bütöv Azərbaycanın kiçik bir hissəsində müstəqilliyini əldə etmiş Azərbaycan Cümhuriyyətində isə Qərb dövlətləri və onun buradakı əlaltıları Azərbaycan türklüyünün ön planda olmaması üçün əllərindən gələni edirlər. Artıq heç kəsə sirr deyil ki, Azərbaycan Cümhuriyyətində Türk milli və əxlaqi-mədəni kimliyinin arxa plana keçirilməsi və digər məsələlərdə Qərb dövlətləri, o cümlədən Rusiya Federasiyası və “İran İslam” rejimi mühüm rol oynamışdır, bu rolu oynamağa da davam edirlər.
Bu baxımdan son illərdə nəşr olunan kitablarımızın (“Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış. II hissə” (2014), “Turan sivilizasiyasına giriş: Turan məfkurəsi və tanrıçılıq” (2017), “Azərbaycan Türk fəlsəfi və ictimai fikir tarixi. XIX-XX əsrlər. I hissə” (2018)) elmi ictimaiyyətdə geniş əks-səda doğurmasını təbii hal hesab edirik. Çünki həmin kitablarda Qərb, Avropa və Rusiya metodologiyası ilə daban dabana zidd olan məsələlər vardır. Azərbaycan Respublikasının elmi ictimaiyyəti də xeyli dərəcədə Qərb, Avropa və Rusiyadan ixrac olunan ideyaların təsirindən tamamilə qurtula bilmədiyi üçün mənfi yöndən “monolitləşmiş”, stereotipləşmiş yad ideyalardan kənara çıxmaqda çətinlik çəkir. Üstəlik, həmin ideyaların nüvəsindən kənara çıxmağa çalışanlar, ya da çıxanlar antiazərbaycan, antitürk qüvvələr tərəfindən müxtəlif üsullarla sözdə “ağıllandırmağ”a məcbur edilirlər.
Burada çox incə məsələ odur ki, yad ideyaların təsiri altında formalaşmış stereotipləri bilərəkdən ya da bilməyərəkdən, müstəmləkəçiliyin təsirinə məruz qalmış bəzi tarixçilər, filoloqlar, fəlsəfəçilər, politoloqlar və başqaları da müdafiə edirlər. Belələri üçün “monolitləşmiş”, stereotipləşmiş yad ideyalar az qala doqmatik xarakter daşıyır və ondan kənara çıxmaq mümkünsüz hesab olunur. Hətta, vaxtilə imperiya maraqları naminə Sovet Rusiyasının ideoloqları uydurduqları tarixdən, fəlsəfədən, siyasətdən bəzən imtina etdikləri halda, ancaq Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və digər postsovet məkanına aid türksoylu ölkələrin bəzi tarixçiləri, filoloqları, fəlsəfəçiləri, politoloqları həmin uydurmaları hələ də müdafiə etməyə çalışırlar. Bu cür mövqedən çıxış edənlər yalnız “yuxarı”dan (xüsusilə də istər dövlətdə mühüm vəzifə tutanlardan, istərsə də akademik titulu ünvanı daşıyanlardan) milli konsepsiya ilə bağlı hər hansı fikirlər, mülahizələr səslənəndə, yaxud da məqalələr yazılanda dərhal ona uyğun adaptasiya olurlar. Daha sonra da “yuxarı”dan ortaya atılmış həmin fikirlərin, məqalələrin ətrafında müzakirlər aparılır, məqalələr yazılır.
Ancaq milli konsepsiya ilə bağlı eyni müddəalar “aşağı”dan səslənəndə isə ya qulaqardına vurulur, ya da tənqid atəşinə tutulur. Üstəlik, Qərb, Avropa və Rusiya ideyalarından əsasən uzaqlaşıb Azərbaycan Türk dünyagörüşünə, Türkçülük şüuruna əsaslanan milli konsepsiyanın təkmilləşdirilməsi istiqamətində iş aparanlara qarşı elmi ictimaiyyət daxilində mənfi rəy formalaşdırılmağa və gözdən salınmağa çalışılır. Halbuki milli konsepsiya ilə bağlı eyni müddəalar bu və yad digər formada “yuxarı”dan da səsləndilir, yaxud da qələmə alınır. Belə olduğu təqdirdə, “yuxarı”dan milli konsepsiya ilə bağlı irəli sürülmüş fikirləri çox vaxt “aşağı”dan irəli sürülmüş fikirlərlə uzlaşdırmaq əvəzinə, bir çox hallarda kənara çıxmalara yol vermək, xüsusilə də Qərb və Rusiya metodlarını davam etdirmək qətiyyən doğru deyildir.
Bizim artıq bir metodologiyamız olmalıdır: Türk yolu, Türk metodologiyası. Xüsusilə də, son illərdə Türk dövlətləri arasında yalnız siyasi, iqtisadi, hərbi sahədə deyil, elm və mədəniyyət sahəsində də ortaya qoyulan iradə Türk metodologiyasını qaçınılmaz etmişdir. Bizcə, Türk Şurasının, ya da Türk Keneşinin 2021-ci ilin payızından etibarən Türk Dövlətləri Təşkilatına çevrilməsi də məhz Türk metodologiyasının yeganə doğru yol olmasını ortaya qoymaqdadır. Çox sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatında aparıcı rolu Azərbaycan və Türkiyə oynamaqdadır.
Bu anlamda Azərbaycanın milli konsepsiyası da ilk növbədə, Azərbaycanizm və Türklüyün bütünlük fəlsəfəsindən keçir. Azərbaycanizm və Türklüyün bütünlük fəlsəfəsi (Azərbaycan Türk fəlsəfəsi) isə milli azlıqlara, etnoslara, etnik qruplara münasibətdə yüzillər boyu hökm sürən Türk dünyagörüşündəki ədalətlilik, insanlıq, sosial bərabərlik ideyalarının davamıdır. Bütün bunlar da, ilk növbədə, milli fəlsəfənin dərki ilə bağlıdır. Çünki milli fəlsəfəni dərk etmədən, yəni Türk fəlsəfəsini, Türk dünyagörüşünü anlamadan azərbaycanlığımızı, islamlığımızı və insanlığımızı sözün həqiqi mənasında ortaya qoymaq çox çətin məsələdir. Deməli, Azərbaycan türkləri üçün ən başlıca vəzifə ilk növbədə türklüyünü, onunla yanaşı azərbaycanlığını, islamlığını və insanlığını dərk etməkdir. Fikrimizcə, hazırda milli fəlsəfəmizin əsasını da bu dörd ideya təşkil edir. Məhz bu dörd ideyanın hər biri də hərfi mənasından tutmuş siyasi-ideoloji və fəlsəfi izahlarına qədər milli konsepsiya əsasında ortaya qoyulmalıdır. Bir sözlə, bu məfhumları milli konsepsiya çərçivəsində elə bir şəkildə sistemləşdirilməlidir ki, oxşar və fərqli cəhətlərindən asılı olmayaraq tarixi Azərbaycan Türk dövlətçiliyinin bərpası (Azərbaycan Atəbəyləri, Elxanilər, Baharlılar, Bayandurlular, Səfəvilər, Əfşarlar, Qacarlar dövründə olduğu kimi) işinə xidmət etmiş olsun.
Beləliklə, milli konsepsiyamızın dörd təməl ideyası vardır: Azərbaycan(lılıq),Türk(lük), İslam(lıq) və İnsan(lıq). Şübhəsiz, bu dörd ideyanın hər birinin milli konsepsiyada mühüm əhəmiyyəti vardır. Sadəcə, burada önəmli olan həmin ideyaların həm ayrı-ayrılıqda, həm də bir yerdə oxşar və fərqli cəhətlərindən asılı olmayaraq bir bütün kimi dərk edilməsi ilə bağlıdır. Deməli, əsas problem bir tərəfdən anlayışların hərfi mənadan tutmuş siyasi-ideoloji, ya da fəlsəfi yozumuna qədər müxtəlif bir-birinə zidd qütblərdə düyünlənməsindən, digər tərəfdən isə həmin “düyünlərin” fərqli prizmalardan açılmasından, yəni “kələfin ucu”nun (Qordi düyünü kimi) müxtəlif istiqamətlərdə tapılmasından ibarətdir.