Mahir Qəribov
Tarix üzrə fəlsəfə doktoru
Azərbaycan mədəniyyəti, mənəvi irsi xalqımızın minilliklər boyu yaratdığı, nəsildən-nəsilə ötürdüyü, zəngin bir mirasdır. Bu irs Azərbaycanın özünəməxsusluğunu dünyaya tanıdan başlıca vasitədir. 2026-cı il yanvarın 14-də Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Mədəniyyəti- 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası ölkəmizin mədəni siyasətinin uzunmüddətli strateji sənədidir. Bu konsepsiya mədəniyyəti yalnız incəsənət və irs çərçivəsində deyil, cəmiyyətin davranış modeli, bilgi mədəniyyəti, milli kimlik və yumşaq güc vasitəsi kimi geniş şəkildə nəzərdən keçirir. O, 2026–2040-cı illəri əhatə edən üç mərhələdə (2026–2030, 2031–2035, 2036–2040) həyata keçiriləcək və milli-mənəvi dəyərlərin qorunması ilə yanaşı, qloballaşma şəraitində Azərbaycan mədəniyyətinin beynəlxalq inteqrasiyasını hədəfləyir.
Konsepsiya Türk dünyası və Azərbaycan kontekstində xüsusi əhəmiyyət kəsb edir. Bu vizyonda türk dövlətlərinin ortaq mədəni irsinin qorunması, təbliği və mədəni fəaliyyətinin inkişafı ön plana çıxarılır. “Azərbaycan Mədəniyyəti- 2040” bu vizyonu milli səviyyədə dəstəkləyərək Azərbaycanın tarixi-coğrafi məkanında mədəni irsin bərpası, Azərbaycan dilinin regional rolunun gücləndirilməsi və qonşu türk dövlətlərlə dostluq münasibətlərinin dərinləşdirilməsini əsas prioritetlər sırasına daxil edir.
1. Ortaq mədəni irsin qorunması və təbliği
Konsepsiya Azərbaycan xalqının yaratdığı mədəni irsin bu coğrafiyada atribusiyası və qorunmasını nəzərdə tutur. Bu, türk dünyasının ortaq dəyərləri- dil, ədəbiyyat, musiqi, folklor, xalçaçılıq və digər qeyri-maddi irs elementləri ətrafında birgə layihələr üçün geniş platforma yaradır. Türk dövlətləri ilə birgə festivallar, sərgilər, musiqi və incəsənət layihələri, ortaq seriallar və rəqəmsal platformalar vasitəsilə Azərbaycan mədəniyyətinin türk dünyasında daha geniş auditoriyaya çıxmasına imkan verir. Azərbaycanın regional rolunun artırılması tarixi coğrafiyada “mədəni inkişaf” konsepsiyası kimi türkdilli ölkələrlə ədəbiyyat, təhsil və media sahəsində əməkdaşlığı stimullaşdırır.
2. Yaradıcı sahələr, etnoturizm və iqtisadi əməkdaşlıq
Konsepsiya mədəni və yaradıcı sənayelərin inkişafını prioritet kimi qoyur. Türk dünyası daxilində birgə kinematoqrafiya, animasiya, dizayn və etnoturizm layihələri iqtisadi fayda ilə yanaşı, mədəni bağları möhkəmləndirəcək. Regional mədəni infrastrukturun modernləşdirilməsi (regionlarda mədəni mərkəzlər, rəqəmsallaşdırma) isə türk ölkələrindən gələn turist və mədəniyyət işçiləri üçün daha əlçatan mühit yaradacaq. Azərbaycan mədəniyyəti minilliklərin süzgəcindən keçmiş, əsrlərin əmanəti, keçmişin yaddaşı, xalqımızın mənəvi dəyərləri və yaradıcılıq gücünün ifadəsidir. Qobustan qayalarındakı petroqliflərdən başlayaraq, Xınalıq və Lahıc kəndlərinin qədim adət-ənənələrinə, Pəri qalası, Nur məbədi kimi mistik abidələrə, Şirvanşahlar sarayından Möminə Xatun türbəsinə qədər uzanan tarixi abidələrimiz xalqımızın varlıq möhürü, mədəni kimliyimizin daşlaşmış şahididir. Bu abidələr sadəcə daş və kərpic yığını yox, Azərbaycanın dövlətçilik, tolerantlıq və multikulturalizm dəyərlərinin, eləcə də yüksək mənəviyyatın təcəssümüdür. Çünki, vətəndaşlıq borcu yalnız torpaqlarımızın müdafiəsi ilə məhdudlaşmır. Bu həm də mədəni irsimizin qorunması və dünya miqyasında təbliği ilə bağlıdır.
3. Diaspor və gənclərin iştirakı
Konsepsiya diaspora və gənc mütəxəssislər vasitəsilə türk dünyası ölkələrində yaşayan Azərbaycan diasporu və türk gəncləri arasında birgə təşəbbüslər, seminarlar və onlayn platformalar vasitəsilə yeni nəslin ortaq mədəni şüurunun formalaşmasına imkan yaradacaq. Birgə tərcümə proqramları, ortaq dərsliklər və rəqəmsal məzmun yaradılması bu istiqamətdə işbirliyini gücləndirir. Bu işbirliyinin reallaşması üçün Mədəniyyət Nazirliyinin xüsusi tədbirlər planı hazırlaması Azərbaycanın mədəniyyətini yalnız qorumaqla qalmır, həm də bizə qardaş türk xalqları ilə birgə gələcəyin strateji inkişaf imkanlarını göstərir. Bu gün Qarabağda elm və təhsil müəsisələrinin yaradılması da milli-mənəvi dəyərlərin qorunması, elm və mədəniyyət sahəsində sistemli inkişafın göstəricisidir. Bu sahə üzrə əlaqələrin gücləndirilməsi, elmi-texniki bazanın, kadr potensialının artırılması və bu sahənin inkişafı dövlətimizin başlıca prioritet istiqamətlərindəndir.
“Azərbaycan Mədəniyyəti- 2040” Konsepsiyası həm də “Türk dünyası və Azərbaycan” arasında mənəvi birlik, strateji körpü rolunu oynayır. Prezident İlham Əliyevin Andiçmə mərasimində söylədiyi “Bu, bizim üçün əsas beynəlxalq təşkilatdır, çünki bu, bizim ailəmizdir. Bizim başqa ailəmiz yoxdur. Bizim ailəmiz Türk dünyasıdır” fikri türk dövlətləri arasında mədəni inteqrasiyanı dərinləşdirməklə yanaşı, Azərbaycanı türk dünyasının mədəni və siyasi mərkəzlərindən biri kimi Azərbaycanın gücünü qlobal miqyasda daha da artırır. Bu layihə ölkəmizin mədəni siyasətində strateji əhəmiyyətə malikdir. Azərbaycanın zəngin mədəni irsini qorumaq, beynəlxalq səviyyədə təbliğ etmək, tarixi mədəni irsin innovativ texnologiyalar vasitəsilə təqdim olunmasını, ölkəmizdə milli-mənəvi dəyərlərə bağlılığın gücləndirilməsini və təbliğini nəzərdə tutur. “Azərbaycan Mədəniyyəti-2040” layihəsi eyni zamanda müasirliklə tarixilik arasında bir mənəvi bağlılıq yaradır. Azərbaycan mədəniyyətini qlobal mədəniyyət məkanında layiqincə təmsil etməyə, ölkəmizin nüfuzunu daha da artırmağa xidmət edir. Layihə çərçivəsində aparılan işlər, həyata keçirilən mədəni tədbirlər, beynəlxalq konfranslar və nəşrlər Azərbaycanın çoxəsrlik mənəvi irsinin dünya ictimaiyyətinə çatdırılmasında mühüm rol oynayır.
Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, işğaldan azad edilmiş ərazilərdə tarixi abidələrin bərpası, infrastrukturun yenidən qurulması, Azərbaycan dövlətinin mədəni irsə verdiyi yüksək dəyərin bariz nümunəsidir. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, mədəniyyət və təhsil olmadan heç bir inkişaf mümkün deyil. Bu gün Xankəndindəki Qarabağ Universiteti, Qarabağdakı quruculuq fəaliyyəti həm də mənəvi quruculuqdur. Bu torpaqlarda hər bir bərpa olunmuş məscid, mədəniyyət evi, tarixi abidə xalqımızın qələbəsinin və gələcəyə inamının simvoluna çevrilir. Klassik ədəbiyyatımızdan müasir incəsənətimizə, muğam sənətimizdən dünya səviyyəsində tanınan gənc musiqiçilərimizə qədər bu mədəniyyət həm tarixi köklərə bağlılıq, həm də dünya mənəvi irsinə dəyərli bir töhfədir. “Azərbaycan Mədəniyyəti-2040” layihəsi məhz bu harmoniyanı gələcəyə daşıyacaq ən mühüm vasitələrdən biridir.
İnanırıq ki, hər bir azərbaycanlı bu mirasa sahib çıxmaqla, dövlətimizin quruculuq işlərini dəstəkləməklə öz vətəndaşlıq missiyasını layiqincə yerinə yetirmiş olacaq və bu sahədə iş görənlər xalqın yaddaşına əbədilik həkk olunacaq. Mədəniyyət xalqın ruhu, tarix isə onun canlı yaddaşıdır. Milli ruhu və yaddaşı qorumaqla Azərbaycan mədəniyyəti əsrlərin, minilliklərin əmanəti olaraq yaşayacaq və layiq olduğu şəkildə inkişaf edəcək!