Kamil Şahverdi
V yazı
(əvvəli BU LİNKDƏ)
Xəyal deyil Turan.
Türkiyənin böyük, lakin unudulmuş bəstəkarı İsmayıl Zühtü Bəyin Əskişehirdə gənc şair Kemalettin Kaminin sözlərinə bəstələdiyi "Türkün Duası" İzmirin işğal səbəbindən matəm içində olan bütün millətin duası idi. Bu əsər ölkənin hər yerində, məktəblərdə uşaqların, tədbirlərdə gənclərin, qız-gəlinlərin, anaların dilindən düşmürdü. Əsər o qədər məşhur idi ki, 1913-cü ildə Fuat Köprülünün Balkan savaşı səbəbindən yazdığı "Türkün Duası" adlı mənzum pyesi Milli Mücadilə dönəmində səhnələşdirilərkən tamaşaya daxil edilmişdi.
Türkün Duası
Sarmış matem buraları
Saz benizli ovaları
Boynu bükük yuvaları
Sen himaye et Yarabbi!
Bir gün sabah olur diye
Katlandık her işkenceye
Bu nihayetsiz geceye
Bir nihayet et Yarabbi!
İsmayıl Zühtü Bəyin yazdığı əsərlərin demək olarki əksəriyyəti Türkçülüyə, Milli oyanışa, Vətən sevgisinə həsr olunub. Onun "Türk Ocağı Marşı", "İzmir Yurdu Marşı" "Hamidiyanın Akını", "Hürriyetin Sesi", "Koroğlu", "Selanik Marşı" ən məşhur əsərlərindəndir.
Türkiyədə Milli Mücadilə dönəmində Mustafa Kamal Paşa Qərb Cəbhəsində
Avropa musiqi janrlarında müxtəlif əsərlər yazan ilk bəstəkar İsmayıl Zühtü Bəy qardaş Türkiyə musiqi tarixinin ən önəmli simalarındandır. O "Tezer" adlı ilk operanın müəllifi olsa da, bütün mənbələrdə Türkiyədə ilk opera kimi Ahmed Adnan Sayqunun "Özsoy" operası qeyd olunur. Bunun səbəbinə varmadan bəzi tarixi faktları diqqətinizə çatdırmaq istəyirəm.
1934-cü ildə Mustafa Kamal Atatürk İran Şahı Riza Şah Pəhləvinin Türkiyəyə planlaşdırılan səfəri münasibətiylə 27 yaşlı gənc bəstəkar Adnan Sayquna opera yazmağı sifariş edir. 1 pərdəli, 12 şəkilli "Özsoy" operasının librettosu Münir Hayri Egel tərəfindən Firdovsinin "Şahnamə" əsərinin motivləri əsasında qələmə alınıb. Qısa bir zamanda, yazılması və səhnəyə qoyulması cəmi iki ay ərzində baş tutmuş "Özsoy" operasının ilk tamaşası 1934-cü il 19 iyunda Ankara Halkevində nümayiş olunur. İlk tamaşanı Atatürk və Riza Şah Pəhləvi birlikdə izləmişlər.
İsmayil Zühtü Bəy bundan çox-çox əvvəl, 1910-cu illərin ortalarında "Tezer" operası yazmışdır. O, şair, dramaturq, diplomat Abdülhak Hamit Tarhanın 1879-cu ildə qələmə aldığı "Tezer" əsərini libretto kimi götürmüşdür. "Tezer" operası ilk dəfə İzmirdə 1910-cu illərin ortalarında yoxsul və kimsəsiz uşaqlar üçün nümayiş olunmuşdur.
(Seymen Özdeniz. Türk Müzik Tarihinin Kayıp Bəstəçisi: İsmail Zühtü. s. 95. İzmir, 2023)
Beləliklə, məlum olur ki, Türkiyə musiqi tarixinin ilk opera müəllifi Adnan Sayqun deyil, İsmayıl Zühtü Bəydir.
Bundan başqa o Türkiyədə ilk simfoniyanın, ilk sonatanın, kamera instrumental janrın yaradıcısıdır. İsmayıl Zühtü Bəy Türkiyə Cümhuriyyətinin ilk dövlət sənətçisi adına layiq görülsə də, sonrakı illərdə adı unudulmuş, əsərləri it-bata düşmüşdür. Bəstəkarlıqla yanaşı İsmayıl Zühtü Bəy pedaqoji fəaliyyəti, musiqi tədrisinin təşkili sahəsində də misilsiz xidmətlər göstərmişdir. Türkiyənin ən görkəmli bəstəkarlarından olan Ahmed Adnan Sayqunun da ilk müəllimi İsmayıl Zühtü bəy olmuşdur.
Nəriman Nərimanovun arxivindən tapılan Azərbaycan Marşının sözləri
Böyük bəstəkar, dərin düşüncə sahibi İsmayıl Zühtü Bəy Türkiyə Cümhuriyyəti öncəsi dönəmində qardaş Azərbaycan xalqının öz müstəqilliyini elan etməsini ürəkdən alqışlamış və AXC-nin 1920-ci ildə Dövlət himni müsabiqəsinə qoşulmuş və "Azərbaycan Marşı" yazaraq Bakıya göndərmişdir. Qeyd edilməlidir ki, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması müharibə od-alovuna bürünmüş qardaş Türkiyədə böyük coşku ilə qarşılanmışdır. Türkiyənin siyasi xadimləri, diplomatları, düşüncə insanları,millətçilər, türkçülər, elm və ədəbiyyat nümayəndələri, sənətkarlar bu hadisədən qürur duyaraq ən çətin tarixi anlarını yaşamaqlarına baxmayaraq Azərbaycanın yanında olmuş və bütün Şərqdə, İslam aləmində, Türk dünyasında qurulmuş ilk Cümhuriyyəti ürəkdən alqışlamışlar.
İsmayıl Zühtü Bəyin bəstələdiyi "Azərbaycan Marşı" ilə əlaqədər olduqca maraqlı məqamları qeyd etməyi vacib hesab etdiyim üçün bu əsərin yazılması, Azərbaycana göndərilməsi, illər sonra necə, hardan və kim tərəfindən aşkarlanması haqqında topladığım məlumatları diqqətinizə çatdırıram. Onu da bildirim ki, İsmayıl Zühtü Bəy Türkiyənin İstiklal Marşına da musiqi bəstələmişdir. Mehmet Akif Ersoyun yazdığı İstiklal Marşının zəngin tarixinə aid yazının növbəti hissələrində geniş yer ayırmağı nəzərdə tutmuşam. Həmin hissələrdə İstiklal Marşının yazılma səbəbi, tarixi şəraiti haqqında ətraflı məlumat veriləcəkdir.
Kardeş Salamı - Azərbaycan Marşı
Hilal artık söndü diye
Sevinmişti düşman niyə?
Hilal birken iki oldu
Selam bizden ikinciye!
Azerbaycan, Azerbaycan
Alkışladık seni candan.
Anamız bir, babamız bir
Azerbaycan öz kardeştir.
Zaten biriz, fakat yarın
Bütün bütün birleşilir!
Azerbaycan, Azerbaycan
Bildik hayal değil Turan!
İlk dəfə bu əsər haqqında 2001-ci ildə hörmətli alimimiz, Tarix üzrə fəlsəfə doktoru, DİA-nın Tarix kafedrasının müdiri Firdovsiyyə Əhmədova məlumat vermişdi. "Elmi araşdırmalar" jurnalının 2001-ci il 3-4-cü sayında (səh. 192-194) "Ədəbi qayıdışa ölüm imkan vermədi" adlı məqaləsində Firdovsiyyə xanım AMEA Əlyazmalar İnstitutunun arxivində görkəmli dövlət xadimi Nəriman Nərimanova aid bir neçə sənədin aşkarlandığı haqqında maraqlı yazı ilə çıxış etmişdi. Tarixçi alim qeyd edir ki, Əlyazmalar İnstitunun arxivində əski əlifba ilə yazılmış dörd kağız vərəq-şeirin üçü oxşar, biri fərqli xətt formasına malikdir. Oxşar xəttlə yazılmış sənədlərdən biri Nəriman Nərimanovun ölümündən bir qədər əvvəl, 1925-ci ilin yanvar ayında 5 yaşlı oğlu Nəcəfə yazdığı vəsiyyətnamə-bitməmiş məktubudur. Məktub nəzmlə yazılmış, dörd bəndlik şeir formasındadır. Fərqli xəttlə yazılan isə ASSR Xalq Komissarları Soveti sədrinin şəxsi katibi vərəqində yazılıb.
Bu arxiv sənədini mən də əldə edib diqqətlə baxdım. ASSR Xalq Komissarları Soveti sədrinin şəxsi katibinin vərəqində yazılmış iki bəndlik şeirin 1922-ci ildə qələmə alındığı qeyd olunur. Bu olduqca maraqlı fakt çox diqqətçəkəndir və bəzi mülahizələrə yol açır. Yuxarıda qeyd olunduğu kimi İsmayıl Zühtü Bəy 1920-ci ildə AXC Hökumətinin dövlət himni haqqında elan etdiyi müsabiqədə iştirak etmək üçün əsər yazır və Azərbaycana göndərir. 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə XI qırmızı ordunun ölkəmizi işğalı nəticəsində dövlət himni üçün elan olunmuş müsabiqəni yekunlaşdırmaq mümkün olmamışdı. Müsabiqədə iştirak etmək üçün AXC Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim olunmuş əsərlərin sonrakı taleyi haqqında bu günə qədər heç bir məlumat əldə olunmayıb. Ona görə də Nəriman Nərimanovun șəxsi arxivində saxladığı, daha sonra AMEA-nın əlyazmalar institutuna təhvil verilən bu sənəd böyük əhəmiyyət kəsb edir.
(ardı var)