Putinin Ukrayna üçün “B planı”: Müharibədə nə dəyişəcək? - ŞƏRH


Putinin Ukrayna müharibəsi ilə bağlı mümkün “B planı” hazırladığına dair iddialar fonunda Moskva ilə Kiyev arasında diplomatik proses yenidən diqqət mərkəzinə gəlib.

Son günlər tərəflərdən sülh danışıqlarına dair fərqli, lakin bir-birini tamamlayan mesajlar səslənir. Ukrayna mümkün yeni Rusiya hücumlarına qarşı hava hücumundan müdafiəsini gücləndirməyə çalışır və xüsusilə “Patriot” sistemlərinə ehtiyac olduğunu bildirir.

Digər tərəfdən, Kreml Rusiya və ABŞ arasında təmasların davam etdiyini, Moskvanın Ukrayna məsələsində sülh danışıqlarına açıq olduğunu bildirir. Ukrayna tərəfi də sentyabrda Rusiya ilə danışıqların bərpası imkanını nəzərdən keçirdiyini açıqlayıb.

Bəs “B planı” nədir və bununla bağlı mümkün ssenarilər hansılardır? Turkustan.az bu sualları politoloq Züriyə Qarayevaya ünvanladı.

Politoloq Züriyə Ruslanqızı-Qarayeva (@politoloq_dr.zuriyaruslanqizi) •  Instagram photos and videos

Züriyə Qarayeva

Putinin nəzərdə tutduğu “B planı”nın konkret detalları açıqlanmasa da, bunun diplomatik proses nəticə vermədiyi halda Rusiyanın hərbi və siyasi təzyiqi artırmasını nəzərdə tutduğu ehtimal edilə bilər. Moskva cəbhədə yeni hücum istiqamətləri açmaq, Ukraynanın enerji və hərbi infrastrukturuna zərbələri intensivləşdirmək, eyni zamanda nəzarət etdiyi ərazilərdə mövqelərini möhkəmləndirmək istəyir. Digər tərəfdən, “B planı” yalnız hərbi ssenari deyil, Ukraynaya verilən Qərb dəstəyini zəiflətmək, Avropa ilə ABŞ arasındakı fikir ayrılıqlarından istifadə etmək və Kiyevi daha ağır şərtlərlə danışıqlara məcbur etmək cəhdi də ola bilər.

Belə bir strategiyanın həyata keçirilməsi qısamüddətli dövrdə müharibənin daha da şiddətlənməsinə və sülh danışıqlarının çətinləşməsinə səbəb ola bilər. Rusiya hərbi üstünlük əldə etdiyini düşünərsə, atəşkəs üçün irəli sürdüyü tələbləri sərtləşdirəcək; Ukrayna və onun tərəfdaşları isə bunu təzyiq altında kapitulyasiya cəhdi kimi qiymətləndirəcəklər. Bununla belə, “B planı” ifadəsi danışıqlarda qarşı tərəfin mövqeyini yumşaltmağa hesablanmış psixoloji təzyiq vasitəsi də ola bilər. Nəticə etibarilə, bu yanaşmanın təsiri Rusiyanın real hərbi imkanlarından, Ukraynaya Qərb yardımının davamlılığından və tərəflərin qarşılıqlı güzəştə nə dərəcədə hazır olmasından asılı olacaq.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ