İranın ABŞ-a münaqişəyə son qoymaq üçün yeddi günlük plan təqdim etdiyi bildirilir.
Turkustan.az xəbər verir ki, təklifə Hörmüz boğazının yenidən açılması və nüvə danışıqlarının bərpası daxildir.
“New York Times” qəzetinin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində keçirilən mətbuat konfransında Tehran tərəfindən Vaşinqtona belə bir təklif göndərildiyini açıqlayıb.
Əraqçinin sözlərinə görə, planın şərtləri yerinə yetirilərsə, hərbi əməliyyatlar dayandırılacaq, Hörmüz boğazı yeddinci günün sonuna qədər gəmiçilik üçün açılacaq və daha sonra hərtərəfli nüvə danışıqlarına başlanılacaq.
O bildirib ki, təklif ABŞ və İran arasında iyun ayında əldə olunan, lakin qısa müddət sonra pozulan anlaşmanın şərtlərinə bənzəyir və Vaşinqtonun razılığı ilə dərhal həyata keçirilə bilər.
Əraqçi deyib: “Vasitəçilər vasitəsilə ABŞ-a müəyyən şərtlər yerinə yetirildiyi təqdirdə, yeddinci günün sonunda Hörmüz boğazının açılacağı və danışıqların davam edəcəyi planını təqdim etdik”.
Nazir razılaşmanın ABŞ-da keçiriləcək ara seçkilərdən əvvəl əldə olunmasının daha yaxşı olacağını da qeyd edib.
Danışıqlardan xəbərdar olan amerikalı rəsmi isə administrasiyanın vasitəçilər vasitəsilə müsbət və konstruktiv əlaqələr qurduğunu, lakin ABŞ-ın razılaşmaya tələsmədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az