Ruhuna və bədəninə qiymət biçmək insani bir davranış deyil


Xalidə Əli qızı
filologiya üzrə fəlsəfə doktoru

Bu barədə yazım, yoxsa yazmayım deyə çox düşündüm.

Belə mövzularda adətən “ciddi” adamlar danışmaz. “Sənə yaraşmaz”, “bu mövzunu niyə belə açıq danışırsan?” deyənlər olar, bəlkə də. Bəlkə məni qınayanlar da tapılar. Amma sonra bir qədər kənara çəkilib ətrafımda dolaşan söhbətlərə baxdım. Düşündüm ki, bir faiz insanı belə bu barədə başqa cür düşünməyə vadar edə bilsəm, kifayətdir.

Dünən qəribə bir söhbətin içində qaldım.

Gözəl, sarışın, alagözlü bir qadın haqqında danışılırdı. Mənim ilk baxışda xoşuma gəlməsinin səbəbi də, yəqin ki, elə zahiri görünüşü idi. Amma ətrafımdakıların onun haqqında tamam başqa bir “gözəllik ölçüsü” vardı: “O elə-belə qadın deyil. Hər adamla oturub-durmaz. Əri öləndən sonra həyatına üç-dörd nəfər girib. Amma elə hər adam deyil. Prokurorlar, rəislər.

Bu cümlələr elə rahatlıqla deyildi ki, heç kimdə qəribəlik hissi yaratmadı. Qadının özü də bir az “böbürlənərək” dedi: “Bəs nə... Elə əzik-məzık adamlar mənlik deyil.

Mən isə həmişəki kimi həmin məclisdə “yad planetdən gələn” adam kimi qaldım. Çünki hamının adi qəbul etdiyi şey mənə bir sual kimi ilişib qalmışdı: “Bəyəm insanın, qadının, kişinin bədəni həqiqətən qiymət biçilməsi mümkün olan bir şeydir? Bir bədənin iyirmi manata “satılması” ilə bir villa, bahalı avtomobil, vəzifə və imkan sahibi bir insanın qarşılığında “seçilməsi” arasında mənəvi baxımdan doğrudanmı böyük fərq var? Məncə, yox. Sadəcə qiymət dəyişir. Məntiq dəyişmir.

Və məni ən çox düşündürən də budur: insan özünə biçdiyi qiyməti necə olur ki, öz dəyəri hesab edir? Bəlkə də məsələ elə uşaqlıqdan başlayır. Uşağa nə öyrədirik: “Yanındakı adamın pulu, vəzifəsi, adı varsa, sən də “səviyyəli”sən?”. Və sonra o uşaq böyüyür və bir gün öz dəyərini öz içində yox, başqasının cibində axtarmağa başlayır. Halbuki insanın qiyməti olmur. İnsanın dəyəri olur.

Pulu və vəzifəsi olan insanın başqa bir insanın bədəni üzərində avtomatik olaraq heç bir haqqı yaranmır. Varlı olmaq, vəzifəli olmaq, tanınmaq heç kimə başqa bir insanın ruhuna və bədəninə sahib olmaq imtiyazı vermir. Mən elə buna görə həmişə düşünmüşəm ki, Allah övladı ADAM olana verməlidir. Çünki uşağa veriləcək ən böyük miras nə evdir, nə pul, nə də vəzifə.

Özünə hörmətdir.

Bir qız bilməlidir ki, onun ruhu və bədəni kiminsə pulunun, vəzifəsinin, diqqətinin və ya seçiminin mükafatı deyil. Bir oğlan da bilməlidir ki, kişilik həyatından neçə qadının keçməsi ilə ölçülmür. Özünə güvəni olan insan hər qapını döyüb özünü təsdiq etməyə çalışmır. Həyatında olan sevdiyi insan ona yetir. Çünki o, öz dəyərini hər yeni münasibətdə yenidən sübut etməyə ehtiyac duymur. Əlbəttə, burada bir həqiqəti də ayırmaq lazımdır.

Aldadılan insanla aldadan eyni deyil.

İnanaraq aldanan, etibar edib istifadə olunan, hiylə, manipulyasiya və ya məcburiyyətlə münasibətə sürüklənən insanı günahlandırmaq olmaz. İnsan bəzən öz iradəsi ilə yox, başqasının qurduğu tələnin içində qalır. Mənim söhbətim onlardan getmir. Söhbət özünü dəyərsizləşdirməyi “seçim”, başqasının pulunu isə “öz qiyməti” hesab etməyi normal sayan düşüncə tərzindən gedir. Son illərdə ətrafımızda bu cür münasibətlərin daha açıq, daha nümayişkaranə və bəzən hətta fəxrlə danışıldığını görürük. Bunu yalnız “əxlaq pozulub” deyib keçmək asandır.

Gənclərə sadəcə “belə etmə” deməklə heç nə həll olunmur. Onlara əvvəlcə izah etmək lazımdır: Sən niyə özünə hörmət etməlisən? Sən niyə “öz”ünü başqasının pulundan ayırmalısan? Sən niyə öz dəyərini kiminsə səni seçməsi ilə ölçməməlisən? Çünki bunları izah etməsək, sabah bizim demədiklərimizi başqa biri deyəcək. Sosial şəbəkələr deyəcək, küçə deyəcək, yanlış münasibətlər deyəcək, həyatın özü deyəcək. Və bəlkə də bu gün ən böyük problem “əxlaqsızlığın artması” deyil. Ən böyük problem insanın öz dəyəri haqqında yanlış təsəvvürlə böyüməsidir. Çünki öz dəyərini bilməyən insana istənilən qiyməti biçmək mümkündür. Bu gün iyirmi manat, sabah bir villa, o biri gün bir vəzifə… Amma bütün bunların heç biri insanın dəyəri deyil.

İnsan satılacaq bir şey deyil. Nə qadın, nə kişi. İnsanın qiyməti olmur. İnsanın dəyəri olur. Və mən istəyirəm ki, gələcəyin qızları da, oğlanları da bunu bir gün kiminsə acı sözü ilə yox, uşaqlıqdan eşitdikləri ən sadə cümlə ilə bilsinlər: “Sən özünü heç kimin qarşısında ucuzlaşdıracaq qədər dəyərsiz deyilsən.” Mənim bədənim və ruhum qiymət biçilməsi üçün deyil. Mən onları özümü xoşbəxt, dəyərli və güvəndə hiss etdiyim insana könüllü şəkildə etibar etmək üçün qoruyuram. Və bunun adı nə qürurdur, nə də özünü başqasından üstün görmək.

Bunun adı özünə hörmətdir!


MANŞET XƏBƏRLƏRİ