Nəhəng casusluq əməliyyatı başladı - Ərdoğan və nazirlərin məlumatlarına giriblər


Türkiyədə dövlətin kritik maliyyə məlumat sisteminə mümkün müdaxilə ilə bağlı genişmiqyaslı “siyasi və ya hərbi casusluq” istintaqı başlanıb.

Turkustan.az xəbər verir ki, ədliyyə naziri Akın Gürlekin açıqlamasına əsasən, İstanbul Respublika Baş Prokurorluğunun koordinasiyası ilə İstanbul və Ankarada əməliyyat keçirilib.

İstintaq çərçivəsində 22 şübhəli barəsində hüquqi prosedur başladılıb. Onlardan 5-i saxlanılıb, xaricdə olduğu müəyyənləşdirilən 16 nəfər barəsində həbs qərarı çıxarılıb, daha bir şəxsin axtarışı davam edir.

Araşdırmaya görə, 2012–2018-ci illərdə MASAK-ın kritik rəqəmsal infrastrukturunun hazırlanması və saxlanılması prosesində FETO-nun məxfi strukturları ilə əlaqəli şəxslərin və şirkətlərin təsirli olduğuna dair faktların müəyyənləşdirildiyi bildirilir.

Ən diqqətçəkən məqam isə MASAK-ın Enteqrasiya edilmiş Maliyyə Kəşfiyyatı Sistemi – EMİS-də aparılan texniki araşdırma zamanı siyasi nüfuz sahibi şəxslərlə bağlı qoruma mexanizminin deaktiv edildiyinin müəyyənləşdirilməsidir. İstintaq məlumatlarına əsasən, bundan sonra prezident Rəcəb Tayyib Ərdoğan, onun yaxınları və bəzi nazirlərlə bağlı sistemdə sorğular aparılıb. Bəzi məlumatların sonradan silinmiş ola biləcəyinə dair texniki izlərin də aşkarlandığı bildirilir.

Məhkəmə qərarı ilə AGMLAB A.Ş. və MRD A.Ş.-yə əl qoyulub və TMSF bu şirkətlərə qəyyum təyin edilib. Həmçinin sözügedən dövrdə MASAK-a rəhbərlik etmiş üç keçmiş sədrin ifadəsinin alınmasına qərar verilib.

İstintaq davam edir.

/Musavat.com


MANŞET XƏBƏRLƏRİ