Şirkətlər üçün vergi riski - Problem cərimədə deyil, riskin vaxtında görünməməsindədir


Çinarə Ağayeva
Biznes məsləhətçi

Biznesdə risk hər zaman böyük və gözlənilməz qərarlardan yaranmır. Bəzən şirkətin gündəlik fəaliyyəti çərçivəsində həyata keçirdiyi adi bir alış, xidmət müqaviləsi, ödəniş və ya tərəfdaş seçimi gələcəkdə vergi riski yarada bilər. Bu səbəbdən müasir biznes üçün vergi inzibatçılığı yalnız bəyannamələrin vaxtında təqdim edilməsi və vergilərin ödənilməsi məsələsi deyil. Əsas məsələ şirkətin həyata keçirdiyi əməliyyatların iqtisadi mahiyyətinin, sənədlərinin və maliyyə izlərinin bir-biri ilə uyğun olmasıdır.
Azərbaycan qanunvericiliyində riskli vergi ödəyicisinin müəyyən edilməsi üçün konkret meyarlar mövcuddur. 2024-cü ildə yenilənmiş qaydalara əsasən, əsas risklər sırasında real iqtisadi resurslar olmadan iş və xidmətlərin təqdim edilməsi, malların tələb olunan sənədlərlə əldə edilmədən təqdim olunması və əmtəəsiz əməliyyatların aparılması yer alır. Burada biznes üçün mühüm məqam var: əməliyyatın kağız üzərində rəsmiləşdirilməsi onun avtomatik olaraq risksiz olması demək deyil. Məsələn, şirkət müəyyən həcmdə xidmət göstərdiyini sənədləşdirirsə, həmin xidmətin göstərilməsi üçün şirkətin işçi qüvvəsi, avadanlığı, materialları və digər zəruri resursları olub-olmaması da əhəmiyyət daşıyır. Başqa sözlə, vergi inzibatçılığında yalnız “sənəd varmı?” sualı deyil, “bu əməliyyat real olaraq baş veribmi və iqtisadi əsaslandırması varmı?” sualı da ön plana çıxır.
Şirkətlər bəzən vergi riskini yalnız öz fəaliyyətləri ilə əlaqələndirirlər.Halbuki biznes tərəfdaşının fəaliyyəti də müəyyən hallarda risk yarada bilər. Bu baxımdan kontragentin seçilməsi şirkətin daxili nəzarət sisteminin bir hissəsi olmalıdır. Dövlət Vergi Xidməti vergi ödəyicilərinin qarşı tərəflə bağlı riskləri azaltması üçün “Kontragentləri araşdır” elektron xidmətini də təqdim edib. Xidmət vasitəsilə müəyyən şərtlərlə kontragent barədə vergi orqanında olan məlumatların əldə edilməsi üçün sorğu göndərmək mümkündür. Bu, sahibkar üçün sadə, amma vacib bir mesajdır. Belə ki, müqavilə imzalamazdan əvvəl tərəfdaşınızı tanıyın ismarışını verir. Şirkətin VÖEN-i, fəaliyyət istiqaməti, resursları, əvvəlki əməliyyatları, təqdim etdiyi sənədlər və həyata keçirəcəyi işin real imkanları ilkin risk qiymətləndirməsinin tərkib hissəsi olmalıdır. Vergi inzibatçılığı rəqəmsallaşdıqca risklərin görünməsi də asanlaşır. Müasir vergi sistemi artıq yalnız ənənəvi yoxlamalara əsaslanmır. Elektron məlumatlar, uçot sistemləri və müxtəlif informasiya mənbələri əməliyyatların daha geniş şəkildə təhlilinə imkan verir. Bu tendensiya biznesdən də yeni yanaşma tələb edir. Ona görə də, şirkət üçün əsas sual artıq “vergi yoxlaması gələcəkmi?” yox, “Əgər bu əməliyyat sabah təhlil edilərsə, onun real iqtisadi əsasını və sənədlərini tam izah edə biləcəyikmi?” olmalıdır. Məhz bu yanaşma vergi risklərinin əvvəlcədən idarə olunmasını mümkün edir.
Vergi nəzarətində 2026-cı ildən üfüqi monitorinq mexanizminin tətbiqi öz əksini tapıb. Bu model orta və iri vergi ödəyiciləri ilə vergi orqanları arasında daha şəffaf və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq mexanizminin qurulmasını hədəfləyir. Bu modeldə vergi risklərinin əvvəlcədən müəyyənləşdirilməsi, daxili nəzarət və hesabatlılıq mexanizmləri xüsusi əhəmiyyət daşıyır. Əslində, bu yanaşma biznes üçün əslində vacib bir mesaj verir: Vergi riskinin idarə edilməsi maliyyə və mühasibatlıq bölməsinin deyil, bütövlükdə şirkətin idarəetmə məsələsidir. Bəs, şirkətlər nə etməlidir? Fikrimcə, şirkətlərdə vergi risklərinin idarə olunması üçün ən azı beş istiqamətdə daxili nəzarət gücləndirilməlidir. Birincisi. kontragent yoxlanılmalıdır. Əməkdaşlıq ediləcək şirkətin real fəaliyyətinin və əməliyyat imkanlarının ilkin qiymətləndirilməsi vacibdir. İkincisi, hər əməliyyatın iqtisadi mahiyyəti sənədlə təsdiqlənməlidir. Müqavilə, elektron qaimə, təhvil-təslim sənədləri, ödəniş sənədləri və digər sübutlar bir-biri ilə uyğun olmalıdır. Üçüncüsü, real resurslarla əməliyyatın həcmi müqayisə edilməlidir. Şirkətin göstərdiyi xidmətin və ya təqdim etdiyi işin həcmi onun işçi qüvvəsi, avadanlığı və digər resursları ilə əsaslandırıla bilməlidir. Dördüncüsü, daxili vergi auditi aparılmalıdır. Risk yalnız vergi orqanının yoxlaması zamanı üzə çıxmamalıdır. Şirkət özü əvvəlcədən hansı əməliyyatlarının risk daşıdığını müəyyən etməlidir. Beşincisi, risk xəritəsi hazırlanmalıdır. Xüsusilə böyük həcmli alışlar, xidmət müqavilələri, subpodrat münasibətləri, idxal və digər əhəmiyyətli əməliyyatlar ayrıca qiymətləndirilməlidir.
Vergi qaydalarına əməl etmək sahibkar üçün yalnız cərimədən yayınmaq məsələsi kimi qəbul edilməməlidir. Şəffaf uçot, düzgün sənədləşmə və sağlam kontragent münasibətləri şirkətin maliyyə dayanıqlığına, reputasiyasına və biznes tərəfdaşları qarşısında etibarlılığına da təsir edir.
Üstəlik, vergi orqanlarının risklərin preventiv müəyyənləşdirilməsinə və rəqəmsal təhlilə daha çox üstünlük verməsi biznesin də öz daxili nəzarət mexanizmlərini yeniləməsini zəruri edir. Biznes üçün ən düzgün strategiya vergi riskinin ortaya çıxmasını gözləmək deyil, onu əvvəlcədən görməkdir. Riskli əməliyyatı sonradan izah etməkdənsə, onu həyata keçirməzdən əvvəl riskini müəyyənləşdirmək həm sahibkar, həm də şirkət üçün daha səmərəli yanaşmadır.
Bütün bunlarla yanaşı, şəffaflıq həm dövlət, həm də biznes üçün qazancdır. Vergi sistemi eyni zamanda qanunvericiliyə əməl edən, şəffaf fəaliyyət göstərən və könüllü əməletmə nümayiş etdirən biznesin də bu davranışının nəzərə alınmasına əsaslanmalıdır. Başqa sözlə, risk əsaslı yanaşma ilə könüllü əməletmənin dəstəklənməsi ayrıca istiqamətlər olmalıdır. Bu baxımdan gələcək vergi inzibatçılığının əsas fəlsəfəsi yalnız “kim səhv edib?” yox,
“Kim şəffaf işləyir, kim risklərini özü idarə edir və kim vergi öhdəliklərini könüllü şəkildə yerinə yetirir?” kimi suallara əsaslanmalıdır. Çünki şəffaf biznesin fərqləndirilməsi nəzarət resurslarının daha düzgün istiqamətləndirilməsi deməkdir. Nəticədə həm dövlət daha səmərəli vergi inzibatçılığı qura, həm də sahibkar hansı prinsiplərlə işlədikdə daha proqnozlaşdırılan biznes mühiti əldə edə biləcəyini əvvəlcədən görə bilər.


MANŞET XƏBƏRLƏRİ