Türk Dünyasının Kitab Sərgisi niyə Bakıda olmasın?


Vikipediya, azad ensiklopediya | Şəmil Sadiq
Şəmil Sadıqov

Dünyanın müxtəlif ölkələri artıq ayrı-ayrı sahələr üzrə böyük beynəlxalq tədbirlərin mərkəzinə çevrilib. Azərbaycan da son illərdə bir çox nüfuzlu beynəlxalq tədbirə uğurla ev sahibliyi edir. Ancaq təəssüf ki, kitab və nəşriyyat sahəsində hələ də regionun aparıcı mərkəzlərindən birinə çevrilə bilməmişik.

Halbuki kitab sərgisi sadəcə kitabların nümayiş olunduğu və satıldığı məkan deyil. Bu, müəllif hüquqlarının və lisenziyaların alınıb-satıldığı, tərcümə layihələrinin yarandığı, naşirlərin, müəlliflərin, ədəbi agentlərin, tərcüməçilərin və kitab sənayesinin digər iştirakçılarının görüşdüyü böyük mədəni və iqtisadi platformadır.

Frankfurt Kitab Sərgisi bu gün dünya nəşriyyat sənayesinin ən mühüm beynəlxalq mərkəzlərindən və müəllif hüquqları ticarətinin əsas platformalarından biridir. Meksikadakı Qvadalaxara Beynəlxalq Kitab Sərgisi ispandilli nəşriyyat dünyasının mühüm görüş nöqtələrindəndir. BƏƏ-də keçirilən Şarja Beynəlxalq Kitab Sərgisi isə Yaxın Şərqin böyük kitab və ədəbiyyat tədbirlərindən biri kimi tanınır.

Bəs yüz milyonlarla insanı, ortaq tarixi, yaxın dilləri və zəngin ədəbi-mədəni irsi birləşdirən Türk dünyasının böyük beynəlxalq kitab sərgisi haradadır?

Məncə, bu sualı artıq ciddi şəkildə verməyin vaxtıdır.

Və bu sərginin mərkəzlərindən biri, hətta daimi ünvanı niyə Bakı olmasın?

Azərbaycanın buna həm tarixi-mədəni əsası, həm coğrafi mövqeyi, həm təşkilati təcrübəsi, həm də nəşriyyat potensialı var. Bakı Türkiyə ilə Mərkəzi Asiya arasında təbii körpüdür. Azərbaycan eyni zamanda Türk dünyasının inteqrasiyası istiqamətində formalaşmış institusional əməkdaşlığın fəal iştirakçılarından biridir.

Mən “Türk Dünyası Beynəlxalq Kitab Sərgisi – Bakı” kimi böyük bir layihənin yaradılmasını real və vacib hesab edirəm.

Bu, ildə bir dəfə keçirilən adi kitab satışı yarmarkası olmamalıdır. Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan və digər türk toplumlarından nəşriyyatları, müəllifləri, tərcüməçiləri, ədəbi agentləri, kitabxanaları və mədəniyyət qurumlarını bir araya gətirən böyük beynəlxalq platforma qurulmalıdır.

Burada Türk Dünyası Müəllif Hüquqları və Tərcümə Mərkəzi, naşirlərin B2B görüşləri, kitabdan-filmə layihələr, uşaq ədəbiyyatı forumu, rəqəmsal nəşriyyat və süni intellekt panelləri, ortaq əlifba və terminologiya müzakirələri, gənc yazar proqramları, tərcümə fondları, Türk dünyası ədəbiyyat mükafatları təşkil edilə bilər. Aşıqlar, dastanlar və şifahi ədəbiyyat da ayrıca böyük bir mədəni proqram kimi təqdim oluna bilər.

Hətta hər il bir türk ölkəsi və ya türk xalqı “Fəxri qonaq” seçilərək onun ədəbiyyatı, nəşriyyatı və mədəniyyəti xüsusi proqramla dünyaya təqdim edilə bilər.

Azərbaycan Nəşriyyatlar Assosiasiyası olaraq biz belə bir təşəbbüsdə maraqlıyıq və nəşriyyat sektorunun imkanları daxilində onun həyata keçirilməsinə töhfə verməyə də hazırıq.

Ancaq belə bir layihə yalnız naşirlərin təşəbbüsü ilə böyük beynəlxalq brendə çevrilə bilməz. Aidiyyəti dövlət və mədəniyyət qurumlarının, Türk dünyasının müvafiq təşkilatlarının və nəşriyyat sektorunun ortaq iradəsi və əməkdaşlığı lazımdır.

Bu məsələni indi düşünməliyik. Çünki böyük mədəni layihələr boşluqda qalmır. Bir ölkə təşəbbüs göstərməsə, gec-tez başqa bir ölkə göstərəcək və həmin layihənin mərkəzi də orada formalaşacaq.

Əlbəttə, Türk dünyasının hansı ölkəsində keçirilməsindən asılı olmayaraq belə bir sərginin yaranması ümumi mədəniyyətimiz üçün qazancdır.

Amma bir həqiqət də var:

Evin içində yanan çıraq adama daha doğmadır.

Bakı niyə Türk dünyasının kitab paytaxtlarından birinə çevrilməsin?

İmkanımız var. Təcrübəmiz var. Ədəbi-mədəni irsimiz var.

İndi lazım olan bu ideyanı böyük bir layihəyə çevirməkdir.

Ən yaxşı tarix də may ayıdır! Sadəcə dəstğk verib qorxma-qorxma deyən qurum lazımdır!


MANŞET XƏBƏRLƏRİ