Ekvadorda Meksikada fəaliyyət göstərən “Jalisco New Generation Cartel” (CJNG) ilə birbaşa əlaqəli olduğu iddia edilən narkotik qaçaqmalçılığı şəbəkəsinə qarşı əməliyyat keçirilib. Əməliyyat zamanı 30-dan çox şəxs saxlanılıb.
Turkustan.az xəbər verir ki, Ekvador Milli Polisi, ABŞ Narkotiklərlə Mübarizə Administrasiyası (DEA) və ABŞ Cənub Komandanlığının (SOUTHCOM) birgə keçirdiyi əməliyyat nəticəsində CJNG ilə əlaqəli olduğu iddia edilən narkotik şəbəkəsinin fəaliyyətinin qarşısının alındığı bildirilib.
Ekvador Milli Polisi rəhbəri Reimberg əməliyyatda 320-dən çox polis əməkdaşı və 50 SOUTHCOM əməkdaşının iştirak etdiyini açıqlayıb.
SOUTHCOM da sosial media hesabında əməliyyatla bağlı məlumat yayıb. Bəyanatda bildirilib ki, əməliyyat bölgədə “terror və zərərli qanunsuz şəbəkələri” hədəfə almaq məqsədi daşıyıb.
Açıqlamada əməliyyatın uğurla başa çatdığı qeyd olunaraq kartellərə qarşı mübarizənin davam etdiriləcəyi vurğulanıb.
Aytən Yaşar/ Turkustan.az