Keçmiş xarici işlər naziri Həsən Həsənov mərhum türkiyəli tarixçi İlber Ortaylının Azərbaycan tarixinə münasibətinin mənfi olduğunu bildirib. Sabiq nazirin sözlərinə görə, İ.Ortaylı azərbaycanlıların “farsdan dönmə” olduğunu söyləyib.
Maraqlıdır ki, türkiyəli tarixçinin sağlığı müddətində verdiyi müsahibələrdə və müxtəlif çıxışlarında Azərbaycanla bağlı kifayət qədər müsbət fikirlər səsləndirdiyi görünür.
Turkustan.az xəbər verir ki, Globalinfo.az-a danışan tarixçi-politoloq Faiq Ələkbərli deyib ki, H.Həsənovun Ortaylı ilə bağlı irəli sürdüyü fikirlər doğru deyil:
“Hər şeydən öncə, İlbər Ortaylı hazırda həyatda deyil. O, bu sözləri sağlığında desəydi, indi müzakirə etməyin mənası olardı. Mən də Ortaylının bəzi fikirləri ilə razı deyiləm. O cümlədən, azərbaycanlı türklərin regiona gəlmə olması fikri ilə də razılaşmıram.
Bildiyim qədəri ilə, İlbər Ortaylı türklərin Anadoluya, İrana və Cənubi Qafqaza Mərkəzi Asiya və Altaylardan gəldiyini müdafiə edirdi. Mən də bu fikirləri dəstəkləmirdim. Lakin yenə də onun Azərbaycan türklərinin “farsdan dönmə” olması barədə fikrinə rast gəlməmişəm.

Faiq Ələkbərli
Əslində, daha çox yayılmış fikir ondan ibarətdir ki, regiona gələn türklər zamanla farsları, kürdləri və digər xalqları türkləşdiriblər. Lakin bu, böyük ölçüdə reallığı əks etdirmir. Türklər Azərbaycanda, Kərkükdə və Anadoluda qədimdən yaşayıblar.
Əgər zaman-zaman şərqdən qərbə gedənlərin, qərbdən isə şərqə qayıdanların apardığı belə bir siyasət nəticəsində regiondakı xalqlar tamamilə türkləşdirilibsə, onda burada qafqazdilli, irandilli heç kəs yaşamamalı, yəni regionda heç bir qeyri-türk etnosu qalmamalı idi. Lakin biz bilirik ki, onlar da bu regionda yaşayırlar.
Həsən müəllimin bu məsələni məhz indi gündəmə gətirməsini doğru hesab etmirəm”.