Ankara-Afina münasibətlərində yumşalma siqnalı: Ərdoğandan mesaj


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanla bağlı açıqlamaları Ankara-Afina münasibətlərində qarşılıqlı mesajların tonunu yumşaldıb.

Turkustan.az xəbər verir ki, Ərdoğan Nyu-Yorkda türk jurnalistlərə açıqlamasında Türkiyənin Yunanıstanı düşmən deyil, qonşu və NATO çərçivəsində müttəfiq hesab etdiyini bildirib.

Ərdoğanın sözləri Yunanıstan mediasında geniş işıqlandırılıb. Bu açıqlamadan sonra Baş nazir Kiriakos Mitsotakis BMT Baş Assambleyasındakı çıxışında Türkiyə ilə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb.

Mitsotakis bildirib ki, son üç ildə iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması, etimadın bərpası və kommunikasiya kanallarının açıq saxlanılması istiqamətində səylər göstərilib. O, Türkiyə ilə Yunanıstanın coğrafiyanı dəyişə bilməyəcəyini və “yan-yana yaşamağa məhkum” olduqlarını deyib.

Yunanıstan Baş naziri eyni zamanda dialoqun beynəlxalq hüquq və mehriban qonşuluq prinsiplərinə əsaslanmalı olduğunu qeyd edib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ