Türk sivilizasiyasının qədim dövrü


Faiq Ələkbərlinin həyatı və əsərləri | TURAN+AZERBAYCAN

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun
Türk xalqlarının fəlsəfi fikir tarixi və müasir
fəlsəfəsi şöbəsinin müdiri, dos., dr. Faiq Ələkbərli

II Yazı

Əslində bir millətin hər hansı dinə üz tutması, onun olmuş ya da olan mədəniyyətinin aradan qaldırılması demək deyil, sadəcə ona yeni bir məna qatması anlamında dərk edilmə­lidir.Bu baxımdan Türk-Turan xalqlarının xeyli bir qisminin İslam dinini qəbul etməsini uğurlu hesab edən aydınlarımızla ona görə razılaşırıq ki, Türk-Turan irqi öz daxilindəki dini baxımdan ide­o­loji düşmənçilikdən xeyli dərəcədə uzaqlaşmışdır.[1] Ancaq bununla yanaşı, türklər sonralar İslamla bağlı olan məzhəb qovğa­larından da qurtula bilməmişdir. Hər halda son dönəmlərdə Osmanlı xəlifəlik məsələsinə görə, əsasən yarıərəb­ləşmiş, Bizans mədəniy­yəti­nin təsiri altında qismən yarıavropa­laşmış, Səfəvilər və Qacarlar isə İslam dini adı altında əslində fars şiəliyinin, zərdüştizm məsələ­sində isə Hind-Avropa-İran mədə­niyyətinin təsirinə məruz qalmışdır.

Rahid Ulusel hesab edir ki, tarixi zamanın yaşıdı olan Türk sivilizasiyası dünyanın ən seçkin sivilizasiyalarındandır: “Dövlət-imperiya quruculuğundan ornament yaradıcılığına qədər insan fəaliyyətinin bütün forma və səviyyələrində Türk– sivilizasiya insanıdır. Avrasiyanın proloqu və epiloqu kimi Orhun abidələrindən Süleymaniyyə kompleksinə qədər türkün yaratdıqları – onun sivilizasiyasının antikliyindən klassikasınadək daxili bir orqanikaya malik olduğunu göstərir. Dünya mədəniyyətinin onun arxaikasından transsendental monoteosofiyasınadək bütün qatları və səviyyələri Türk mədəniyyətinin içində laylanıb. Türk planetariyasına dünya bütün zənginliyi, dərinliyi, gen nəfəsi və yaradıcı mənəviyyatı ilə sığa bilər. Türk – özü olduqca, həm də dünya sakini cahan əri, bəşər alpıdır. Sivilizasıyalılığın əsas şərtlərindən biri kimi əsilzadəliyin bütün şuxluğu, nəcib etikası, cəngavər zərifliyi Türk ruhundan pardaqlanır”.[2] Tarixçi alim Zaur Həsənov da hesab edir ki, prototürk sivilizasiyasının mövcudluğu inkar olunmaz bir həqiqətdir.[3]

Vaxtilə Mustafa Kamal Atatürk deyirdi: “Ey Türk milləti! Sən yalnız qəhrəmanlıq və cəngavərlikdə deyil, mənəviyyat və sivilizasiyada da insanlığın şərəfisən. Tarix, yaratdığın sivilizasiyanın öygüləri ilə doludur. Varlığına qəsd edən siyasi və ictimai amillər bir neçə əsrdir yolunu kəsmiş və yürüşünü çətinləşdirmiş olsa da, on minillik fikir və mədəniyyət mirası ruhunda saf və tükənməz bir qüdrət halında yaşayır. Yaddaşında minlərcə ilin xatirəsini daşıyan tarix, sivilizasiya mərhələsində layiq olduğun yeri sənə barmağı ilə göstərir. Oraya yürü və yüksəl. Bu – sənin üçün həm bir haqq, həm də bir borcdur”.[4]

Ümumiyyətlə, Türk xalqlarının İslam dinini qəbul etdikdən bir neçə əsr sonra milli kültürdən daha çox islamlıq üzərində kök­lənməsi, bunun XIX əsrin əvvəllərinə qədər davam etməsi, həmin dönəmdən sonra isə İslam mədəniyyəti təsiri altında qalmaqla yanaşı Qərb mədəniyyətinə meyil göstərməsi ciddi məsələ­lərdəndir. Maraq­lıdır ki, həmin dövrdən etibarən də Türk aydınları arasında Qərb mə­dəniy­yətinə alternativ düşüncə sistemi kimi də daha çox İslam mə­dəniyyəti irəli sürülür. Bizcə, Türk-Turan xalqlarının Qərb mədə­niy­yəti ilə İslam mədəniyyəti arasın­da seçim qarşısında qalması çıxış yolu deyildir. Çox maraqlıdır, Qərb mədəniyyəti Türk-Turan xalq­ları üçün demokratiklik, sivil­lik, tolerantlıq, liberallıq anlamında cəlbedi­ci göründüyü halda, İslam mədəniyyəti isə ümmətçilik, əxlaq­lıq, mü­hafizəkar­lıq, mənəviyyatlılıq baxımından ortaya qoyuur. Belə olduğu təqdirdə Türk-Turan xalqlarının bir çox aydınları çıxış yolunu İslam mədəniy­yəti ilə Qərb mədəniy­yətinin uzlaşmasında axtarmış olurlar.

Təxminən bir əsr yarımdır ki, əsasən Turan-Türk xalqları mütəfəkkirlərini və böyüklərini (Namiq Kamal, C.Əfqani, Əli Suavi, Ş.Mərcani, S.Qaliyev, T.Rıskılov, Həsən bəy Zərdabi, H.Səbri Ayvazov, Əli bəy Hüseynzadə, Ziya Gökalp, Ə.Ağaoğlu, Y.Akçura, Z.V.Toğan, Mustafa Kamal Atatürk, M.Ə.Rəsulzadə, Ş.M.Xiyabani və b.) əsas düşündürən problem də Qərb mədəniyyətiylə İslam mədəniyyətini necə uzlaşdırmaq, ortaq yolu tapmaq olmuşdur (Türklük, İslamlıq və Müasirlik-Qərbçilik). Bu gün də aşağı-yuxarı eyni xətt davam etidirilir. Şübhəsiz, “mədə­niy­yət” dəyişməsi anlamında məsələnin öncədən bu cür qoyuluşu doğru olmamışdır. Ancaq Türk əxlaqını, Türk fəlsəfəsini, Türk ədəbiyyatını müsəlman kimliyi, İslam mədəniy­yəti çərçivəsində görən Türk xalqlarının başqa bir seçim etmələri doğrudan da çox zor idi. Ona görə də Osmanlıda, Qacarlarda böhran dönəmi başlayınca, Türk aydınlarının bir qismi (A.A.Bakı­xanov, N.Kamal, M.Akif Ersoy, Qarabəy Qarabəyli, Ə.Axundoğlu və b.) bu problemin kökünü İslama əlavə olunmuş xurafatda, cəhalətdə, avamlıq­da, dini şarlatanlıqda axtararaq, bütün bunları İslam mədəniyyətindən təmizləməyi düşündüyü halda, Türk aydın­larından ikinci qismi (M.F.Axund­zadə, M.A.Şahtaxtlı, Cəlal Nuri və b.) isə nicat yolunu İslam dinindən, İslam mədəniyyətindən tamamilə imtina edərək Qərb-Xristian mədəniyyətini mənimsəməkdə və qərbləş­məkdə görmüşlər.

Məhz bundan irəli gələrək, ötən 150-200 il ərzində Turan-Türk mütəfəkkirləri arasında İslamçılıq və Qərbçiliklə müqayisədə Türk-Turan ruhlu nəzəriyyələri irəli sürənlər çox az olmuşdur. İlk dövrlərdə Türkçülüyü irəli sürən mütəfəkkirlər də məcburən, dövrün reallıqlarına uyğun olaraq onu ya İslamçılığın ya da Qərb­çiliyin köməkçi tərkib hissəsi kimi görmüşlər. Başqa sözlə, ötən bu dövrdə Türkçü nəzəriyyələr, düşüncələr əsasən İslamçılığı ya da Qərbçiliyi gücləndirmək, əsaslandırmaq üçün önəmli olmuşdur.

Beləliklə, Tatarıstanın, Türküstanın, Osmanlının, Qacarların, Baburların süqutundan sonra Avropa (Qərb) mədəniyyəti arealına daxil olan Türk-Turan xalqları bununla yanaşı xeyli dərəcədə İslam mədəniyyəti, qismən də Hind və Çin mədəniy­yətlərinin kölgə­sində qalmağa davam etmişlər. Sadəcə, İslam mədəniyyətinə girişin ilk əsrlərində olduğu kimi, Qərb mədəniyyətinə girişin ilk dönəmlərində (hələlik, bu proses müəyyən mənada davam etməkdədir) də Turan-Türk xalqları arasında milli mədəniyyət, milli kimlik hissləri ön plandadır. Vaxtilə İslam dinini qəbul etmələrinə baxmayaraq milli mədəniyyətlərini, milli dəyərlərini qoruyub saxlayan Turan-Türk xalqların sonralar yalnızca dini inanca görə deyil, milli-mənəvi düşüncə anlamında da əsasən müsəlmanlaşaraq İslam mədəniy­yətinin təsir dairəsinə düşdüklərini görürük. Deməli, Turan-Türk xalqlarının Qərb mədə­niyyəti arealına daxil olmasının ilk əsrlərində milli kimlik, milli mədəniyyət varlıqlarını ifadə etmələri də müvəqqətidir. Ən əsası odur ki, İslam mədəniyyətinin ilk əsrlərində olduğu kimi, indi də Qərb mədəniyyəti milli kimliyin və milli mədəniyyətin ifadəsi üçün şərait yaradır. Ancaq Qərb mədəniyyəti milli kimliyi və milli mədəniyyəti ortaya atarkən də, bunun Qərb dəyərlərinə məxsus olmasını istəyir, bununla da çox da uzaq olmayan gələcəkdə həmin milli kimlikləri, milli mədəniyyətləri öz içində əritməyin təməllərini formalaşdırır. Məhz bunun nəticəsidir ki, Osmanlılar və Qacarlar dönəmində İslam mədəniyyəti əsasında az da olsa, Türk mədəniy­yətinə üz tutanlar, sonralar Qərb mədəniy­yəti üzərindən milli mədə­niyyətin təbliğinə başladılar.

Bizcə, bu anlamda Turan-Türk mədəniyyətinin yenidən dir­çəlməsinə əsas səbəb nə İslam mədəniyyətinin geriliyi, müha­fizə­karlığı, nə də bunun fonunda Qərb mədəniyyətinin irəliçi, yenilikçi olması deyil, burada milli dəyərlərin, milli mədəniyyətin tamamilə aradan qalxması təhlükəsi olmuşdur. Yəni Turan-Türk mədəniy­yətinin yenidən ortaya çıxmasında Türk-Turan xalqlarının İslam mədəniyyəti, müsəlmanlıq içində əriməsi təhlükəsiylə yanaşı, eyni zamanda digər yad bir mədəniyyətin – Hind-Avropa mədəniy­yətinin onu yanlış bir yola sürükləməsi mühüm rol oynamışdır. Ona görə də təxminən iki əsrə yaxındır çox ehtiyatla İslam mədəniyyəti və Qərb mədəniyyətiylə yanaşı, Türk mədəniyyətini irəli sürərək onu İslamçılıq və Qərbçiliklə uzlaş­dırı­cı baxımdan eyni sıraya qoyanları da yaxşı anlayırıq (Ə.Hüseyn­zadə, Ə.Ağaoğlu, İ.Qaspıralı, Y.Akçura, Z.Gökalp, M.Ə.Rəsulzadə, M. Kamal Atatürk, Z.V.Toğan, A.Fitrat, A.Çolpan, Ç.Vəlixanov və b.).

Bizcə, ötən 150-200 il müddətində Türkçülüyü-Turançılığı İslamçılıq və Qərbçiliklə müəyyən dərəcədə eyni sıraya yerləşdirə bilsək də, amma onların təsir dairəsindən tamamilə çıxarmaq müm­kün olmamışdır. Buna örnək, günümüzdə “Türk-İslam mədəniyyəti”, “Türk-İslam” ideyasıyla yanaşı, Qərbyönlü tarixi, ədəbiyyatı, fəlsə­fəni, demokratiyanı, mədəniyyəti hətta, həyat tərzini mənimsəmə­yimiz­dir. Biz türklər bu gün geyimimizdə, inancı­mızda, davranışlarımızda, toy və yas məra­simlərimizdə əsasən Qərb və İslam mədəniyyətlərinin təsiri dairəsindəyik. Məsələn, “qərbli” kimi yeyirik, geyinirik, hərəkət edirik ancaq “müsəlman” kimi düşünürük, danışırıq. Bəzən, bunun əksini də görmək mümkündür. Belə ki, “müsəlman” kimi geyinirik, amma “qərbli müsəlman” görünüşündə. Bir sözlə, bu gün türklər dini inanc baxımdan əsasən müsəlman, qismən də xristian, buddist, yəhudi kimi dünyaya gələ bilərlər. Ancaq müxtəlif dini inanclar Turan-Türk xalqlarının adət-ənənələrini, törələrini davam etmələrinə əngəl olmamalıdır.

[1] Hüseynzadə Əli bəy. Türklər kimdir və kimlərdən ibarətdir. Bakı, Mütərcim, 1997, s.226

[2] Ulusel Rahid. İlğımdan Absurda, yoxsa Gerçəkdən Həqiqətə?!. Bakı, “Elm və təhsil”, 2025, s.8-9

[3] Həsənov Zaur. Çar Skiflər. Bakı, “Əbilov, Zeynalov və oğulları”, 2005, s.20

[4] Türk Tarhinin Ana Hatları. İstanbul, Devlet matbaası, 1930, s.69


MANŞET XƏBƏRLƏRİ