Kubilay Serhat Topçu
İşğal nə deməkdir?
Bir yerin və ya mülkün hər hansı bir qüvvə və ya şəxs tərəfindən ələ keçirilməsi, zəbt edilməsi mənasını verir. Torpağın işğal oluna biləcəyini başa düşdük, bəs mədəniyyət necə işğal oluna bilərmi?
Sizi 1992-ci ilin o qaranlıq may günlərinə, Şuşa küçələrinə aparmaq istəyirəm.
Şuşa Mədəniyyət Mərkəzinin həyətində üç tunc büst dayanırdı: şair Xurşidbanu Natəvan, sənətçi Bülbül (Murtaza Məmmədov) və Azərbaycan Milli Marşının bəstəkarı Üzeyir Hacıbəyov.
Şəhər ələ keçirilmişdi. Lakin hücum bununla bitmədi.
Bu üç büst yanaşı düzüldü və yaxın məsafədən güllələndi.
İnsan istər-istəməz düşünür: Bir torpağı ələ keçirmək müharibənin bir hissəsi ola bilər. Bəs bir şairin, bir bəstəkarın, bir sənətçinin heykəlinə nə üçün qurşun sıxırsınız?
Bu yazıda Şuşadan qoparılaraq illərlə Bakıda qalmış həmin üç büstün hekayəsini və Şuşanın sənətlə, şeirlə, musiqi ilə yoğrulmuş yaddaşını qələmə almaq istəyirəm.
QAFQAZIN ŞAİRLƏR QALASI: ŞUŞA
Bu gün xəritəyə baxdıqda Şuşanın şiş qayalıqlar üzərində salınmış, keçilməsi çətin olan hərbi qala olduğunu görə bilərsiniz. Bu, doğrudur. Şuşa Qarabağ və Qafqaz üçün strateji əhəmiyyətli şəhərdir.
Amma Şuşanı Şuşa edən təkcə onun qayalıqları və sədləri deyildi.
Şəhərin əsl qüdrəti əsrlər boyu yetişdirdiyi sənətkarlarda, şairlərdə və fikir adamlarında gizlənirdi. Demək olar ki, hər küçəsində, hər qədim imarətində bir hekayə yatırdı.
XIX əsrə gəldikdə Şuşada əsl ədəbi və intellektual mühit formalaşmışdı. Bu mühitin ən diqqətçəkən simalarından biri də mənim şəxsən böyük heyranlıq duyduğum Xurşidbanu Natəvan idi.
Qarabağ xanının qızı olan Natəvan sarayda oturub yalnız qəzəllər yazan zadəgan xanım deyildi.
O, Şuşada yaratdığı "Məclisi-Üns" ətrafına dövrün şairlərini və ziyalılarını toplayır, şəhərin ədəbi həyatına istiqamət verirdi. Üstəlik, bununla da kifayətlənmirdi. Öz şəxsi vəsaiti və imkanları hesabına Şuşa dağlarından şəhərə içməli su çəkilməsi üçün kilometrlərlə kanal tikdirdi. Bu gün "Xanqızı bulağı" kimi tanınan su mənbəyi də məhz onun bu xeyriyyəçilik fəaliyyətinin nəticəsidir.
Natəvanın şəxsiyyətini tam dərk etmək üçün 1858-ci ilə nəzər salmaq lazımdır.
“Üç muşketyor” və “Monte-Kristo qrafı” kimi əsərlərin müəllifi Aleksandr Düma Qafqaz səyahəti zamanı bölgəni ziyarət edir. Dümanın səyahətnaməsində 26 yaşlı Natəvanla görüşünə dair olduqca maraqlı bir epizod var.
Natəvanın yanında həyat yoldaşı Həsəqulu xan və fransızdilli qonaqlar da olur. Söhbət bir müddət sonra strategiya oyunlarına gəlib çıxır və ortaya şahmat taxtası gətirilir.
56 yaşlı Aleksandr Düma ilə 26 yaşlı Natəvan qarşı-qarşıya otururlar.
Gedişlər başlayır.
Rəvayətə görə, Düma gənc şairənin şahmat oyunundakı məharətinə heyran qalır və oyunda Natəvan qalib gəlir.
Bu gün bu əhvalata sadəcə bir şahmat oyunu kimi baxmaq haqsızlıq olardı.
XIX əsr Qafqazında yaşayan gənc bir qadın şairin Avropanın ən məşhur yazıçıları ilə eyni masanı bölüşməsi belə özlüyündə maraqlı bir hekayədir.
Həmçinin Dümanın Natəvana Parisdən gətirdiyi fil sümüyündən hazırlanmış Napolyon şahmat dəsti və naxışlı qılınc hədiyyə etdiyi də qeyd olunur.
Həmin fil sümüyündən olan şahmat dəsti bu gün Bakıdakı Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyində nümayiş etdirilir.
Natəvanın həkayəsi bununla bitmir.
O, həm də çox qüdrətli şair idi. Xüsusilə çəkdiyi iztirabları və yaşadığı itkiləri şeirlərinə köçürmüşdü. Məni də dərindən təsirləndirən misralarından bəziləri bunlardır:
Səninlə kim açılıb qəlbimin şüküfələri,
Mürüvət elə, əzizim, edib xəzan, getmə
Döymə gözlərimi, qoy görüm doyunca, bari getmə
Natəvan gənc yaşında oğlu Mir Abbası itirmişdi. Saray həyatının ağırlığı, ailəvi itkilər və çəkdiyi acılar onun yaradıcılığında əksini tapmışdı.
Lakin sənət onun üçün təkcə şeirdən ibarət deyildi.
O, rəssamlıqla da məşğul olur, öz əli ilə hazırladığı və “Gül dəftəri” adlandırdığı albomda çiçək və təbiət təsvirlərinə yer verirdi. Nəqqaşlıq (təzhip) sənətinə də böyük maraq göstərirdi.
Bundan əlavə, Natəvan xalqından uzaq düşmüş saray nümayəndəsi deyildi.
Xalqının rifahı üçün bulaqlar çəkdirmiş, bir çox xeyriyyə işləri həyata keçirərək bütün imkanlarını səfərbər etmişdi.
Amma tarix həmişə hər zaman ədalətli davranmır.
1992-ci ilin mayında Şuşa işğal olunduqda şəhərdəki mədəni irs də düşmən hücumunun hədəfinə çevrildi.
Şuşa Mədəniyyət Mərkəzinin həyətindəki Natəvan büstü 1982-ci ilin yayında quraşdırılmışdı. Azərbaycanlı qadın heykəltəraş Həyat Abdullayevanın əsəri olan bu abidədə Natəvan əlində kitabla təsvir edilmişdi.
İşğaldan sonra bu büstlər vəhşicəsinə qurşunlandı.
Natəvan heykəlinin baş barmağı qırıldı.
İngilis jurnalist Tomas de Vaal sonralar Bakıda yenidən gördüyü həmin büstləri belə təsvir edirdi:
"Bu üç bürünc büstü acınacaqlı vəziyyətdə, qurşun deşikləri içində, Bakıdakı Qırmızı Xaç komitəsinin həyətində uzanmış halda gördüm. Şairə Natəvanın başı örpəklə örtülmüşdü, əlində kitab tuturdu, baş barmağı qırıq idi; bəstəkar Hacıbəyov qurşun izləri ilə örtülmüşdü, ikiüzlü pencək geyinmişdi və eynəyi sınmışdı..."
Bir şəhərin işğalı ilə onun mədəniyyətinə edilən hücum arasındakı fərq bəlkə də məhz burada üzə çıxır.
Çünki bu büstlər hərbi hədəf deyildi.
Onlar Şuşanın şəxsiyyətinin və Azərbaycan türklərinin sivilizasiya yaddaşının daşıyıcıları idi.
ŞUŞANIN KÜSƏKƏN ÇİÇƏYİ: XARİBÜLBÜL
Məhz bu məqamda Şuşanın digər bir simvolunu xatırlamaq yerinə düşər: Xarıbülbül.
Qarabağın sarp qayalıqlarında və yaylalarında bitən bu çiçək illərdir bölgənin ən güclü rəmzlərindən biri hesab olunur.
Xarıbülbül ilə bağlı maraqlı bir rəvayət də mövcuddur: Deyilənə görə, bu çiçək başqa torpağa köçürüldükdə yaşaya bilmir, tez quruyur və sanki öz doğma torpağına küsür.
Bəlkə də elə buna görədir ki, Xarıbülbül Şuşanın hekayəsinə bu qədər uyğun gəlir, qoşa çəkilir.
Çünki Şuşanın tarixində də torpaqla, yaddaşla və milli aidiyyətlə sıx bağlı, bir-birindən ayrıla bilməyən bir taleyin hekayəsi var.
Natəvanın "Gül dəftəri"ndəki təsvirlərdən Qarabağın sənətinə, şeirlərindən bu gün də yaşayan rəmzlərə qədər uzanan zəngin bir mədəniyyət yaddaşı...
HEYKƏLLƏRİN EVİNƏ QAYIDIŞI
1992-ci ildə məlum oldu ki, həmin büstlər metal qırıntısı (metalolom) kimi satılmaq üçün bölgədən çıxarılıb.
O dövrdə Azərbaycanın mədəniyyət naziri olan Polad Bülbüloğlu vəziyyəti Heydər Əliyevə çatdırdı. Heydər Əliyevin qətiyyətli təşəbbüsü sayəsində aparılan danışıqlar və tədbirlər nəticəsində üç büst satın alınaraq Azərbaycana qaytarıldı və Bakıdakı Azərbaycan Milli İncəsənət Muzeyinin həyətində yerləşdirildi.
Lakin üzərlərindəki qurşun izləri qalırdı.
Natəvanın baş barmağı hələ də qırıq idi.
Onların hər üçü 29 il boyunca öz doğma şəhərlərindən uzaqda həsrətlə gözlədi.
Nəhayət, təqvim 2020-ci ili göstərdi.
Şanlı Qarabağ müharibəsindən sonra Şuşa azad olunaraq yenidən Azərbaycanın suverenliyinə qayıtdı.
Və 2021-ci ilin yanvarında illərlə Bakıda həsrətlə gözləyən həmin büstlər yenidən Şuşaya aparıldı.
Tam 29 il sonra.
Vaxtilə qurşunlanan, yerindən qoparılan və bəsit metal kimi satılmaq istənilən heykəllər yenidən doğma şəhərin torpağına qovuşdu.
Məsələnin mahiyyəti əslində budur: Bir şəhəri silah gücü ilə ələ keçirə bilərsiniz, abidələri qurşunlaya, hətta onları satmağa da cəhd göstərə bilərsiniz.
Amma barıt qoxusu çəkilib gedəndə geridə tək bir həqiqət qalır: Bir xalqın ruhuna, qan yaddaşına həkk olunmuş hafisəni hansı mərmi silə bilər ki?
Aradan keçən 29 ildən sonra öz əzəli ünvanına — Şuşaya qayıdan o yaralı büstlərə baxanda mən məhz bunu görürəm. Onlar artıq sadəcə bir heykəl deyil, Azərbaycanın yaşayan mədəniyyətinin, ədəbiyyatının və əbədi yaddaşının canlı simvoludurlar.