20 SENTYABR – SUVERENLİYİN BÜTÖVLƏŞDİRDİYİ TARİX


Fazil Mustafa
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri

Tarixdə elə günlər var, bir neçə önəmli hadisənin anlamını özündə birləşdirərək dövlətin keçdiyi yolun rəmzinə çevrilir. 20 Sentyabr Azərbaycan üçün məhz belə bir gündür.

Bu gün Dövlət Suverenliyi Günüdür!

2023-cü ilin 19–20 sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirlərinin nəticəsində ölkəmizin Konstitusiya quruluşu və dövlət suverenliyi tam bərpa edildi. Azərbaycan dövlətinin bayrağı həmin bayrağa həsrət qalan ərazilərimizdə dalğalanmağa başladı. Bu tarixi nəticənin arxasında Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin qutsal qanı, xalqımızın vətəncanlılığı, Müzəffər Ali Baş Komandanın siyasi iradəsi, dövlətimizin illərlə ardıcıl şəkildə formalaşdırdığı siyasi, iqtisadi və hərbi güc dayanır.

Bu gün həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərənin Şəhər Günüdür.

Artıq b adların hər biri yaddaşımızda qayıdışın, quruculuğun və Azərbaycan dövlətçiliyinin əbədi ünvanları kimi yaşayır. Özəlliklə Xocalının adı bizim üçün böyük faciənin yaddaşı olmaqla yanaşı, bu gün həm də ədalətin, doğma yurda dönüşün mənəvi rəmzinə çevrilib.

20 sentyabrın başqa bir tarixi anlamı da vardır: 20 sentyabr həm də Neftçilər Günüdür.

1994-cü il sentyabrın 20-də Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi ilə imzalanmış “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi müstəqilliyinin möhkəmlənməsində yeni mərhələ açdı. Azərbaycan neftçisinin zəhməti ilə yaradılan enerji potensialı sonrakı onilliklərdə dövlətimizin iqtisadi qüdrətinin və beynəlxalq mövqeyinin güclənməsinin önəmli dayaqlarından biri oldu.

Beləliklə, 20 Sentyabr Azərbaycan tarixində iqtisadi müstəqillikdən tam dövlət suverenliyinə uzanan böyük yolun simvolik qovuşma nöqtəsidir.

Neftçinin zəhməti dövlətin iqtisadi gücünü artırdı, əsgərin şücaəti isə həmin gücün qoruduğu Vətənin suverenliyini bütün ərazimiz boyunca bərqərar etdi.

Belə bir əlamətdar gündə Azərbaycanın dövlət suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizi dərin sayğılarla anır, qazilərimizə sağlamlıq diləyir, ölkəmizin inkişafına böyük əmək sərf etmiş, bu gün də əmək sərf edən neftçilərimizi peşə bayramları münasibətilə təbrik edirəm!

Suveren dövləti – öz taleyinin yiyəsi olan xalqın uğurunu qorumaq hər birimizin ortaq vətəndaşlıq məsuliyyətidir.

Dövlət Suverenliyi Günümüz, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin günü və Neftçilər Günü mübarək olsun!

Yaşasın müstəqil, suveren qalib Azərbaycan!


MANŞET XƏBƏRLƏRİ