Vadeful: Putinin G20 dəvəti danışıqlara hazırlığının sınağıdır


Almaniyanın xarici işlər naziri Yohan Vadeful ABŞ Prezidenti Donald Trampın Rusiya Prezidenti Vladimir Putini Mayamidə keçiriləcək G20 sammitinə dəvət etmək təşəbbüsünü müsbət qiymətləndirib.

Turkustan.az xəbər verir ki, Vadeful Ottavaya səfəri zamanı jurnalistlərə açıqlamasında dəvətin Putinin müharibəyə son qoymaq üçün ciddi danışıqlara hazır olub-olmadığını göstərən bir sınaq ola biləcəyini bildirib.

“İnanıram ki, sədr ölkə tərəfindən edilən bu dəvət Vladimir Putin üçün lakmus testi olacaq: o, ciddi danışıqlara hazırdırmı? Belə imkanlardan istifadə edilməlidir”, - deyə nazir qeyd edib.

Vadeful Almaniyanın dəfələrlə Rusiya rəhbərliyini danışıqlar masasına oturmağa çağırdığını xatırladıb. Onun sözlərinə görə, G20 sammitinə dəvət danışıqlar prosesinin başlanması üçün imkan yarada bilər.

Alman nazir ciddi danışıqların aparılması üçün hərbi əməliyyatların dayandırılmasının vacib olduğunu da vurğulayıb: “Məncə, həqiqətən ciddi danışıqlar aparmaq üçün atəşkəs də vacibdir”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ