Tural Turan
Yazıçı, Prezident təqaüdçüsü
Bu gün ölkədə ədəbi mühit bədəvi mühitə çevrilib. Sözün sənət qarşısındakı devalvasiyası göy üzü ilə əlləşir.
Anası ölmüş məmləkətdə azar ədəbiyyatı bazar ədəbiyyatına ayaq verir, qurşaq tutub söz güləşdirməklə məşğuldur. İşin qəribə tərəfi odur ki, günahkar elə hamımızıq; əl-ayaq açlarına əl vermişik, göz yummuşuq.
Bu gün ermənilərin də, gürcülərin də, farsların və türkiyəlilərin də ədəbiyyatı bizdən öndədir. Çünki onlar sovetin və solçuluğun qalığından - "kütlə ədəbiyyatı" mərəzindən qurtuldular.
Bizdə alınmadı! Hələ də sözümüzün canı ilə əlləşirik. Otuz ildə üç yazıçımızın əsərlərini dünya bazarına çıxara bilməmişik.
Bunun əsas səbəbi paxıllıqdır. İçimizdəki ədəb-ərkanlı nəfs bizə ən yaxşımızı önə çıxarmağa imkan verməyib. Hətta özümüzdən istedadlı birini görüncə onu dəyərindən artıq tərifləyib kor quyaya itələmişik. Sözün at belində axıra qədər oturmasına imkan verməmişik. Ol səbəbdəndir ki, ədəbiyyatımızın hali-ruhiyyəsi şəddü-şəmayil durumundadır. Özümüzü aldatmaqla məşğuluq. Bəlkə də sənətlə məşğul olub dünyaya çıxmaq daha asan olardı.
...Modern insanın problematikasını qoya bilmirik, çünki modern təfəkkür dünyasından xeyli uzaqlardayıq. Üstəlik, ədəbiyyatın "Nobel" qatarına bilet almağa da pulumuz və gücümüz çatmır. Çingiz Abdullayevlərlə, Ramiz Rövşənlərlə ancaq post-sovet ədəbi məkanının qapılarını aralamaq, tacik bostançılarını, qırğız ilxıçılarını təəccübləndirmək mümkündür. Bir yaponu heyrətləndirmək üçün gərək insan-robot evliliyindən yazasan; robot gəlinlər kəndimizin bığıburma növcavanlarından hamilə qala, robot gəlin robot-insan böyüdə, onu gah südlə, gah şarjla yemləyə...
Bax, o zaman səni də bəlkə "Nobel" qatarına mindirdilər. Ramiz Rövşənin "başı kəsik gözəl kötüy"ü, Əkrəm Əylislinin "Möhtəşəm tıxacı", Anar Rəsulovun "Təhminə"si, Sabir Rüstəmxanlının "Ömür kitabı" ilə ancaq Biləcəri qəbristanlığına qədər yolumuz var.
Sizdən əl-ələ verib qoz əkməyinizi istəmirəm. Sözəkənlərimizdən - yazarlarımızdan bədəvi mühitin qırışlı qoynundan modern ədəbiyyatın ehtiraslı ağuşuna səsləyirəm. Sənət yaradın ki, yazdıqlarınıza anamız-bacımız deyib alnından öpək...