Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin sabiq müdiri Əli Həsənovun oğlu Şamxal Həsənli tərəfindən 12 iyul 2022-ci il tarixində ABŞ-ın Florida ştatının Mayami şəhərində təsis olunan “Solis Development LLC” adlı şirkət ləğv olunub.
Turkustan.az yeniavaz.com-a istinadən xəbər verir ki, Şamxal Həsənli Mayami şəhərində “66 West Flagler Street 9th Floor” ünvanında qeydiyyatda olan şirkətin bu ilin avqust ayında ləğv olunduğunu elan edib və hazırda ləğvetmə prosesi davam edir.

Qeyd edək ki, “Solis Development LLC” daşınmaz əmlak sektoru ilə bağlı müştərilərə müxtəlif xidmətlər göstərib.
Məlumat üçün bildirək ki, hazırda ailəsi ilə birgə Mayamidə yaşayan Şamxal Həsənli 2023-cü ildə Nyu-York şəhərindəki Kolumbiya Universitetindən məzun olub.
Əli Həsənovun oğlu daha əvvəl Mayaminin aparıcı daşınmaz əmlak şirkətlərindən “Zylberglait Group”da işə düzəlib. Mayamidə fəaliyyət göstərən “Zylberglait Group” ABŞ-ın və dünyanın ən böyük daşınmaz əmlak şirkətlərindən olan “Marcus and Millichap” şirkətinin yerli ofisi hesab olunur. “Marcus and Millichap” şirkətinin Mayami ofisində maliyyə analitiki vəzifəsində çalışan Şamxal Həsənlinin iş ortaqları arasında çoxsaylı ermənilər də olub. Daha sonra Şamxal Həsənli “Marcus and Millichap” şirkətindəki vəzifəsindən istefa verərək “Solis Development LLC” şirkətini təsisi edib.
Şamxal Həsənli hazırda “Manoucherı Brothers LLC” şirkətinin satınalmalar üzrə direktoru vəzifəsində işləyir. “Manoucherı Brothers LLC” şirkəti daşınmaz əmlak şirkətidir və 2021-ci ilin avqust ayında yaranıb. Şirkət ABŞ-ın tanınmış daşınmaz əmlak şirkətlərindən olan “Universe Holdings”ə bağlıdır. Şirkətin sahibi olan Henri Manuçeri ABŞ-ın tanınmış daşınmaz əmlak mütəxəssislərindən biridir.
Onu da qeyd edək ki, iranəsilli yəhudi iş adamı olan Henri Manuçeri 1978-ci ildə İrandan ABŞ-a köçüb. Manuçeri 1994-cü ildə “Universe Holdings” şirkətini təsis edib və hazırda şirkətin baş direktoru və rəhbəridir. “Universe Holdings” əsasən çoxmənzilli yaşayış daşınmaz əmlakına investisiya qoyur. Şirkətin portfelinin ümumi dəyərinin təxminən 2.5 milyard dollar olduğu, 7 500-dən çox mənzili idarə etdiyi bildirilir. ABŞ ilə bərabər İsraildə də daşınmaz əmlak biznesinə sahib olan Henri Manuçerinin oğlanları – Aaron və Avi Manuçeri qardaşları isə Florida ştatının ən böyük daşınmaz əmlak şirkətlərindən biri olan “Manoucherı Brothers LLC” şirkətini idarə edirlər.