Texnologiya nəhəngindən ayrıldı, sirləri yaydı: Süni intellektin 5 əsas riski


Süni intellektin inkişafı və mümkün riskləri ilə bağlı müzakirələr davam edərkən, ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında texnologiyanın tənzimlənməsi ilə bağlı mövqeyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, Tramp çıxışında süni intellektin qlobal səviyyədə tənzimlənməsinə yönəlmiş təşəbbüslərə qarşı olduğunu bildirib. O, “süni intellekt” ifadəsinin dəyişdirilməsini təklif edərək ABŞ-ın rəsmi sənədlərində bundan sonra “super intellekt” termininin işlədiləcəyini açıqlayıb.

Trampın bu açıqlaması BMT-də süni intellektlə bağlı daha sərt təhlükəsizlik tədbirlərinin tələb edildiyi vaxta təsadüf edib. BMT Baş katibi Antonio Quterreş texnologiya üzərində daha güclü nəzarətə çağırış edib, 20-dən çox ölkənin liderləri isə qabaqcıl süni intellekt sistemləri üçün məcburi təhlükəsizlik tədbirlərinin yaradılmasını istəyib.

Bu müzakirələr fonunda süni intellekt tədqiqatçısı Ceykob Kokson Anthropic şirkətindən istefa verdiyini açıqlayıb. O, son üç ildə OpenAI və Anthropic-də süni intellekt modelləri üzrə araşdırmalar apardığını bildirərək hər iki şirkətin özünü təkmilləşdirən “super zəka” sistemlərinin yaradılması yarışında kifayət qədər məsuliyyətli davranmadığını iddia edib.

Koksonun sözlərinə görə, insanlardan daha bacarıqlı sistemlərin ortaya çıxması kiberhücumlar və müxtəlif sahələrdə sürətli dəyişikliklər də daxil olmaqla ciddi risklər yarada bilər. O, bu sistemlərin gələcəkdə real dünyada güc və resurslar əldə etmək imkanına sahib ola biləcəyini bildirib. Beləliklə, süni intellektin bəşəriyyət üçün yarada biləcəyi ən təəccüblü beş ssenari...

1. BAŞ VERƏNLƏRİ ANLAMAQ ŞANSIMIZ OLMAYA BİLƏR

İnsanlardan daha üstün süni intellekt sistemlərinin davranışını əvvəlcədən proqnozlaşdırmaq çətin ola bilər. Belə sistemlərin hansı məqsədləri seçəcəyi və onlara çatmaq üçün hansı üsullardan istifadə edəcəyi tam nəzarətdən çıxa bilər. Hazırkı modellərin ciddi məhdudiyyətləri olsa da, onların getdikcə daha mürəkkəb problemləri həll etməsi gələcəkdə insan imkanlarını aşan sistemlərlə bağlı sualları aktuallaşdırır.

2. BİOLOJİ SİLAHLAR

İnkişaf etmiş süni intellekt yeni bioloji agentlərin hazırlanması, genetik ardıcıllıqların yaradılması və laboratoriya proseslərinin sürətləndirilməsində istifadə oluna bilər. Stanford tədqiqatçılarının genetik süni intellekt modelindən istifadə edərək yeni viruslar üzərində işləməsi bu risklə bağlı müzakirələri gücləndirib.

Lakin təhlükəli virusun yaradılması avtomatik olaraq qlobal pandemiya və ya bəşəriyyətin məhvi demək deyil. Bunun üçün patogenin həm ölümcül, həm də geniş və effektiv şəkildə yayılması tələb olunur.

3. NÜVƏ MÜHARİBƏSİ

Süni intellekt nüvə silahları ilə bağlı qərarvermə proseslərində səhv və təhlükəli nəticələrə səbəb ola bilər. Texniki nasazlıqlar və yanlış həyəcan siqnalları tarixən nüvə müharibəsi riskini artırıb.

2010-cu ildə ortaya çıxan “Stuxnet” hücumu isə internetdən təcrid olunmuş hesab edilən sistemlərin belə mürəkkəb kiberhücumlardan tam qorunmadığını göstərdi. Süni intellektin hərbi sistemlərə inteqrasiyası yanlış məlumat və ya qərar nəticəsində daha böyük risklər yarada bilər.

4. İNSAN MƏQSƏDLƏRİNİ NƏZƏRƏ ALMAYAN SİSTEMLƏR

Süni intellektin təhlükəli olması üçün insanlara düşmən münasibət bəsləməsi vacib deyil. Əsas risk onun qarşısına qoyulan məqsədə çatarkən insan maraqlarını nəzərə almamasıdır.

Filosof Nik Bostromun “sıxac generatoru” düşüncə təcrübəsində sistemə mümkün qədər çox sıxac istehsal etmək tapşırılır. Sistem məqsədinə çatmaq üçün bütün mövcud resurslardan istifadə edə və nəticədə insan ehtiyaclarını nəzərə almaya bilər. Bu nəzəri nümunə süni intellektin məqsədlərinin insan dəyərləri ilə uyğunlaşdırılmasının vacibliyini göstərir.

5. ƏN BÖYÜK RİSK İNSANLARIN ÖZÜ OLA BİLƏR

Süni intellekt bəşəriyyəti birbaşa məhv etməsə də, mövcud sosial problemləri daha da dərinləşdirə bilər. İş yerlərinin itirilməsi, dezinformasiyanın yayılması, siyasi qütbləşmə və insanların süni münasibətlərə daha çox yönəlməsi iqtisadi, siyasi və sosial institutları zəiflədə bilər.

Bu ssenaridə süni intellekt bəşəriyyətin birbaşa düşməni deyil, mövcud problemləri sürətləndirən və cəmiyyətləri daha qeyri-sabit vəziyyətə gətirən vasitə kimi çıxış edə bilər.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ