Elşən Mirişli
Gəncə şəhəri, tarixçi
Şah İsmayıl Xətai tərəfindən Qızılbaş dövlətinin yaranması
VI Yazı
Gürcüstanın tabe edilməsi
Gürcüstanın tabe edilməsi I Şah ismayıl Cənubi Qafqaz ərazisində, xüsusilə də Gürcüstan və Dağıstanda öz mövqelərini möhkəmləndirmək üçün ciddi tədbirlər gördü.Qızılbaş dövlətinin vəziyyəti onun hesabına yüngülləşdi ki,Gürcüstan XVI əsrin əvvəlində bir-biri ilə düşmənçilik edən bir sıra müstəqil çarlıqlara parçalanmışdı.
Qızılbaşların Gürcüstana yürüşləri üçün formal bəhanə gürcü çarlarının kömək üçün özlərinin müraciəti oldu.Mesxi çarı IV Kvarkvare digər gürcü çarı “Başı Açıq” (İmeretiya) hökmdarı Mənuçöhr tərəfindən məğlub edilərək Şah İsmayıl Xətainin Naxçıvandakı qış düşərgəsinə gəldi və müdafiə olunmasını xahiş etdi. Şah ismayıl Div Sultan Rumlunun başçılığı ilə bir neçə sərkərdəsini qızılbaş ordusu ilə Gürcüstana göndərdi.Onlar Şuragöl yolu ilə buraya gəldilər.Yürüş nəticəsində Mənuçöhrün ordusu darmadağın edildi və o,yardım almaq üçün Osmanlı ərazisinə qaçdı.Kvarkvare isə taxt-tacı özünə qaytardı.
Sonrakı ildə Mənuçöhr Qızıl Əhməd oğlunun komandanlığı altında Osmanlı ordusu ilə qayıtdı və yenidən Kvarkvarenin mülklərinə basqın etdi.Div Sultan Rumlu ikinci dəfə Gürcüstana göndərildi.Dəbil (Dvin) bölgəsində baş verən döyüşlərdə qızılbaşlar osmanlıları darmadağın etdilər.Onların başçısı isə öldürüldü.Mənuçöhr meşələrə qaçmaqla canını qurtardı.
Div Sultanın başçılığı ilə qızılbaşların üçüncü yürüşü 1521-ci ilə təsadüf etmiş və Kaxetiya gürcü çarı Ləvənd xanın (1520-1574) Şəki xanlığına basqını ilə əlaqədar olmuşdur. Şəki hakimi Həsən bəy kömək üçün Naxçıvanda qışlayan I Şah İsmayıla müraciət etdi.Div Sultan Rumlu Qanıxçay və Qabırrıçay çaylarını keçərək Zəyəm və Qərəm qalalarına hücum etdi.Ləvənd xan günahını etiraf edərək Div Sultanın hüzuruna gəldi.Gürcüstanın digər hökmdarları-IV Kvarkvare,Davud bəy və Mənuçöhr də bu cür hərəkət etdilər.Onlar Div Sultanla birgə Naxçıvanda qışlayan I Şah İsmayılın yanına gəldilər.Burada gürcü çarları Qızılbaş dövlətinə hər il vergi (bac) verməyi öhdələrinə götürdülər və öz mülklərinə qayıtdılar.
Qızılbaş Moğol əlaqələri
Böyük Moğol İmperiyası (Hindistan Teymuri İmperatorluğu) ilə Qızılbaş dövləti arasındakı münasibətlər bəzi dövrlərdə dostluq və müttəfiqliklə, bəzi dövrlərdə isə düşmənçilik və müharibələrlə müşayət olunmuşdu.Böyük Moğol dövlətinin əsasını qoyan Baburla Qızılbaş dövləti arasındakı münasibətlər hələ Böyük Moğol İmperiyasının əsasının qoyulmadığı dövrdən yaranmışdı.Babur və Şah İsmayıl ortaq düşmənləri olan Şeybani xana qarşl birgə hərəkət edirdi.Qızılbaş ordusunun köməyi ilə 1512-1513-cü illərdə Buxara və Səmərqənd ələ keşirildi.Baburun Qızılbaş dövlətinə yaxınlaşması uzun müddət davam etmədi.1514-cü ildə baş vermiş Çaldıran döyüşündə Şah İsmayılın Sultan Səlimə məğlub olmasından sonra özbəklərə olan Qızılbaş təzyiqi azaldı.Bundan sonra Babur özbəklərin hücumları qarşısında geri çəkilməyə məcbur olmuş və Qızılbaş dəstəyini itirmişdi.
Şah İsmayıl Xətainin şeirləri
Xətai az yaşamasına,vaxtının çoxunu dövlət işlərinə sərf etməsinə baxmayaraq, zəngin və rəngarənğ bir ədəbi irs yaratmışdı. O həm əruz, həm heca vəzinində,həm epik,həm lirik janırlarda əsərlər yaratmışdır. Onun səmimi poeziyası çox vaxt siyasi-ictimai fəaliyyəti ilə birləşmişdir.Bu poeziya gah qılıncla bərabər döyüşə getmiş,gah müdrik bir təriqət şeyxinin nəsihətlərinə çevrilmiş,gah həssas bir qəlbin poetik tərcümanı olmuşdur.Bu poeziya qəhrəmanlığa,gözəlliyə,mənəvi saflığa məhəbbətlə,şərə, mənəvi cılızlığa, saxtalığa, əqidəsizliyə,məsləksizliyə, dönüklüyə,sədaqətsizliyə nifrətlə doludur. Xətainin poeziyası hər şeydən əvvəl mənəvi azadlığı təsdiq edir.Dünyagörüşüncə panteist olan şair Həllac Mənsur və Nəsimi kimi “ənəlhəq” (mənəm Allah”) ideyasına tərəfdar çıxır, özünü “vəhdət gülzarının bülbülü” adlandırır.
Çün Xətaidir bu gün gülzari vəhdət bülbülü,
Dəxi ol zaqi-siyəh gülzarə söylən gəlməsün,
Özünü “vəhdət” gülzarının bülbülü,başqa sözlə,panteist şair adlandıran Xətai başqa panteislər kimi Allahla insanı və təbiəti eyniləşdirir,insanı Allah adlandırır,özünü “həqqi-mütləq” deyə vəsf edir.
Ənəlhəq sirri uş könlümdən gizli,
Ki həqqi mütləqəm,həqq söylərəm mən.
Bu beyt də göstərir ki, Xətai dünyagörüşü baxımından panteist olmuşdur.Nəsimiyə böyük hörmət bəsləyən,Həllac Mənsuru məhəbbətlə xatırlayan, sufi şeyxi kimi tanınan Xətainin panteist olması onun poeziyasına da güclü təsir etmiş,ona cəsarətli humanist ruh vermişdir. Lakin bu cəhət Xətai şerini sırf təriqət poeziyasına çevirməmişdir.Xətai real həyat və real insanı şeirinin əsas obyekti kimi görür,real insandan , insani hisslərdən söhbət açır.Şairin panteizmi onun himanist poeziyasına fəlsəfi dərinlik və vüsət verir.Xətainin və başqa panteist sənətkarların əsərlərində olduğu kimi burada da hər şey insanı, onun hisslərini,əməllərini müdafiəyə,ucaltmağa,hər cür müqəddəsatdan daha müqəddəs göstərməyə,həm də real, həyati mənada müqəddəs göstərməyə, xidmət edir.Sufi panteist şair olan Xətai həm də özünü sufi alandıran hər adamı insani keyfiyyətlərə malik saymır,dəngəsər nadan sufilərin olduğunu da görür və onları insan kimi rədd edir.Şair sufi müridlərini doğru yola nəzər etməyə,həqiqi insani məslək və əqidə yoluna qədəm qoymağa səsləyir:
Sufi isən atıb-satma,
Halalına haram qatma,
Yolun əyrisinə getmə
Doğru yola nəzər eylə.
Şairin nəzərində həqiqi sufi əsl insandlr.Onu alıb satmaq,harama meyl etmək,əyri yolla getmək ola bilməz.Həyatda o,həmişə doğru yolu seçməyi bacarmalıdır.Xətai şeirinin əsas obyekti insan,əsas qayəsi insana məhəbbətdir.İstər fəlsəfi örtüyə bürünmüş şəkildə ifadə edilsin,istər səmimi real insani duyğular kimi qələmə alınsın,bu şeirlərdəki fikirlər,duyğular,qənaətlər yeni insan idealını əks etdirir. Xətai dövründə islam dininin insan idealı ilə humanist ziyalıların insan idealı bir deyildi.Dindar insan,yəni zahid hər cür istək və arzularını buxovlayıb cənnət xəyalı ilə yaşayırdısa,humanist ziyalıların insan idealı cənnəti bu dünyada tapırdı.Şair insansız dünyanı və cənnəti barsız bağa bənzədir,insansız cənnəti belə istəmirdi:
Neylərəm ol cənnəti içində dindar olmasa,
Qoy anı viranə qalsın,bağçada bar olmasa.
Şah İsmayıl Xətainin çoxcəhətli yaradıcılığında epik əsərlər də mühüm yer tutmuşdur.Onun “Nəsihətnamə”məsnəvisi və “Dəhnamə” poeması epik şeirin maraqlı nümunələrindəndir.”Nəsihətnamə”, adından göründüyü kimi,didaktik-əxlaqi və fəlsəfi məsnəvidir.Burada süjet yoxdur.Fəlsəfi-didaktik şeirlərində olduğu kimi burada da şair vəhdəti vücud fəlsəfəsinin əsas müddəalarını ön plana çəkir.
Xətaiyə görə,insan gül kimi saf və ətirli olmalıdır.Bunun üçün zülm yükünü atmaq,dünya qəmini vəhdətlə dəyişmək lazımdır.İnsan hər şeyə könül gözü ilə baxmalı, kamal sahibləri ilə oturub durmalıdır ki,özünü, həyatın həqiqətini görsün.Xətai təmiz qəlbi əsl Allah evi adlandırır, könül yıxmağı yox,tikməyi məsləhət görür:
Budur sözüm sənə məndən əmanət;
Könül yıxma,vəli eylə imarət.
Dəxi yoldaş ilə qonşusunu gözlə,
Ki, xəlqin eybini sən açma, gizlə;
Hamu əməldən əfzəldir bir insaf,ur.
Həqin öz evidir,olsa könül saf.
“Nəsihətnamə” sufizmin panteist müddəalarını şərh edən fəlsəfi bir əsər olmaqla bərabər,insan haqqında humanist düşüncələri də əks etdirir. Şairin nəsihətləri dərin insanpərvərliyi ilə seçilir.
“Dəhnamə” Xətainin həcmcə ən iri və süjetli əsəridir.Bir tərəfdən klassik ədəbi ənənələrdən,digər tərəfdən xalq yaradıcılığı nümunələrindən,nağıl və dastanlardan istifadə ilə yaradılan bu poema başqa “Dəhnamə” lərdən forma və məzmun əlvanlığı ilə seçilir. Rəngarəng təbiət təsvirləri və müstəqil qəzəllər əsəri daha da əlvanlaşdırmışdır. Şah İsmayıl Xətainin özünəməxsusluğu-hisslərin səmimi,inandırıcı,təbii ifadə etmək,təbiəti duymaq,məhəbbətin həyacanlarını dolğun əks etdirmək,xalq ədəbiyyatından şüurlu şəkildə faydalanmaq bu əsərdə də göz qabağındadır.Sufi panteist məhəbbət problemi Xəətainin “Dəhnamə” sində də vardır.Lakin burada real hadisə və duyğuların təsviri arxasında onlar görünməz olmuşdur.Poema hər şeydən əvvəl real insani məhəbbəti əks etdirən əsər kimi diqqəti cəlb edir.
“ Dəhnamə” on məktub deməkdir.Zahirən əsər məktublardan ibarətdir.Ancaq burada məktubun təkcə adı vardır.Əsərin məzmununu məktublar yox,daha çox həmin məktublarla əlaqədar hadisələr təşkil edir.Bir nəfər eşqə biganə olan,eşq dərdinə tutulanlara əbləh deyən adam bağda yatarkən yuxuda bir gözəl görüb ona vurulur.Qəmli,dərdli günlər keçirən aşiq sevgilisinin harada,kim olduğunu bilmir. Allaha yalvarıb ondan kömək istəyir.Hatifdən gələn səs məşuqənin yerini bildirir. Məlum olur ki,aşiqin sevdiyi pəridir, yeri isə pərilər bağıdır. Hatifdən gələn gödstəriş əsasında pərilər bağına gələn aşiq sevdiyi gözəli görür və daha dərindən aşiq olur.Bağban onu əvvəlcə sərt qarşılayır,döyür,dərdini bildikdə ona məsləhət görür ki, gedib Səba ilə məktub göndərsin.Aşiq Səbanı,Ahı, Huşu və Göz yaşını bir neçə dəfə məşuqənin yanına yanına elçi göndərir. Məşuqə əvvəlcə qəzəblənir.Qasidlər çətinliklərlə qarşılaşırlar,əzab çəkirlər.On dəfə elçi və sifariş göndərən Aşiq istəyinə nail olur.Aşiqi dözümlü,vəfalı görən Məşuqə ona vüsal vədəsi verir.Poema səbrin tərənnümü ilə bitir.Xətai mövzunun imkanlarından bacarıqla istifadə edib rəngarəng təbiət lövhələri,insan duyğularının təbii,səmimi ifadəsi üçün müxtəlif boyalar işlədir.Sıx-sıx,lakin yerli yerində verilmiş qəzəllər poemadadakı lirizmi daha da gücləndirir.
Xətai ədəbi irsinin mühüm bir qismi heca vəzində xalq şeiri formasında yazılan əsərlərdir.
Şah İsmayıl Xətai 1524-cü il mayın 23-də 36 yaşında Təbriz şəhərində vəfat etmişdir.
Dəfn yeri: Ərdəbil şəhərindəki Şeyx Səfiəddin məqbərəsidi.