Rüstəmzadə Həyat
70 ilin astanasında ömrün keçən illərini vərəqləyək. Bu ömür yolunda bir tale yaşayır. Əliağa müəllim haqqında söz yazmaq çox çətindir Füzuli rayonunda dünyaya göz açan yazarımızla tələbə yoldaşı olmuşuq. Amma bu gün onu dünənkindən daha yaxşı tanıdıq. Onun necə-neçə kitabları işıq üzü görüb. Şeirə, sözə vurğundur.
İçində tufan tək qopan deyilsə,
Bir qəlbə yol tapıb hopan deyilsə,
Özünə yurd-yuva tapan deyilsə,
Kimi gərək imiş bu cızma qaram,
Təbi var, gəlməsə şeir yazmram
Onun gözəl səs tembri var. Bu peyğənbərləşən səs bizim ürək qapımız, görüş yerimizdir. Bu səsin hikməti bizi haralara aparır. Qeyd etmək istərdim ki, institut illərində Əliağa müəllim öz fəailiyyət ansamblında ecazkar səsi ilə nəğmələr oxuyurdu. Hətta başqa ölkələrdə qastrol səfərlərində olub. Əliğa Ərşadoğlunun canımıza yayılan ipək kimi səsi var... İpəyin çalarları göz oxşayır, əlinə alırsan ürəyin yumşalır, İpək kimi olursan. Bu səs də qəlbimizə ipək kimi gözəllik yayır. Bir ömrün akkordlarını, səlnaməsini yazmaq çətin olmadı, Əliağa müəllim. Bu məqalədə Azəri Soy, "Özümtək yaşayam" kitabınıza "Narahat dünyanın adamı" adlı ön sözü yazan Mətləb Misir, Sonaxanım Aslanova, Rövşən Atakişi oğlu, Mehriban Ələkbərova, Gülsəfa Əliyeva, Tahir İmanov, öz natiqlik səsi ilə sayılıb-seçilən İpəknaz Novruzəliyeva, Tamara Bədəlova kimi, söz adamlarının vətənpərvərlik və məhəbbət mövzulu şeirlərinz haqqında olan təhlil və səmimiyyət dolu poetik düşüncələrini ərmağan etmək istəyirəm. Haqqınızda çox yazılacaq şəninizə şeirlər qoşulacaq. Söhbət sənətdən gedirsə, sözlə yaşamağa başlayandan söz də sizə bağlanıb. Hər saat bu dəryaya baş vurmaq olmur. Şeirlərnizi üzüb, ipə-sapa düzən, şair, nasir dostlarınız bizimlə yol -yoldaşı oldu.
Şairə, publisist Azəri Soyun səmimiyyət dolu poetik fikirlərinə bir nəzər salaq: "Böyük şairimiz Bəxtiyar Vahabzadə yazırdı:
Yaşamaq yanmaqdır,
Yanasan gərək...
Bəli, elə şairlik də yanmaqdır. Yana-yana, əriyə-əriyə sözlərə, cümlələrə çevrilib vərəqlərə səpilməkdir.
Şairlik dünyanın dərdini, sərini içindən keçirib onu yaşamaq, sözə çevirməkdir Əsl şair göylərdə olmaq, göy adamı olmaqdır. Tanrının pıcıltılarını Yerə çatdırmaqdır.
Mənə görə Əliağa Ərşadoğlu da belə şairlərdəndir. Biz Əliağa ilə bir kursda oxumuşuq, Düz 45 ildən sonra tale bizləri yeniden bir araya gətirdi. Əfsanəvi Məzun–78 adlı vatsab qrupunda birləşmişik. Əliağa tez-tez qrupda şeirlərini səsləndirir. Onun səsi də şeirləri kimi bir başqa aləmdir. Gözəl şeir deməyi var Əliağanın. Feyzbukda "Bu ömür geriyə dönəsi deyil" şeirini dinlədim.
Heç bilmədim harda itdi gəncliyim,
Bir göz qırpımında bitdi gəncliyin,
Getdi, birdəfəlik getdi gəncliyim,
Bu ömür geriyə dönəsi deyil
Anam yox sığinam mən qucağına,
Atam yox qızınam od, ocağına,
Ha bağıram zamanın kar qulağına,
Bu ömür geriyə dönəsi deyil.
Şeiri dinlədikcə sanki onu yaşayırsan, Gözlərində bir təbəssüm, dodaqlarında bir təəssüf nidası donüb qalır. Çünki misralarda səmimiyyət, həyat, bir insan taleyi var.
Əliağa müəllim özünün, sözünün yerini dəyərini bilən bir insandır. Yaradıcılığı ilə insanı keyfiyyətləri bir-birini tamamlayır.
İllərlə ürəyində vətən həsrəti, yurd nisgili gəzdirdi Əliağa müəllim. Doğma Füzulinin, doğma yurdunun azad olması xəbərini hamı kimi o da göz yaşları ilə qarşılayaraq "Salam doğma ocaq, salam yurd yeri" şeirində yazırdı:
Mən sözə illərlə sığal çəkmədim,
Ümid bağçasında bir gül əkmədim
Bir xəyal qurmadım yuva tikmədim,
Elə hey gözlədim bu şad xəbəri,
Salam doğma ocaq, salam yurd yeri...
Misralarında bir elin, obanın, yurd yerinin sükutu, bir vətən oğlunun içində gizlənmiş nisgili boylanır sanki. Haqqında çox yazmaq olar Əliağa müəllimin Təmkinli, ləyaqətli, layiqli insan, səmimi şair qardaşım, Əliağa Ərşadoğlu yolun açıq, qələmin yazar olsun."
Şair Mətləb Misirin ön sözündən bir nümunəni nəzərinizə çatdıraq. "Canında, qanında şeir cövhəri olan hər kəsin mənəvi dünyası, poetik duyumları, sözə məna çalarları vermək, onu muncuq kimi ipə-sapa düzmək, misra- misra şeiriyyətə çevirmək bacarığı nə vaxtsa qiymətli bir inci kimi üzə çıxır. Qarşımda ziyalı bir insanın – dostumuz Əliağa Ərşadoğlunun şeirlər toplusu var. Orta yaşlı həlim baxışlarından, nurlu çöhrəsindən qayğı sezilən bu insanın mənə təqdim etdiyi əlyazmalarını vərəqlədikcə saflığı, düzlüyü ürəyinin fərmanı hesab edən, adi qarışqanın belə üstündən keçmək istəməyən və həyatda özü tək görünmək istəyən bir yazarın ürək çırpıntılarını hiss edirəm. Yenidən o fikrə qayıdıram ki, sözü qəlbin süzgəcindən keçirərək cilalamaq, onu səmimi duyğulara, bəşəri hisslərə çevirmək hər adamın işi deyil.
Xəcalət olmadım elin yanında,
Od oldum zamanın alışqanında.
Üstündən keçmərəm qarışqanın da,
Haqq olan düz yola səriləcəyəm,
Necəyəm, elə də görünəcəyəm.
Əliağa müəllimin söz dünyası ən müqəddəs arzu-diləkdən, xoş ülfətdən, səmimiyyətdən Vətənə, elə-obaya, ailəyə, ata-anaya, övlad-uşağa olan məhəbbətdən qidalanır. Doğma torpağa bağlılıq, öz soy-kökünə güvənərək məğrur yaşamaq onun həyat amalıdır".
Şairə, publisist Sonaxanım Aslanova Əliağa müəllimin yaradıcılığına bir nəzər salmışdır. Diqqət yetirək: "Zaman amansız olsa da, bəzi bağları qoparmağa gücü çatmır. 1978-ci ildə məzun olduğumuz o unudulmaz tələbəlik illərindən tam 45 il keçdi. Bu uzun illər bizi müxtəlif səmtlərə salsa da, nəhayət, "Məzun -78"qrupu adı altında yeniden bir ailə kimi birləşdik. Bu qrup təkcə xatirələrin deyil, həm də sönməyən yaradıcılıq ruhunun məkanı oldu. Bu məkanın, bu ruhun mərkəzində isə hamımızın sevimlimiz, qəlb dostumuz, şair qardaşımız Əliağa Ərşadoğlu dayandı.
Əliağa bizim üçün sadəcə bir tələbə yoldaşı deyil, ecazkar və sehrli səsi, hər kəlməsi ilə ürəkləri fəth edən bir söz sərrafıdır. Onun şeirləri sadəcə misralar toplusu deyil. O misralarda vətən sevgisi, yurd həsrəti, təbiətin tərənnümü, insanı duyğuların ən zərif çalarları gizlənib. Əliağanın hər çıxışı, şeirləri səsləndirdiyi sehrli səsi bizi o uzaq, lakin heç vaxt unudulmayan gənclik illərimizə qaytarır. Onun qələmi qədər ürəyi də təmiz, səsi qədər ruhu da dərindir. Əliağa Ərşadoğlu öz yaradıcılığı ilə sübut edir ki, həqiqi şairlik elə insanın daxili aləminin saflığıdır.
Mən şairin yaradıcılığının dərinliyinə enə bilmərəm. Onun müxtəlif mövzularda, müxtəlif ideyalı şeirləri saysız -hesabsızdır. Doğma yurdu Füzulinin işğalına və qayıdışına yazdığı "Salam, doğma ocaq, salam, yurd yeri", "Bu ömür geriyə dönəsi deyil", "Uzat əllərini tutum əlindən " misrası ilə başlayan və. s. şeirləri oxucunu dərindən düşündürən yaradıcılıq nümunələridir. Əliağa Ərşadoğlu "Uzat əllərini tutum əlindən" misrası ilə başlayan şeirinde ümidsizlikdən ümidə doğru geden yol, cəmiyyətin mənəvi tənəzzülü, gələcək nəsillər qarşisindakı məsuliyyət, saflaşma və birliyə çağırış əsas ideyanı təşkil edir. Müəllif qeyd edir ki, əgər bu gün "düzlük dünyası" qurulmasa, gələcəyin mənəvi mənzərəsi daha qaranlıq olacaq:
İmana, insafa, dinə gəlməsək,
Hər düz əkdiyimiz əyri bitəcək.
Bir düzlük dünyası qura bilməsək,
Nəsillər bizləri lənətləyəcək.
Şairin bu bənddə ən diqqəti cəlb edən fikri keçmiş nəsillərlə gələcək nəsillər arası əlaqəyə toxunmasıdır. "Nəsillər bizi lənətləyəcək "xəbərdarlığı bu gün yanlış atılan addımların gələcəyə verəcəyi zərərin olacağına çağırışdır.
Əliağa bu şeirində yalnız öz dərdindən danışmır, dərdi ümumiləşdirir.
Yağdı başımıza yalan yağışı,
Düzə düz libası biçə bilmədik.
Tutdu kimlərinsə bizi qarğışı,
Yaxşını yamandan seçə bilmədik –
deyən şair bir nəslin və ya dövrün günahlarını etiraf edir.
Əliağa şeirini pessimist, ümidsiz ruhlarla bitirmir. Əksinə, son bənddə çıxış yolunu göstərir.
Gərək vətən üçün gərilsin sinə,
Hər sözdə, əməldə bir olmalıyıq.
Bu millət naminə, bu xalq naminə,
Hələ saflaşmalı, durulmalıyıq...
Füzuli mühitinin yetişdirdiyi şairimiz vətən və millət naminə fərdi hissləri bir kənara qoyub, ümumi bir amal uğrunda birləşməyin, saflaşmağın vacibliyini vurğulayır.
Şair bu şeirində: Təşbehlərdən ("Kor hasasını axtaran kimi, "-yəni, çarəsizliyin və inam axtarışının güclü təsviri), Metaforalardan ("yalan yağışı, "düzə düz libasını biçə bilmədik, " biclik donunda gizlənmək"), Təzadlardan (yaxşı və yaman, düz və əyri, halal və haram arasındakı mübarizə )peşəkarcasına istifadə etmişdir. Şeir dünyasında gəzişən, sözün hikmətini oxucuları ilə bölüşən Əliağa Ərşadoğlu, əziz qardaşım, sənə can sağlığı, tükənməz ilham, yaradıcılığınızda yeni-yeni uğurlar arzu edirem, Arzu edirem ki, o sehrli səsin daim ucalardan gəlsin, qələmin hər zaman öz itiliyi ilə oxucuların qəlbinə yol tapsın".
1-ci Qarabağ döyüşlərində batalyon. komandiri olmuş, şair. publisist Rövşən Atakişioğlunun səmimi sözləri: ""Misralar duru, fikirlər aydın məzmunlu, dinlədikcə, düşünülən Əliağanın şeirləri çox səmimi və təbiidir, çünki, o ədalətsizlikdən, saxtakarlıqdan, uydurmalardan uzaqdır. Ona görə də bu kəlməni ürəklə yazaq: "Əliağa Ərşadoğlu əsil şairdir". Şeirləri çox gözəldir yaddaqalandır bəsit şeir deyil. Məcazların şirinliyi, dilin rəvanlığı, bədii üslubun bütün gözəllikləri cəmlənib. Gözəlliklər içində üzəsiniz şair. Bu səsin özü bir poeziyadır. Bu səs sənət mənzərəlİ, sirli - sehirli bir aləmdir. Bu səsdə misralar cana gəlir. Əliağa müəllim şeir deyir, şeirin ülviyyəti haqqında düşünək.Bir az bulaq kimi qaynayan, şəlalə kimi çağlayan şeirləriniz ürəyimizə sevinc paylayıb, ilıqlıq gətirir şair.
Əliağa müəllim mənim "Ürəyim oldu" şeirini bənzərsiz səsi ilə o qədər gözəl oxudu ki, sanki şeirə ikinci nəfəs. verdi:
Agrımı, acımı yüklədim ona
Anamı, bacımı yüklədim ona
Dağ boyda Lacını yüklədim sənə
Ən yaxşı sirdaşım ürəyim oldu.
Qardaş, təşəkkür edirəm, bu 70 yaşın astanasında sizə sağlam can, coşqun ilham, ruh yüksəkliyi, yeni uğur və bol nailiyyətlər diləyirəm"
Məzun -78 də""Qrupunun anası"" titulunu almış şairə, publisist Mehriban Ələkbərova demişdir:" Əliağa müəllimin yazdığı "Bu kənd qaytarın öz yuvasına " şeirini dinlədikcə vətən həsrəti ilə korun-korun yanan dünyanın var dövlətindən imtina edən kəndi geri qaytarilarsa özünü xoşbəxt sayan arzularını qəlbinin mürəkkəbinə batırıb yazan bir sənətkar gördüm. Yurd yerindən didərgin düşən zaman dərdi dağ edib göynəltiləri gedən, qardaşım ! Vətən əvəzedilməzdir. İnsan harada olmağından asılı olmayaraq doğulub boya-başa çatdığı el-obasını, yurd yerini həmişə axtarır. Orada rahatlıq, dinclik olduğunu şeirində dediyi kimi etiraf edir.
Orda ataların ayaq izi var,
Orda anaların ruhları sızlar.
Orda dünyamızın elə özü var.
Bu kəndi qaytarın öz yuvasına.
Mənfur qonşularımızın viran etdiyi kəndi görən şair Vətən torpağının hər nazını çəkməyə, orda gül-çiçək əkməyə dam tikməyə hər zaman hazır olduğunu bildirir.
Qayıdaq yenə də gül-çiçək əkməyə.
Qayıdaq torpağın nazın çəkməyə
Bir yuva qurmağa, bir dam tikməyə
Bu kəndi qaytarın öz yuvasına.
Artıq ədalət möhürü vuruldu. Ali Baş Komandanın və igid əsgərlərimizin səyi nəticəsində torpaqlarımız geri qaytarıldı. Kəndlər, şəhərlər öz sahiblərinə qucaq acdı. Mən də tələbə yoldaşımız əslən Fizuli rayonundan olan Əliağa müəllimin şeirinin təsiri ilə "Bu kənd qayıdacaq öz yuvasına "poetikasını yazdım və belə söylədim:
Vətən həsrətilə yandın, qovruldun,
Deyirəm, ay qardaş yaman yoruldun.
Bulanıq sulardan çıxdın duruldun,
Günəşin gələcək öz yuvasına.
Bu gündən öz şeiriyyətini o doğma yerlərində gedib yazarsan, Şair! "
Həsrətə son qoyar Tanrım bir anda
Qayıdar yurduna elin, oban da,
Munis nəğmələrlə deyərsən onda
Bu kənd qayıdacaq öz yuvasına.
Publisist Gülsəfa Əliyeva söyləmişdir: "Mən, məzun-78 qrupunun özünəməxsuslugu ilə fərqlənən şair Əliağa müəllimdən söz acıram. Əliağa müəllim böyük istedada malik poeziya həvəskarıdı. Ömrümüzün ahıl çağında gənclik dostları ilə münasibətlərin saxlanması bizə xüsusi bir sevinc gətirdi 45illikdə Əliağa müəllimin dediyi kimi.
Deyirlər bu dünya fanidir heçdir olsun.
Ancaq həyat şirindi -şirin
Zaman nəfəsini dərmədən keçir
Həsrəti göyərdi bu 45 ilin
Onda yüksək və peşəkar pedaqoqluq istedadı vardı. Həyatda təvəzökar bir dəyərli sözə vurğunluq aydın danışıq tərzinə malik olmağı Əliağa müəllimi tamamilə fərqləndirir. Həssas və ruhu oyadan xüsusi istedada malik bir şairdir. Onun poeziyaya yanaşma tərzi, özünəməxsuslLutu, mülahizə seçilən. bir istedadın işarəsidir. Digər köçkün şairlər kimi Əliağa müəllimin də gözündə könlündə bir yurd dünyası yuva qurur. Doğma yeri hər bir qələm adamı öz düşüncəsinə görə təsvir edir. Ancaq onların duyğularında bir ümid var. Onda şeri çox gözəl vəsf etmək qabiliyyəti var Əliağa müəllim ecazkar səsi ilə dediyi şerlər o qədər gözəl səslənir ki qəlbimizdə dərin bir iz buraxır səsdəki sehri eşitmək yenə də eşitmək istəyirsən...
Çağıraq o yerə dönməyənləri
Barmaqla sayırıq ölməyənləri
Özüm gətirəcəm gəlməyənləri
Gəlməsin kimsənin varsa hünəri
Salam, doğma ocaq, salam yurd yeri.
Nasir, publisist, Allahın sadiq bəndəsi Tahir İmanovun fikirləri daha maraqlıdı: "Əliağa Ərşadoğlu şeirin gözəl həsrətində olduğun yurd yerini axtardığın kimi və tapdığın kimi oxucular da belə poetik ifadələri axtarır. Sənin qələmində tapdıqlarına görə sevinir. Sən bir Gecəgözlü sakinisən. Artıq o yurd yerinin gecə işıqları yanır, o kəndin gözü açılıb. Təbrik edirik səni. Bu poetikadır, bu sadə üsulla yeni söz demək bacarığıdır. Bu yetənək səndə var, sevinirik ki, yeni yurd yerində səni gözləyən qurbanlıq tezliklə ayaqlar altında kəsiləçək.
Qəm etmə dünyadır dənin ələyir
Dünən hökm eyləyən bu gün baş əyir,
Çöldə bir qurbanlıq quzu mələyir,
Gərək bayram edek bu müjdələri
Salam, doğma ocaq, salam, yurd yeri.
Duyğusal ürəyin, sözü yerində demək keyfiyyətin sənin əsl şairliyindən xəbər verir. Uğurlar! Bu adı şeir deyil könlümüzə, ruhumuzu axır".
Yüksək natiqlik isdedanına malik hörmətli tələbə yoldaşımız İpəknaz Novruzəliyeva demişdir:" Vətən torpaq, yurd həsrətilə yaşayan Əliağa müəllimin, bənzərsiz səsi iilə şeir söyləməsi bizi kədərləndirdi. Qardaş, qələminə ruhuna salıq. Allah o ecazkar səsinizi həmşə var eləsin. O doğma kəndin daşı da, torpağı da axdardığnız o doğma ocağınız da ruhunuzun paytaxtı olan Geçəgözlünüz də nə qədər sizə doğmadır. Bu gün torpaqlarmız, şəhərlərmiz, kəndlərimiz işğaldan azaddır. Çox şükürlər olsun bu günümüzə. O, torpaqlarmızı azad eliyən şəhidlərimizin ruhu qarşısında baş əyirəm. Sizə isə bərəkətli ömrü Geçəgözlü kəndində keçirəcəyniz gözəl günlər arzulayıram".
Yaman ağır imiş düşən daşımız
Bu bir bəlaydır çəkdi başımız
Dönək yenə yurda qonsun quşumuz
Əkək şum yerinə gözəllikləri
Salam doğma ocaq salam yurd yeri.
Şairə Tamara Bədəlovanın ürək sözləri: "Əliağa Ərşadoğlu tələbə yoldaşımızdır. O, öz gözəl şeirləri, əvəzolunmaz səsi ilə həmişə fərqlənib seçilib. Mən onun səsinin vurğunuyam, hətta ona şeirdə ithaf etmişəm. Tanrı sevgisi, möcüzə, fərəh, ruh verən bu səsi dinləməkdən doymuram.
O gözəl səsin sehrinə düşüb
İstərəm dinləyim mən səni, qardaş
De görüm, səsinə bəlkə bal düşüb
İstərəm dinləyim mən səni, qardaş.
Sanki bir qidadır avazın sənin
Yarımçıq qalmasın murazın sənin
Ürəkdə qalmasın, bir arzun sənin.
İstərəm dinləyim, mən səni qardaş.
Əliağa müəllim adına, şəxsiyyətinə, hörmət etdiyim mənəvi dəyərli ziyalılardandı. Mehriban, xoşsifət çöhrəsi, həssas və düşüncəli, qayğıkeş baxışları, ağır, təmkinli vüqarı ilə sayılan, seçilən, sevilən bu nurani sima neçə-neçə tələbələrin hafizəsində özünəməxsus yer tutub. Əliağa müəllim mənim dörd bəndlik şeirimin təsiri ilə"Sevmişəm, sevirəm sevəcəm səni! " adlı gözəl bir poetik düşüncələr, qəlb pıçıltılarını qələmə aldı".
Çox fikir eyləyib çəkmə zülm, sən
Ağzımda söz tutan şirin dilimsən.
Bunu birdəfəlik anla, gülüm, sən,
Lap çoxdan almısan özümdən məni,
Sevmişəm, sevirəm, sevəcəm səni!
Ürəyə yatımlı sevgi notları ilə bizi də yandırıb bu səs. Məhəbbət dolu harmoniyanı, poetik düşüncələri bu bənzərsiz səslə dinləmək eşq nağılından çələng hörmək,səsin, sözün sehrinə düşmək bir naxışdır. Bu bir eşq hekayəsidir. Onlar bir hikmətdi, məhəbbət fəlsəfəsidi, saf, təmiz, ülvi məhəbbətin tərənnümü ön planda necə gözəl nəqş olunub. O qədər axıcılıqla deyilən sözlər sanki inci, mirvari tək sapa düzülüb.
Yanar ürəyimin közü də sənsən,
Bütün gözəlliyin özü də sənsən.
Əlyağanın görən gözü də sənsən
Kor olsun gözlərim sevsə özgəni,
Sevmişəm, sevirəm, sevəcəm səni!
Yanan günəşin şəfəq sacsın, nurlu ayın bərq vursun. Bəxtinizə yazılan payınız var olsun. Yaşın nə fərqi məhəbbət qocalmır. Şair ona görə deyir:
Mənim ruhum sizdə, səninki bizdə
Bir vuran ürək var hər ikimizdə
Sən gəl bir atəşə bax içimizdə
Az qalır yandırsın küllü-aləmi.
Sevmişəm, sevirəm, sevəcəm səni!
Bu məhəbbət deyil, bu şeir deyil bu gözəl naxışlarla bəzədilmiş bir xallıdı, bu böyük sevginin kluminasiyasıdı, bu rəssamın min rəng vurduğu məhəbbət tablosudu. Bu xalının bu kluminasiyanın, bu tablonun yaradıcısı ustad söz sənətkarımız Əliağa Ərşadoğludu. Yana-yana şam tək əriyən sevginizlə var olun, şair!
. Əliağa müəllim öz səsi ilə bizi sehrə salıb dəfələrlə qulaq asıram şeirlərinə ürəyimdən keçən o duyğulu hisslərimi də az da olsa ifade edib, yazmışam. Nə deyim haradan başlayım bilmirəm söylədiyi şeirin təsirinden çıxmaq çox çətindi, əgər pərəstişkar və oxucularını öz səsi ilə məftun edibsə, bu şair xoşbəxtliyidi. Şeiri kənardan dinləsək görərik ki, söz söyləyən S. Rzayeva, İ.Əsgərov, A. Bayramov, H. Əbluç və Pünhan kimi bədii qiraətcilər deyil. İlahidən gələn, bizi ovsunlayan bu səs sahibi qardaşımız Əliağa Ərşadoğludu. Səsiniz daha uca kürsülərdən gəlsin, ən gözəl təltiflərə laiq görüləsiniz, Əliağa müəllim.
Hanı yol üstündə hər gün bitməyim,
Bir vüsal uğrunda can əritməyim,
Özümü çox sıxıb, çox kövrəltməyim?
Bu ömür geriyə dönəsi deyil.
Qəlbinizmi kövrəkdi, bizmi yaşa dolub ürəyi yuxa olmuşuq. Nədir bu qədər yanğı, bizi də yandırıb yaxdı. Şeirin xoş sözə, təhlilə ehtiyacı yoxdur. Qəlbi riqqətə gətirən bir nəğmədir. Quşlarda qanad saxlayır Əliağa müəllim şeir deyəndə. Sanki nəfəs çəkmək istəmirəm, bu səsin tilsiminə düşmüşəm. Vətən nisgilidə gözəl sonluqla qurtardı. Nikbin notlarla köklənək. Tanrı gözəl, şən günlər nəsib etsin. De, Qardaşım, qoy ruhumuz təzələnsin, bülbül tək səsiniz könüllərə bir rahatlıq gətirsin.
İthaf xarakterli şeirlərindən birini də tələbə yoldaşı Həyat müllliməyə həsr edib.
Məntiqin güclüdür, düşüncən dərin,
Duyğusal qəlbin var, şirin sözlərin
İnsana ruh verir söylədiklərin,
Hər sözün, kəlmənin yerin bilirsen.
Odur ki hər zaman ucadır yerin
Sönməsin ziyası parlaq gözlərin.
Bu hörmət və ehtiram ilə yazılan kiçik poetikadır. Şeirdə bir hikmət, bir məna təmiz -boyasız tərənnüm var. Poetik duyumlar ürəkdən gələndə təbii olur, hiss və duyğular öz əksini tapır.
Dədələr ömrü bir ağac sandılar,
Biz də bu ağacın barından dərdik
O şən dünyamızı qaytarsaydılar
Biz bütün dünyaya çiçək səpərdik.
Nəfəsini dərmədən keçən bu fani dünyada həsrəti göyərən 45 ilin ötən,itən ömrünü geri istəyən Əliağa müəllim. Bu görüşü bəxtin uğuru sanmış, gənclik illərinə təzədən qayıdış etmişdir. Nələr keçir şair könlündən:
Bax, o anda qəlbimin başı göynəyir,
Arzular dalınca qaçsaqda hələ
Qayğı da umuruq bu yaşımızda
Sən görən o dövran deyil, ay Lələ.
O zamanlar ata -analı, yurd, yuvalı dünyamız işıqlı idi. Qoy, bol olsun ürəyinin işiğı, gözünün işığı, sözün işığı. Dillərdə -dodaqlarda gəzən səsin -ününlə, işıqlı fikirləri, deyimləri, düşüncələri ipə -sapa düzüb, bizlərə ərmağan etdiyiniz üçün var olun!
Müdrik bir aqilsən söhbətli -sözlü,
Mələksən, anasan nurlu ay üzlü,
Canım sənə fəda, ay Gecəgözlü
Biz sənlə fəth etdik ənginlikləri
Salam, doğma ocaq, salam, yurd yeri.
Şeirdə kor əl hasasını axtaran, qəlbin simini könlündən salan, itmiş inamını, tapmayan halal ruzisini bölə bilməyən, nəsillərin lənətindən qorxan bir hayqırış, bir çağırış səsi ilə deyilən yalandan, seçilməyən yaxşı -yamandan bəhs edən şair parlaq sabaha ümid bağlayır. Şairlik gözlə, ürəklə, daha dərin, dəruni hisslərdən, poetik baxışdan başlayır. Gördüklərini hadisələrdən hərəsi bir cür təsirlənir və bir -birinə bənzəməyən orijinal poetik misralar meydana gəlir.
Yaxşı yazılar, şeirlər yazmaq, konül oxşayıb, qəlblərdə yuva qurmaq hər insana nəsib olmur. Yazılan əsərlər öz müəlliflərinə bənzəyir. Kövrək, çılğın, təbii, məğrur və milli olurlar. Tələbə dostlarımın sənət inciləri həm zövq, həm məslək və məzmunca bir birinə çox yaxındı. Yəni vəhdət təşkil edir. Qrupda dinləyici ilə yazar arasında ünsiyyətin ən ibrətli və mənalı məqamı dayanır.,Adına və səmimiyyətinə sayğı ilə yanaşdığımız Tahir İmanov "Qırmızı Xətt" adlı xoşumuza gələn düşündürücü yazısını bizlərə ərmağan etmişdi. Bu yazını da Əliağa qardaşımız sözün qanadlarında yüksəkliklərə qaldırdı. Burada ana laylasını xatırladan həzin musiqi də bizi əsrarəngiz bir aləmə apardı. Bir səs, bir söz dinləyirik İlahi ! Bu səs qiymətli bir xəzinədir. Bu səs sahibi özü bir şeiriyyətdir ki, burada gah aşiq, gah ağrıları ilə başbaşa qalan müdrikləşən bir insan görürük. Sanki bir nəğmədir, bu nəğməni oxuyan Əliağa Ərşadoğludu. Səsdə çöllərin meşələrin rayihəsi, dağ çaylarının, şəlalələrin, bulaqların zümzüməsi eşidilir. Bu səsdə sözün "Qırmızı Xəttin "nəfəsi var. Sözləri şair publisist, fəlsəfi fikirlər ustadı Tahir İmanovundur. Hörmətli yazarımız nitq hissələrində feil olmağı bacarır və bu fövqə qalxa bilir. "70-in körpüsünü keçmək gərək. Görək 70qırmızı xəttindən o tərəfə nə var. Mütləq görmək gərək. Nəsib olsun".. Tanrım 70-dən o yana sizlərə 80-də, 90-da sağlam canla yaşamağı qismət eləsin.
Ə. Ərşadoğlunun "Ömrüm"şeirini orta məktəbdə şagirdi olmuş Həyat Şəmi İsdanbulda "Ədəbiyyat və incəsənət "qəzetində çap etdirərək ləyaqətli və sakit insan olan öz ədəbiyyat müəlliminə hədiyyə etmişdir. Bundan böyük müəllim xoşbəxtliyi olarmı? Şeirə diqqət yetirək.
Düz üçün əyrini qurub yaşadım,
Bir sevgi sarayı qurub yaşadım,
Büdrədim, yıxıldım, durub yaşadım
Qoymadım daşlasın yetən ömrümü.
Ömrünü daşlamağa qoymayan şairdə böyük poetik istedad var. Dərin məna, gözəl məntiq, ürək çırpıntılarını ilə dolu ümumiləşdirmələrlə Əliağa müəllim şeirlərinin özülüdür.
Eşqini gözümdə bir çıraq etdim.
Köksümü illərə mən varaq etdim,
Kimisə boylanıb hey soraq etdim,
Bir göz qırpımında itən ömrümü.
Şairin göz çırağı, itən ömrünün sorağı, müşahidə dairəsi, düşüncələr axarı geniş və vüsətlidir. Onun qəlbi bir xəritədir ki burada əlçatmaz zirvələr olduğunu görürük. Harada vətənpərvərlik şeirləri varsa şair oradadır. Bax, bu yaşamaq, yeniden doğulmaq bölüşmək, ucalmaq deməkdir.
Hanı yol üstündə hər gün bitməyim,
Bir vüsal uğrunda can əritməyim,
Özümü çox sıxıb, çox kövrəltməyim?
Bu ömür geriyə dönəsi deyil.
Poetikaya vaqif olan aqillənən, müdriklənən ürəkləri nurlandıran, gül -çiçək ətirli, incə duyğularla bizi yaşadan gözəl qiraətçimiz. Bilən bilir, bilməyən özü bilər. İstedat ilahidən ətadır. Söz də, səs də sənətin ilahi zirvəsindən doğulub boylananda könüllərə acılan yolu tapır, bu yol halalıqdan keçəndə daha da ürəkaçan və uzun ömürlü olur halal səs, halal sənət sahibi. İtən ömürdən keçən səhifələrə baxdıq. Doğrudan da, Əliağa Ərşadoğlu xoşbəxt insandır. 70 -nədir ki!...
" Hər kim yüz il yaşamasa,
Günah onun özündədi. "
Müdriklik çağında, 100 yaşayın Əliağa. müəllim! Belə gözəl dövranda yaşamaga dəyər hələ! Söz sənətinin yüksəkliyində sizə can sağlığı, uğurlu yol diləyirik və sözlərinizlə məqaləmə yekun vurmaq istəyirəm...
Bu yaşa çatmağım böyük hünərdi.
Hamıya tuş ola belə qocalıq,
Qapıdan gözlədim bacadan gəldi.
Salam, yetmiş yaşım, salam qocalıq.