İran Parlamentinin sədri Məhəmməd Bağır Qalibaf ABŞ-ın bir neçə gəmini Hörmüz boğazından keçirməyə çalışdığını, lakin İran Silahlı Qüvvələrinin buna mane olduğunu bildirib.
Turkustan.az xəbər verir ki, Qalibaf sosial media hesabında yayımladığı video müraciətində Hörmüz boğazındakı son vəziyyətə toxunaraq, boğazın İran Silahlı Qüvvələrinin “tam nəzarəti” altında olduğunu iddia edib.
O bildirib ki, ABŞ razılaşmaya zidd olaraq Hörmüz boğazının cənub marşrutundan istifadə etməyə çalışır.
“Razılaşmanın əksinə olaraq, ABŞ boğazın cənub marşrutundan istifadə etməyə çalışır. Biz buna icazə verməyəcəyik”, – Qalibaf deyib.
İran parlamentinin sədri ABŞ-ın bəzi gəmiləri boğazdan keçirməyə cəhd etdiyini bildirərək, onların İran Silahlı Qüvvələrinin müqaviməti ilə üzləşdiyini qeyd edib.
“ABŞ oğru və qaçaqmalçı kimi bir neçə gəmini boğazdan keçirməyə çalışır, lakin onlar silahlı qüvvələrimizin müqaviməti ilə qarşılaşırlar”, – Qalibaf bildirib.
Aytən Yaşar/ Turkustan.az