Ərdoğan və Putin Bişkekdə görüşdü


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Zirvə Toplantısı çərçivəsində Qırğızıstanın paytaxtı Bişkekdə görüşüblər.

Turkustan.az xəbər verir ki, təxminən 1 saat 30 dəqiqə davam edən görüş Ala-Arça Dövlət İqamətgahında keçirilib və mətbuata qapalı olub. Görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın da iştirak edib.

Görüşdən əvvəl mətbuata açıq hissədə çıxış edən Ərdoğan Türkiyə-Rusiya münasibətlərinin əvvəlki dövrlərlə müqayisədə daha yüksək səviyyəyə çatdığını bildirib.

Türkiyə Prezidenti enerji əməkdaşlığının ikitərəfli münasibətlərdə mühüm yer tutduğunu vurğulayıb. O, Akkuyu Atom Elektrik Stansiyasının tamamlanmasını və istifadəyə verilməsini gözlədiklərini deyib.

Ərdoğan Akkuyunun fəaliyyətə başlamasından sonra Türkiyədə yeni atom elektrik stansiyalarının tikintisi ilə bağlı addımlar atmaq niyyətində olduqlarını açıqlayıb.

“Hazırda Akkuyu Elektrik Stansiyasının tamamlanmasını və açılışını gözləyirik. Çünki Akkuyu Atom Elektrik Stansiyasının açılışı ilə birlikdə bəzi yeni elektrik stansiyalarının açılması üçün də addımlar atacağıq. Bu hazırlıqların ortasındayıq”, – Ərdoğan deyib.

O, həmçinin Rusiya ilə kənd təsərrüfatı və enerji sahələrində əməkdaşlığın davam etdiyini qeyd edib və rusiyalı turistlərin Türkiyə turizmi üçün əhəmiyyətini vurğulayıb.

Putin isə Rusiya ilə Türkiyə arasında iqtisadi əlaqələrin inkişaf etdiyini bildirib.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ