Taliban Əfqanıstanın böyük ölçüdə istifadə olunmamış mineral ehtiyatlarını ABŞ investisiyalarına açmağı təklif edib.
Turkustan.az xəbər verir ki, Kabil bunun müqabilində Taliban üzərinə tətbiq olunan sanksiyaların yumşaldılmasına və xaricdə dondurulmuş Əfqanıstan aktivlərinin azad edilməsinə ümid edir.
Talibanın xarici işlər naziri Əmir Xan Mottaki “Financial Times”a bildirib ki, Əfqanıstan mədənçilik, infrastruktur, kənd təsərrüfatı və ticarət sahələrində ABŞ investisiyalarını qəbul etməyə hazırdır.
Mottaki Əfqanıstan-ABŞ münasibətlərinin son 20 ildəki müharibənin prizmasından deyil, gələcək əməkdaşlıq imkanları əsasında qurulmalı olduğunu vurğulayıb.
ABŞ və Əfqanıstan tərəfindən aparılan geoloji araşdırmalara görə, ölkənin mineral ehtiyatlarının ümumi dəyəri ən azı 1 trilyon dollar qiymətləndirilir. Buraya mis, dəmir filizi, litium, kobalt, qızıl və niobium yataqları daxildir.
Talibanın əsas məqsədlərindən biri beynəlxalq sanksiyaların yumşaldılması və xaricdə dondurulmuş Əfqanıstan Mərkəzi Bankının aktivlərinə çıxış əldə etməkdir. Əfqanıstan Mərkəzi Bankının məlumatına görə, ölkənin təxminən 9,5 milyard dollar həcmində ehtiyatı xaricdə saxlanılır.
Mottaki həmçinin Vaşinqtonu Kabildəki ABŞ səfirliyini yenidən açmağa çağırıb. Bununla Talibanın ABŞ-la münasibətlərdə hərbi qarşıdurmadan çox iqtisadi əməkdaşlığa əsaslanan yeni mərhələ yaratmağa çalışdığı görünür.
Aytən Yaşar/ Turkustan.az