Böyük Quruluş Partiyasının başqanı Fazil Mustafa Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunu 70 illik yubileyi münasibətilə təbrik edib.
Təbrik məktubunda Mirmahmud Mirəlioğlunun ömür yolunun mühüm bir dövrünün Azərbaycanın milli azadlıq hərəkatı, dövlət müstəqilliyinin bərpası və ölkədə çoxpartiyalı siyasi sistemin təşəkkülü ilə bağlı olduğu vurğulanıb.
Fazil Mustafa yubilyarın milli hərəkatdan başlayan uzunmüddətli ictimai-siyasi fəaliyyətinin, parlamentdə və partiya quruculuğu sahəsində çalışmalarının çağdaş siyasi tariximizin bir sıra önəmli mərhələləri ilə üst-üstə düşdüyünü bildirib.
BQP başqanı qeyd edib ki, ictimai-siyasi fəaliyyətdə uzun yol keçmək əqidənin, prinsipiallığın, siyasi təcrübənin və məsuliyyətin sınağıdır. Mirmahmud Mirəlioğlunun onilliklər boyunca seçdiyi siyasi xəttə, milli dövlətçilik düşüncəsinə və mənsub olduğu siyasi ənənəyə bağlılığı onun fəaliyyətinin səciyyəvi cəhətlərindən biri kimi dəyərləndirilib.
Təbrikdə Azərbaycanın bugünkü gücünün dövlət müstəqilliyinin dönməzliyində, ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunmasında, milli birliklə yanaşı, cəmiyyətin siyasi mədəniyyətinin inkişafında da ifadə olunduğu vurğulanıb. Fərqli siyasi baxışların milli maraqlar, dövlətçilik və Azərbaycanın gələcəyi kimi ali dəyərlər çevrəsində sağlam münasibətlər qurmasının demokratik siyasi mədəniyyətin önəmli göstəricilərindən olduğu bildirilib.
Fazil Mustafa Mirmahmud Mirəlioğlunun 70 illik yubileyini keçilmiş zəngin və mürəkkəb ictimai-siyasi yolun, qazanılmış təcrübənin və illər boyunca qorunan məslək mövqeyinin əlamətdar mərhələsi kimi səciyyələndirib.
BQP başqanı Mirmahmud Mirəlioğlunu yubileyi münasibətilə bir daha təbrik edib, ona möhkəm cansağlığı, ictimai-siyasi fəaliyyətində uğurlar və doğma Azərbaycanın tərəqqisi naminə çalışmalarında yeni başarılar arzulayıb.