ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus hədəflərə yeni zərbələr endirildiyini açıqlayıb.
Turkustan.az xəbər verir ki, ABŞ tərəfi əməliyyatın Hörmüz boğazında ticarət gəmilərinə və bölgədəki Amerika hərbçilərinə qarşı hücum cəhdlərinə cavab olaraq həyata keçirildiyini bildirib.
CENTCOM-un məlumatına görə, ABŞ qüvvələri İranın cənub sahillərində, o cümlədən Bəndər Abbas, Cask, Çabahar, Konarak, Minab, Sirik və Qeşm adası ətrafındakı hərbi obyektləri hədəfə alıb. Zərbələrin SEPAH-ın raket və pilotsuz uçuş aparatları imkanlarının, eləcə də sahil müşahidə sistemlərinin zəiflədilməsinə yönəldiyi bildirilir.
ABŞ tərəfi əməliyyatın əsas məqsədinin beynəlxalq dəniz nəqliyyatına qarşı təhdidlərin qarşısını almaq və Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək olduğunu açıqlayıb.
Zərbələrdən sonra İranın cənub sahillərində, o cümlədən Bəndər Abbas və Qeşm adası ətrafında partlayış səslərinin eşidildiyi barədə məlumatlar yayılıb.
ABŞ-İran qarşıdurmasının yenidən hərbi mərhələyə keçməsi Hörmüz boğazında vəziyyəti daha da gərginləşdirib və qlobal enerji bazarlarında yeni narahatlıqlara səbəb olub.
Aytən Yaşar/ Turkustan.az