“Türk Dövlətləri Təşkilatı və ortaq mədəni kimlik”


Türk dünyasının ən böyük üstünlüyü ortaq mifoloji təfəkkürə, dövlətçilik gələnəyinə, ədəbi irsə, dil qohum-qardaşlığına və mədəni kodlara sahib olmasıdır

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2026-cı il qrant müsabiqəsinin qaliblərindən biri olan “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyi (CASCFEN) “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” adlı layihənin icrasını davam etdirir. Avqustun 1-dən oktyabrın 31-dək davam edəcək layihə çərçivəsində Türk dünyasının inteqrasiyası, ortaq dəyərləri və gələcək inkişaf perspektivlərinə həsr olunmuş on mövzu üzrə silsilə müsahibələr hazırlanacaq. Layihə ilə bağlı təqdim edəcəyimiz 10 müsahibə toplusunun Beşinci mövzusu “Türk Dövlətləri Təşkilatı və ortaq mədəni kimlik” adlanır. Bu mövzu çərçivəsində suallara cavabda Türk dünyasının ortaq tarixinin və tarixi yaddaşının qorunması, mədəni inteqrasiyanın gücləndirilməsi, ortaq əlifbanın tətbiqi və türk kimliyi şüurunun möhkəmləndirilməsi əsas istiqamətlər kimi önə çıxır. Həmçinin TDT çərçivəsində həyata keçirilən layihələrin ortaq mədəni irsin qorunmasına və müxtəlif coğrafiyalarda yaşayan türk xalqlarının bir-birinə daha da yaxınlaşmasına verdiyi töhfələr diqqətə çatdırılır. Ortaq tarix şüurunun Türk dünyasının gələcək inteqrasiyasının ideoloji və mənəvi dayaqlarından biri olduğu vurğulanır. Eyni zamanda, ortaq əlifba və mədəni layihələrin xalqlar arasında ünsiyyəti asanlaşdıraraq türk kimliyinin və qarşılıqlı həmrəyliyin daha da güclənməsinə xidmət etdiyi qeyd olunur.

Qeyd edək ki, müsahiblərimiz mövzu ətrafında aşağıdakı sualları cavablandırıblar:

1.Türk Dövlətləri Təşkilatı çərçivəsində həyata keçirilən layihələr ortaq tarixi yaddaşın və mədəni irsin qorunmasına hansı töhfələri verir? Sizcə, ortaq tarix şüuru Türk dünyasının gələcək inteqrasiyasında nə dərəcədə mühüm rol oynayır?

2.Türk dövlətləri arasında mədəni inteqrasiyanın dərinləşdirilməsi üçün təhsil, media, elm və mədəniyyət sahələrində hansı addımların atılması daha məqsədəuyğun olardı? Bu istiqamətdə mövcud əməkdaşlıq səviyyəsini necə qiymətləndirirsiniz?

3.Son illərdə ortaq türk əlifbası ilə bağlı aparılan müzakirələr yenidən aktuallaşıb. Sizcə, ortaq əlifba təşəbbüsü Türk dünyasında kommunikasiya, təhsil və mədəni yaxınlaşma baxımından hansı strateji nəticələr doğura bilər? Qloballaşma dövründə türk kimliyinin qorunması və gücləndirilməsi üçün hansı mexanizmlər daha effektiv hesab edilə bilər və Türk Dövlətləri Təşkilatı bu prosesdə hansı rolu oynaya bilər?

Mövzu ilə bağlı fikirlərini bölüşən müsahiblərimiz – Azərbaycandan tanınmış şair-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat Mükafatı laureatı, layihə üzrə ekspert Əkbər Qoşalı və KKTC-dən Uluslararası Final Üniversitesi Siyaset Bilimi ve Uluslararası İlişkiler Bölümü öğretim üyesi, universitetin Kıbrıs Tarih ve Kültür Araştırmaları Merkezinin müdürü Ulvi Keserdir.

İndi isə onların bu suallara verdikləri cavabları təqdim edirik:

Açıklama yok.

Əkbər Qoşalı: Ortaq türk kimliyini çağdaş çağırışlara uyğun şəkildə inkişaf etdirən sivilizasiya platformuna çevrilmək TDT-nin ən böyük missiyası kimi görünür

1.Bir siyasi və iqtisadi işbirliyi platformu olan Türk Dövlətləri Təşkilatı (TDT), ortaq tarixi yaddaşın yenidən sistemləşdirilməsi, mədəni bütövlüyün möhkəmləndirilməsi yönündə də strateji mərkəzə çevrilməkdədir. Belə deyək, əgər XX yüzil türk uluslarını daha çox inzibati sınırlarla ayırmışdısa, XXI yüzil onları ortaq yaddaş üzərindən yenidən bir araya gətirmək imkanını yaradır. Əlbəttə, tarix yaddaşı keçmişi anmaqdan daha çox, gələcəyi qurmaq üçün gərəklidir. Tarixini unudan toplum gələcəyini də başqalarının yazdığı ssenarilər üzərində qurmağa məcbur qalır. Bu, bilinən, görünən bir gedişatdır. Türk dünyasının ən böyük üstünlüyü isə ortaq mifoloji təfəkkürə, dövlətçilik gələnəyinə, ədəbi irsə, dil qohum-qardaşlığına və mədəni kodlara sahib olmasıdır. Bu anlamda Orxon-Yenisey yazılarından Dədəm Qorqudun öyüdlərinə qədər, Kaşğarlı Mahmuddan Əhməd Yəsəviyə, Gəncəli Nizamidən Yunus Əmrəyə, Manasdan Koroğluya… kimi uzanan böyük mənəvi xətt ortaq sivilizasiya yaddaşını ifadə edir.

Bu gün ortaq dərsliklərin hazırlanması, ortaq tarix araşdırmalarının təşviqi, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, ayrıca TÜRKPA kimi uluslararası institutların çalışmaları, mədəniyyət paytaxtı layihələri, ortaq yubileylərin keçirilməsi gələcək nəsillərin ortaq kimlik şüurunun formalaşdırılmasına yönəlmiş strateji yatırımdır. Mən bizim uyğunprofilli vətəndaş cəmiyyəti institutlarını da bu planda vurğulamağı düzgün sayıram. Bəli, ulu yolumuz “ORTAQ KEÇMİŞDƏN ORTAQ GƏLƏCƏYƏ”dir.

İqtisadi inteqrasiyanın əsasında güvən dayanırsa, güvənin əsasında da ortaq tarix şüuru dayanır. - Biz iqtisadçı olmasaq da, bunu yaxşı bilirik. Tarixini birlikdə oxuyan uluslar gələcəyini də birlikdə yazmağa daha yaxın olur. - Bax, buna şübhə yoxdur.

2.Son illərdə bu sahədə önəmli irəliləyişlər əldə olunub. Dövlət başçılarının siyasi iradəsi sonucunda işbirliyi keyfiyyətcə yeni mərhələyə yüksəlib. Ancaq siyasi inteqrasiya ilə mədəni inteqrasiyanın eyni sürətlə inkişaf etməsi üçün atılmalı addımlar olduğunu etiraf etməliyik.

Bəli, öncə təhsil sahəsində ortaq proqramların miqyası genişlənməlidir. Türk dünyasının ortaq universitetlər şəbəkəsi, öyrənən və öyrədənlərin, başqa sözlə, tələbə-müəllim mübadiləsi, birgə elmi layihələr, ortaq elektron kitabxanalar və rəqəmsal elm platformaları yaradılmalıdır. Gənc nəsil bir-birini auditoriyalardan, laboratoriyalardan, kitabxanalardan tanımalıdır.

Media sahəsində ortaq informasiya məkanı formalaşdırılmalıdır. Türk ölkələrinin xəbərləri bir-birinə üçüncü dillərin prizmasından daha öncə, daha çox, birbaşa çatmalıdır. Ortaq televiziya layihələri, sənədli filmlər, rəqəmsal platformlar, ortaq kino istehsalı və ədəbi çevirmə proqramları bu yaxınlaşmanı sürətləndirə bilər.

Elm sahəsində isə yalnız humanitar istiqamətlər yetərli sayılmamalı, süni intellekt, rəqəmsal texnologiyalar, ekologiya, enerji təhlükəsizliyi, kosmik araşdırmalar və s. üzrə də ortaq mərkəzlər yaradılmalıdır.

XXI yüzilin birliyi yalnız keçmişə söykənməklə bitməməli, gələcəyi birlikdə qurmaqla şəkillənməlidir. Biz keçmişin, irsin ruhi gücünü də, günümüzün əvəzolunmaz dəyərini də dərk edərək, bu bağlamda gələcəyə açılırıq.

Bax, mədəniyyət isə bütün bunların ruhudur. Sizə sadə gəlməsin, yaylaq və başqa folklor festivalları, teatr, musiqi layihələri, gənclərə yönəlik ortaq nəşrlər və klassik irsin qarşılıqlı tanıdılması davamlı xarakter almalıdır. Beləliklə, mədəni inteqrasiya gündəlik yaşamın təbii bir bölümünə çevrilməli, öz axarı ilə irəliləməlidir.

3.Ortaq əlifba məsələsinə yalnız texniki və ya filoloji problem kimi baxmaq doğru olmaz. Bu, əslində sivilizasiya miqyaslı mədəni layihədir. Biz əlifbaya düşüncənin, yaddaşın və ünsiyyətin daşıyıcısı kimi baxmalıyıq. Hər ulus öz dilini, ləhcəsini, fonetik özəlliklərini qoruyacaq; ancaq bir qrafik sistem türk uluslarının bir-birinin kitabını, qəzetini, elmi məqaləsini, rəqəmsal resurslarını daha rahat oxumasına, informasiya dövriyyəsinin sürətlənməsinə, təhsil və elmi işbirliyinin genişlənməsinə xidmət edəcək. Bu, milyonlarla insan arasında təbii bağlantı körpüsü yaradacaq.

Milli, mədəni kimliyin yalnız nostalji hisslərlə qorunmadığını bilirik. Özəlliklə qloballaşma ortamında kimlik çağdaş texnologiyalarla, rəqəmsal platformlarla, güclü təhsil sistemi ilə, keyfiyyətli media ilə, rəqabətədavamlı elm və yaradıcı sənayelərlə yaşadılır. Türk kimliyi də məhz bu çağdaş alətlər üzərindən gələcəyə daşınmalıdır.

Bax, TDT burada koordinasiya edən qurumdan daha artıq missiya daşıyır. O, ortaq strateji düşüncənin platformu olma durumundadır. Ortaq terminologiya mərkəzləri, süni intellekt əsaslı türk dilləri platformları, ortaq elektron ensiklopediyalar, birgə elmi bilgi bazaları, mədəni irsin rəqəmsallaşdırılması və s. kimi layihələr artıq zərurətə çevrilir.

Mənim qənaətimcə, Türk dünyasının gələcəyi yalnız iqtisadi göstəricilərlə ölçülməyəcək. Bəs bizim ən böyük gücümüz nə olacaq, necə görünəcək? - Məncə, ortaq mədəniyyət, ortaq yaddaş və ortaq mənəvi məsuliyyət bizim ortaq gücümüzün ən əsas dayaqları olacaq. Çünki siyasi birliklər zaman-zaman dəyişə, iqtisadi çıxarlar yenilənə bilər, amma eyni mədəniyyətə söykənən ulusların birliyi daha davamlı və tarixi xarakter daşıyır.

Türk dünyası XXI yüzildə ortaq mədəniyyət məkanı, ortaq düşüncə məkanı və ortaq gələcək məkanı kimi formalaşma durumundadır. Bu durumu bizim qarşımıza babaların ruhu, günümüzün çağırışları, gələcək nəsillərimizə aydın yol xəritəsi qoyma ehtiyacı doğurub. Bax, bu isə dövlətlərlə birgə, alimlərin, yazıçıların, müəllimlərin, jurnalistlərin, sənət adamlarının və bütövlükdə toplumun birgə məsuliyyəti ilə mümkün olacaqdır. Ona görə, ortaq türk kimliyini çağdaş çağırışlara uyğun şəkildə inkişaf etdirən sivilizasiya platformuna çevrilmək TDT-nin ən böyük missiyası kimi görünür.

“Yürəyimdə bir dilək var, o da doğru kəsilsin,

O gün olsun bir göy bayraq Turan üstə açılsın!” - Cəfər Cabbarlının ruhuna alqış!

Tanrı türkə yar olsun.

Açıklama yok.

Ülvi Keser: Hər şeydən əvvəl türklük şüuru ətrafında bir araya gəlmək özü-özlüyündə böyük məziyyət və son dərəcə strateji məsələdir

1.Tarix boyu müşahidə olunub ki, bir olmaq diri olmaqla sinonimdir. “Mən” anlayışının yerinə “biz” məfhumunu qoymaq məsələnin mahiyyətini dərk etmək və yarışa 1:0 öndə başlamaq deməkdir. Bu baxımdan, hər şeydən əvvəl türklük şüuru ətrafında bir araya gəlmək özü-özlüyündə böyük məziyyət və son dərəcə strateji məsələdir. Bu kontekstdə güclü iradə, qətiyyət və coşqu nümayiş etdirən TDT, rəqabət, gərginlik və qarşıdurmaların yaşandığı bir prosesdə Türk dünyası üçün legitimlik və mövcudluq mübarizəsinin əsas oxunu təşkil edir.

Təəssüf doğuran məqam odur ki, illər boyu assimilyasiyaya məruz qalmış və demək olar ki, özünə yad hala gətirilmiş türk toplumlarının gec də olsa bir araya gələ bilməsi son dərəcə sevindirici və ümidverici haldır. Qaçılmaz coğrafi və fiziki uzaqlıqlar, məqsədli assimilyasiya cəhdləri, müxtəlif təcrid və izolyasiyalar arasında sıxışıb qalmış Türküstan coğrafiyasında türklük şüurunun, türk kimliyinin və buna bağlı olaraq dərin və zəngin mədəni bağların yenidən özünü toparlamağa başlaması, Zümrüdü-Ənka quşu kimi küllərindən yenidən doğulmaq cəhdinə girişməsi təkbaşına meydana çıxa biləcək hadisə deyil.

Bunun üçün bir lokomotivə, bir yolgöstərənə ehtiyac var. Həmin sinerjini yaradan güc isə türk aydınlanması ilə birlikdə Türk dünyasını eyni dam və vahid çətir altında birləşdirməyə başlayan, qlobal təhdidlərə qarşı sipər formalaşdıran TDT olmuşdur.

TDT-nin yaranması ağrılı və yavaş proses olsa da, ortaq əlifba, mədəni güc və inteqrasiya ilə yanaşı, türk kimliyinin geniş və zəngin dünyalarını da bir araya gətirməyi bacarmışdır.

2.Türk dünyasında ortaq əlifba tam mənası ilə uçan xalçanın üzərində sərhədsiz, vizasız və könül istəyincə uçmaq deməkdir. “Qlobal kənd” adlandırılan müasir dünyada fiziki baxımdan minlərlə kilometrlik ərazini əhatə edən Türk dünyasının intellektual zənginliyinin, minilliklərə söykənən və bənzərsiz mədəni möhtəşəmliyinin, bütün dünyanın heyranlıq və təəccüblə izləyəcəyi fövqəladə və köklü potensialının ortaq əlifba ətrafında birləşdirilməsi sərhədlərarası bütün mədəni, incəsənət və ədəbi fəaliyyətlərin, gözəlliklərin və yaradıcılıq təşəbbüslərinin yalnız Türk dünyasında deyil, insanın yaşadığı hər yerdə və hər kəsə çatan bir “soft power” – yumşaq güc vasitəsinə çevrilməsi deməkdir.

Qlobal rəqabətin son dərəcə intensiv olduğu bir dövrdə TDT üçün ən təsirli, çəkindirici və mühüm güc amili ortaq dil olacaqdır.

Təhsil standartlarını yüksəltmiş, inteqrasiyasını böyük coşqu və həyəcanla tamamlamış, rəqəmsal texnologiyanın hər qapını sorğu-sualsız açdığı bir dünyada hər evə daxil olmağı bacaran ortaq əlifba; müştərək dəyərlərimiz, vazkeçilməz qardaşlığımız, kollektiv düşüncə, şübhəsiz ki, qarşılıqlı hörmət və tolerantlıq çərçivəsində Türk dünyasını və türk insanını daha da yüksəldəcək, onun özünəinamını “Mən də varam” ifadəsini daha inamlı və səmimi şəkildə səsləndirməsinə səbəb olacaqdır.

3.İllər boyu uzaq coğrafiyalarda müxtəlif maraq toqquşmaları və fərqli milli və beynəlxalq hesablaşmalar arasında bir-birindən qoparılmış, ayrı salınmış, ayrı tutulmuş və təəssüf ki, zaman-zaman unudulmuş və ya unutdurulmağa çalışılmış türk insanının öz kimliyini tapması, müxtəlif coğrafiyalarda eyni kökdən gələn soydaşlarının, qardaşlarının olduğunu dərk etməsi və təşkilatlanma cəhdlərinə başlamasından daha təbii nə ola bilər?

Tarix boyu xalqlar siyasi, iqtisadi, hərbi, mədəni, dini, strateji və bəzən də yalnız prestij məqsədləri naminə ittifaqlara və əməkdaşlıqlara daxil olublar. Ortaq mədəni zəminə söykənən, eyni kökdən və eyni soydan gələn dövlətlərin və bu coğrafiyalarda yaşayan insanların ortaya qoyduğu həmrəylik və əməkdaşlıq ruhu isə şüurlu insanlarda yalnız məmnunluq doğurur.

Bu baxımdan, TDT-nin iqtisadi təşəbbüslərini bir kənara qoysaq, ortaq dil, ali təhsil, tələbə mübadiləsi, akademik mübadilə proqramları, mədəniyyət və incəsənət tədbirləri, adət-ənənələrin bir araya gətirildiyi sərgilər və mədəni təqdimatlar dünəndən bu günə gəlib çatan ortaq mədəni dəyərlərin qlobal dəyərlərlə eyni tərəzidə çəkildiyi və öz dərin zənginliyini nümayiş etdirdiyi təşəbbüslərdir. Bütün bunlar özünü özünəinam, tarixə hörmət, milli kimlik və türklük şüuru, əmanətə sahib çıxmaq, mədəni irsi qorumaq əzmi kimi də göstərir.

2024-cü il Cenevrə Türk Həftəsi, TÜRKSOY-un fəaliyyəti, Türk Akademiyası, TÜRKPA və onun təşəbbüsləri səssiz və dərinlikdən gələn strateji addımlardır. Bu strateji addımlar azadlığını qazanmış, lakin izolyasiyalar altında sıxıntı yaşayan Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) də müəyyən müddətdən sonra hüquqi tanınmasını təmin edəcək mühüm amillərdir.

Bu nöqtədə TDT-nin üzv dövlətlərdə və müxtəlif coğrafiyalarda həyata keçirdiyi təşəbbüslər təqdirəlayiqdir.

Fuad Hüseynzadə

Bu müsahibə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Şuşa Bəyannaməsindən Türk Dövlətləri Təşkilatına” layihəsi çərçivəsində hazırlanmışdır. Yazıda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.


MANŞET XƏBƏRLƏRİ