İlk dəfə bu ilin iyununda müəyyən edilən COVID-in XEC variantı artıq Böyük Britaniya, ABŞ, Danimarka və bir sıra digər ölkələrdə aşkarlanıb. Hazırda bu virus 29 ölkədə və ABŞ-nin 24 ştatında qeydə alınıb. Ən yüksək yoluxma səviyyəsi isə Çexiyada müşahidə olunub.
Bəs görəsən, XEC virusunun insan üçün hansı fəsadları var? Qarşıdakı soyuq aylarda bu virusun daha da yayılması ehtimalı varmı?
Mövzu ilə bağlı tibbi ekspert Rasif Bağırov öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.
Onun sözlərinə görə, COVİD-in XEC variantı İngiltərədə ilk dəfə aşkarlansa da, əslində bu virus sözügedən ölkədə yaranıb:
"Ola bilər ki, İngiltərəyə gələn hansısa xarici vətəndaş tərəfindən xəstəlik yayılıb. XEC virusu Omikron variantının digər mutasiyalarla qarşılıqlı hibritindən yaranıb. Bu yaranma nəticəsində COVİD-dəki kimi xəstədə ağır hallar yaşanmır. Sadəcə olaraq dadbilmə qabiliyyətinin itməsi, temperaturun yüksəlməsi və COVİD-ə məxsus olan digər əlamətlər öz əksini tapır".
Rusif Bağırov: XEC virusunun yoluxuculuq qabiliyyəti daha yüksəkdir
R.Bağırov hesab edir ki, XEC virusu ağır hallara səbəb olmasa da, yoluxuculuq qabiliyyəti yüksəkdir. Ona görə də yaxın vaxtlarda bu virusa yoluxma dominant hala keçə bilər.
"XEC virusu insan üçün ciddi təhlükə yaratmır. Lakin bütün hallarda virusdan qorunmaq lazımdır. COVİD dövründə vaksin vurduran şəxslər bu virusdan qoruna bilirlər. İstənilən halda vaksin vurduran və vurdurmayan hər kəsin tibbi maskalardan istifadə etməsi tövsiyə olunur", - deyə Rusif Bağırov qeyd edib.