Azərbaycan Ordusunun əsgəri Nəsimi Musayev oktyabrın 1-də Ermənistanın Sünik vilayətinin Sisian rayonunda yerləşən Şəki kəndində tutulub. Bu hadisə kəndin adının həm Ermənistan, həm də Azərbaycan mediasının gündəmidə yer almasına səbəb olub.
Ermənilərin hazırda "Şaki" adlandırdıqları bu kənd tarixən azərbaycanlıların yaşayış məskəni olub.
Şəki kəndi vaxtilə Qərbi Azərbaycanın Zəngəzur mahalının Qarakilsə rayonunun tabeçiliyində olub. Ermənistan kəndin adını dəyişdirdiyi kimi, Zəngəzur mahalını “Sünik vilayəti”, Qarakilsə rayonunu isə “Sisian rayonu” adlandırıb.

Ermənistan tərəfinin məlumatına görə, Şəki kəndində tutulan Azərbaycan əsgəri Nəsimi Musayev barəsində hələlik 2 aylıq həbs qətimkan tədbiri seçilib. Hadisənin təfərrüatları ilə bağlı açıqlamalar arasında fərqlər olsa da, bir fakt dəyişmir: Azərbaycan əsgərinin yolu Zəngəzurun tarixən azərbaycanlı əhalinin yaşadığı Şəki kəndinə düşüb.
Şəki kəndi Sisian şəhərindən təxminən 5-6 kilometr məsafədə, yüksək dağlıq ərazidə yerləşir. Müasir Ermənistanın inzibati bölgüsünə görə Sünik vilayətinin (Zəngəzur) tərkibindədir.
Bəzi tədqiqatçılar “Şəki” toponiminin qədim sak (saka/şaka) etnonimi ilə bağlı olduğunu bildirirlər. Sak tayfalarının Qafqaza gəlişi isə eramızdan öncə III əsrə təsadüf edib.
Araşdırmalara görə, kəndin adı ən azı XVI əsrin sonlarından yazılı mənbələrdə keçir. 1590-cı ildə Osmanlı-Səfəvi müharibəsindən sonra hazırlanmış “İrəvan əyalətinin müfəssəl dəftəri”ndə Şəki yaşayış məntəqəsinin adı qeyd olunur.
Daha sonra 1727-ci ildə tərtib edilmiş “Naxçıvan sancağının müfəssəl dəftəri”ndə, 1728-ci ildə hazırlanmış “İrəvan əyalətinin icmal dəftəri”ndə də Şəki kəndinin adına rast gəlinir.
Bu baxımdan Şəki adının müasir dövrdə yaranmadığı, kəndin adının bir neçə əsr əvvələ gedib çıxdığı sənədlərlə görünür.
Qarabağ xanlığının tərkibində olub

Mənbələrə görə, XVIII əsrin ortalarından Rusiya imperiyasının bölgəni işğal etməsinə qədər Şəkinin yerləşdiyi ərazi Qarabağ xanlığının tərkibində olub.
XIX əsrin əvvəllərində Qarabağ xanlığının Rusiya imperiyasının nəzarətinə keçməsindən sonra Şəki kəndi çar Rusiyasının inzibati sisteminə daxil edilib və Yelizavetpol quberniyasının Zəngəzur qəzasının tərkibinə verilib.
1823-cü ildə hazırlanmış “Qarabağ əyalətinin təsviri” adlı sənəddə də Şəki haqqında məlumat verilir. Araşdırmalarda həmin sənədə istinadən kənddə azərbaycanlıların əcdadlarının yaşadığı, Şəkinin isə Qarabağın sonuncu xanı Mehdiqulu xan tərəfindən Hacı Ağalar bəyə bağışlandığı bildirilir.
Şəkinin demoqrafik tarixində də diqqətçəkən rəqəmlər var.
Müxtəlif statistik və tarixi mənbələrdə kəndin əhalisinin XIX əsrdə sürətlə artdığı görünür. Tədqiqatlara görə, 1873-cü ildə kənndə 445, 1886-cı ildə 657, 1897-ci ildə 1191, 1908-ci ildə 1605, 1914-cü ildə isə 1584 nəfər azərbaycanlı əhali yaşayıb.
1918-ci ilin qanlı hadisələri
Şəkinin tarixində ən faciəli hadisələrdən biri 1918-ci ildə baş verib.
Araşdırmalarda həmin ilin avqust-sentyabr aylarında kəndin türk-müsəlman əhalisinin silahlı erməni dəstələrinin hücumuna məruz qaldığı, əhalinin bir hissəsinin öldürüldüyü, digər hissəsinin isə kənddən çıxarıldığı bildirilir.
Azərbaycan Dövlət Arxivində saxlanılan sənədə görə, 1918-ci ilin payızında Şəki kəndində 500 nəfərin, o cümlədən 200 uşağın öldürüldüyü və 156 nəfərin yaralandığı barədə məlumat var.
1918-ci il hadisələrindən sonra kəndin demoqrafik mənzərəsi dəyişməyə başlayıb. Belə ki, xaricdən köçürülən ermənilər tədricən Şəkidə yerləşdirilib.
Lakin sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların bir hissəsi doğma kəndinə geri dönüb. 1922-ci ilin məlumatlarında Şəkidə 282 azərbaycanlı və 12 erməninin yaşadığı göstərilir.
1926-cı ildə isə kənddə 385 azərbaycanlı və 407 erməni qeydə alınıb. 1931-ci ildə bu rəqəmlər müvafiq olaraq 557 və 510 nəfər olub.
Ermənilər zaman-zaman Şəkidə azərbaycanlılara məxsus tarixi abidələri də dağıdıblar.
Məsələn, Şəki kəndində olan qədim Alban kilsəsi 1975-ci ildə dağıdılaraq onun yerində İkinci Dünya Müharibəsində ölən ermənilərə abidə qoyulub.
1988-ci ildə ikinci köç
Şəkinin azərbaycanlı əhalisi üçün ikinci böyük faciə 1988-ci ildə başlayıb.
Həmin ilin noyabrında kənddə yaşayan azərbaycanlılar tamamilə kəndi tərk etməyə məcbur ediliblər - deportasiya olunublar. Beləliklə, əsrlər boyu kənddə yaşamış azərbaycanlı icmasının Şəkidəki varlığı faktiki olaraq sonlandırılıb.
1988-ci ildə Şəkidəki azərbaycanlı əhalinin sayı 1930 nəfər olub.
Şəki təkcə kənd deyil – məşhur şəlalənin də adıdır

Şəkinin başqa bir maraqlı xüsusiyyəti isə onun təbiəti ilə bağlıdır.
Kəndin ərazisində məşhur Şəki şəlaləsi yerləşir. Şəlalə Vorotan çayı hövzəsində, Sisian şəhərindən bir neçə kilometr aralıda yerləşən dərədədir. Ermənistanın rəsmi sənədlərində Şəki şəlaləsi xüsusi hidroloji təbiət abidəsi kimi qeyd olunur. Ərazidə mağaralar, qayalıqlar və qədim insan fəaliyyətinin izləri də aşkar edilib.
Ermənilər son illərdə Şəki şəlaləsinə turist axını təşkil etməyə çalışırlar.
Şəki kəndinin tanınmış simaları
Şəki kəndindən xeyli tanınmış adamlar çıxıb. Görkəmli ədəbiyyatşünas alim, professor Əziz Şərif, “Zəngəzur” romanının müəllifi, yazıçı Əyyub Abbasov, Sosialist Əməyi Qəhrəmanı Əli Hüseynov, Ermənistan SSR Ali Sovetinin deputatı Züleyxa Əliyeva Şəki kəndinin yetirmələri olublar.
Azərbaycanın görkəmli teatr və kino aktrisası, Xalq artisti Barat Şəkinskayanın soyadı və nəsli Şəki kəndi ilə bağlıdır./modern.az