Gürcülərdən də çox geridəyik
Birmənalı şəkildə qəbul etmək lazımdır ki, SSRİ-nin dağılmasından sonra modern gürcü ədəbiyyatı bizdən fərqli olaraq qapı və pəncərələrini dünyaya taybatay aça bildi.
Hələ ötən yüzilliyin yetmişinci illərinin sonlarında gürcülərin dissident şairi Merab Kostavadan bütün Qərb danışırdı.
Doğrusu, bu adamı şəxsiyyət kimi aşırı milliyətçiliyinə və ahıska türklərinin kütləvi deportasiyasına ideoloji rəhbərlik etdiyinə görə sevmirəm.
Fəqət, rüşyemləri milli olan bəşəri yaradıcılığı haqqında həqiqətləri deməyə məcburam.
1978 -ci ildə ABŞ Konqresi tərəfindən iki adam Nobel Sülh Mükafatına namizəd olmuşdu.
Onlardan biri məhz Gürcülərin milli qəhrəmanı Kostava idi. Həmin dövrdə Azərbaycan ədəbiyyatı kolxoz beşilliklərdən bəhs edən lirik və epik əsərlərlə "zənginləşirdi".
Müstəqillik illərində bizimkilər kimi gürcü ədiblər də xaricə üz tutdular. Amma bazarlarda alver etmədilər, yazıb-yaratmaqla adlarından, imzalarından söz etdirməyi bacardılar.
Şübhəsiz ki, hazırda Aka Morçiladze (Corc Ahvlediani) post-Sovet gürcü ədəbiyyatının ən önəmli simalarından biri hesab edilir.
Yeri gəlmişkən , Morçiladzenin gürcü cəmiyyətinin keçid dövrü böhranlarını ironik və fərqli dillə təsvir edən "Qarabağa səyahət" ("Journey to Karabakh") romanı dünya miqyasında çox populyardır.
Təssüf ki, Qarabağ və Cənubi Qafqazın münaqişələri ilə bağlı ən səs-küylü əsəri də bizimkilər yox, bu əsərin timsalında məhz gürcülər yazdılar.
Dünyaca məşhur müasir gürcü qadın yazarların öndəri şübhəsiz ki, Nino Haratişvilidir. Nino xanım Almaniyada yaşayan və əsərlərini alman dilində qələmə alan gürcü yazıçısıdır. Böhran illərdə Gürcüstandan Almaniyaya üz tutub.
Onun bir ailənin nəsil şəcərəsi fonunda Gürcüstanın XX əsr tarixindən bəhs edən "Səkkizinci Həyat" ("The Eighth Life") epik romanı beynəlxalq bestsellerə çevrilib. Onlarla dilə çevrilib.
Şübhəsiz ki, ən sevdiyim dünyaca məşhur gürcü yazıçısı Dato Turaşvilidir. Əsl adı David olan bu istedadlı imza xüsusilə SSRİ dövründə Gürcüstandan qaçmağa çalışan gənclərin real hekayəsindən bəhs edən "Cins dövrünün uşaqları" ("Flight from the USSR" adı ilə də məşhurdur) romanı ilə həm Gürcüstanda, həm də bir çox ölkələrdə (o cümlədən Azərbaycanda) böyük oxucu kütləsi qazanıb. Əsər bizim dilə də çevrilib və oxumayanlara məsləhət görürəm.
Dünyaca məşhur gürcü yazarların içərisində ən koloritlu imza mənə görə, Laşa Buğadzedir. Buğadze Amerikada və Avropada həm dramaturq, həm də romançı kimi tanınmaqdadır.
O, BBC Ədəbiyyat müsabiqəsinin qalibi olmağı da bacarıb. Əsərlərində tarix, mifologiya və satiranı ustalıqla birləşdirir. Ona gürcülərin Bukovskisi deyənlər də var.
Bir sözlə, modern gürcü ədəbiyyatı bizdən çox öndə dayanır. Bizim isə adlarını sadaladığım müəlliflərlə müqayisə edə biləcəyimiz kimsə yoxdur. Bir çoxunuz Çingiz Abdullayevin adını çəkə bilərsiniz, amma Avropa və Amerikada dedektiv roman müəllifləri peşəkar yazıçı hesab edilmirlər. Çingiz müəllimin Avropada deyil, MDB məkanında məşhurluğu isə ayrıca müzakirə mövzusudur.
Düşünürəm ki, indi də gec deyil. Dövlət və ya mütərəqqi iş adamları istedadlı imzalarla daha işıqlı layihələr ərsəyə gətirə bilər. Çünki ölkələrin beynəlxalq müstəvidə əsas simaları məhz sənətkarlar, sənət adamlardır.
Bu gün Azərbaycan yazarları kitab təqdimatı keçirməyə, kitablarını satmağa heç beş yüz oxucu tapa bilmirlər. Əgər on milyonluq ölkədə beş yüz oxucu yoxdursa, o zaman Vətənə də xaricdən gəlmək lazımdır.
5 oktyabr 2026,
Şəmkir, Könüllü
Tural Turan (Official)