Bakıda yol pulu tapmayan 1992-ci il təvəllüdlü Cəfərli Qulaməli (ad-soyad şərtidir) oğurluq edib.
Talama cinayətində təqsirlənditirən şəxs Bakının Səbail rayonu ərazisində yerləşən "Gloria Jeans"də müştəri qismində əyləşən qadının çantasını oğurlayıb.
Çantanın içərisində BMW markalı avtomobilin açarı, 5 manat pul və sənədlər olub.
Maraqlıdır ki, 5 manatla özünə dönər alan oğru, daha sonra çantanın sahibi ilə telefonla danışıb. Qadın "iPhone" markalı mobil telefonuna zəng edərək Qulaməlidən əşyalarını qaytarmasını, bunun müqabilində 50 manat "şirinlik" verəcəyini deyib.
Qadın telefon danışığından sonra 50 manatı oğrunun kartına göndərib. Qulaməli isə çantanı metronun Qara Qarayev stansiyası yaxınlığında dönər köşkünün yanına qoyacağını bildirib.
Deyilən ünvana gedən qadın çantanı tapsa da, mobil telefonu və 5 manatı onun içində aşkarlamayıb. Bəlli olub ki, Q.Cəfərli telefonu 300 manata satıb.
Qadın hadisə ilə bağlı DİN-in 102 xidmətinə məlumat versə də, məhkəmədən təqsirləndirilən şəxsdən şikayətçi olmayıb.
Səbail Rayon Məhkəməsinin hökmü ilə Q.Cəfərlinin azadlığı 2 il 2 ay müddətinə məhdudlaşdırılıb./Xitab24.az