Bu əməliyyatlar icbari tibbi sığorta ilə qarşılanmır - TƏBİBDƏN AÇIQLANMA


Azərbaycanda UPPP (uvulopalatofaringoplastika), aritnoidektomiya və radiofrekans prosedurlarının icbari tibbi sığorta çərçivəsində qarşılanıb-qarşılanmamasına aydınlıq gətirilib.

TƏBİB-dən bildirilib ki, sözügedən tibbi xidmətlər hazırda icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ayrıca tibbi xidmət kimi nəzərdə tutulmayıb.

Həmçinin bu xidmətlər ödənişli xidmətlər siyahısında da ayrıca tibbi xidmət kimi yer almır.

TƏBİB-in məlumatına görə, radiofrekans üsulu ilə lateropeksiya, vazotomiya və bipolyar koaqulyasiya bəzi klinik hallarda Xidmətlər Zərfi çərçivəsində təminata alınan septoplastika əməliyyatının tərkib hissəsi kimi tətbiq oluna bilər.

Bu halda müvafiq müdaxilənin otolarinqologiya xidməti göstərən TƏBİB tabeli tibb müəssisələrində həyata keçirilməsi mümkündür.

Beləliklə, UPPP və aritnoidektomiyanın, eləcə də radiofrekans xidmətinin ayrıca tibbi xidmət kimi icbari tibbi sığorta hesabına qarşılanması nəzərdə tutulmur.

Qeyd edək ki, radiofrekans müdaxiləsinin tətbiqi konkret klinik vəziyyətdən və onun septoplastika əməliyyatının tərkibində olub-olmamasından asılıdır./Gununsesi.info


MANŞET XƏBƏRLƏRİ