DÜZ CAVABDAN DÜZ SUALA: “DƏRVİŞƏ SUAL”IN İRFAN YOLU


Əkbər Qoşalının "Dərvişə sual" poeması klassik Şərq təsəvvüf fəlsəfəsi ilə çağdaş fəlsəfi-kulturoloji düşüncənin özünəxas poetik kəsişməsidir.
​Şeir sərbəst vəznin dinamikasından bəhrələnsə də, daxili ritmi və qafiyə ahəngini itirmir. Müəllif folklor elementlərindən – məsələn, saqqalın yorğanın üstünə, yoxsa altına qoyulması haqqında məşhur lətifə-məsəldən və Aşıq Veysəlin “Uzun incə bir yoldayam” poetik-fəlsəfi motivindən assosiasiya yaradaraq, mətni folklor yaddaşına bağlayır.
​Dialoq quruluşu – sual verən lirik qəhrəman ilə hikmət sahibi Dərviş arasındakı təzadlı və tamamlayıcı nitq mətni dramatik poetik monoloq-dialoqa çevirir.
Şeirin ən orijinal leksik və məna tapıntılarından biri dərvişə “dərdiş” deyə müraciət edilməsidir. Şeir kontekstində “dərdiş” sözü “dərd” və “dərviş” arasında yaranan səs və məna yaxınlığını xüsusilə aktuallaşdırır.
“Dərdiş" semantik bütövlük kimi gəldi mənə. ("Dərdiş" ən çox Tovuz-Qazax bölgəsində işlənsə də, artıq çoxumuza tanış və doğmadır. Onun orfoqrafik sözlüyə düşməsini təklif edərdim.) Şair mövcud dialektal (şivə) sözünü yeni poetik-semantik yükdə işlədib.

Bəlli olduğu kimi, irfan fəlsəfəsində dərd adi kədər olmaqdan çıxaraq, Həqiqətə olan ilahi həsrət, axtarış və ehtiyacdır. Müəllif “dərdiş”lə dərvişliyin, belə demək mümkünsə, sadəcə xirqə (zahir) hadisəsi olmadığını, daxili bir "dərd" halı olduğunu göstərir. Eyni zamanda, bu ifadə irfan əhli arasındakı doğmalığı, dərdortaqlığını da vurğulayır; lirik qəhrəmanla dərviş arasındakı rəsmi, uzaq məsafəni qaldıraraq onları eyni mənəvi səfərin səmimi yol yoldaşlarına çevirir.
​Şeirdə irəli sürülən hər bir sual və dərvişin verdiyi cavab insan varlığının fərqli tərəflərinə işıq tutur.
Örnək verək:
-Lirik qəhrəmanın məişət səviyyəsində göründüyü "saqqal yorğanın üstündə, yoxsa altında?" sualına Dərviş cismani yox, zaman baxımından cavab verir: “Mən onu qoymuşam illərin üstə...” Burada saqqal yaşlanmağın yox, qazanılmış təcrübənin simvoludur.

-“Atı tərsinə nallayan hara getsə, izi başqa səmtə çəkər...” obrazı öz həqiqətindən qaçan və özünü başqa cür göstərməyə çalışan insan tipajıdır. Dərvişin “Yol ayağı tanıyar” cavabı isə aldadıcı izlərin qarşısında mütləq həqiqətin və mahiyyətin qalib gələcəyini vurğulayır.

-Oğruluq və doğruluq anlayışı fiziki və mənəvi baxımdan ayrılır. Qapı qırıb könül sındıran – oğrudur, amma öz arzusu ilə açılan ürəyə daxil olmaq – oğruluq sayılmır. “Kilidi iç üzdədi” ifadəsi irfan ədəbiyyatında qəlbin yalnız insanın öz iradəsi və sevgisi ilə açıla biləcəyinə işarədir.

-Gül və Su ayrı-ayrılıqda iki müstəqil varlıqdır - biri ətri, biri təmizliyi təcəlli, tərənnüm edir. Onların bir araya gəlib "Gül suyu"na çevrilməsi təsəvvüfdəki fəna (özündən keçmə) və vəhdət (birolma) anlayışları ilə yozula bilər: “Birisi özündən keçib, o birisi özgə qatıb özünə…”

-Fiziki məsafə ilə ruhani məsafənin təzadı burada çox dəqiq qoyulur. Yanında olub uzaq olanlarla, aralarında dənizlər, böyük çöllər olub hər addımda nəfəsi duyulanlar – insanın maddi dünyadan daha çox ruhi aləmdə yaşadığının göstəricisidir.

​Şeirin ən pik, fəlsəfi cəhətdən ən dərin nöqtəsi Dərvişin son sözləridir:
​“...düz cavabı axtaranlar bir gün əlbət dayanar.
Düz sualı axtaransa ömrü boyu yol gedər…”

Burada "Yol" anlayışı təsəvvüfün özüdür – seyri-sülukdür. Cavab tapan insan dayanır, çünki axtarışı bitir; amma doğru sualı axtaran insan daim mənəvi hərəkətdə, təkamüldədir.
Təsəvvüfdə seyri-süluk nəfsin tərbiyəsi və qəlbin təmizlənməsi yolu ilə mənəvi kamilliyə doğru daxili yolçuluqdur. Bu baxımdan şeirin “yol”u insanın öz içinə və Həqiqətə doğru bitməyən səfəridir...

Əkbər Qoşalının bu şeiri sadə dildə yazılmış, lakin dərin irfani, fəlsəfi və insani qatları olan kamil bir poetik mətndir. Şeirdəki səmimiyyət, obrazların oynaqlığı və fikrin dərinliyi oxucunu mənəvi bir “yola çıxmağ”a və özünün Dərvişə (məncə, özünə!..) suallarını verməyə təhrik edir…

Bəlkə də şeirin ən gizli dialoqu elə buradadır: lirik qəhrəman Dərvişə üz tutur, amma verdiyi hər sualın əks-sədası öz içinə qayıdır. Beləcə, Dərviş ayrıca bir obraz olmaqla yanaşı, insanın öz içindəki sorğu, vicdan və hikmət səsinə çevrilir.

Adilə NƏZƏR
Filologiya üzrə fəlsəfə doktoru,
şair-publisist


MANŞET XƏBƏRLƏRİ