Yeni araşdırma gündə beş fincandan çox qəhvə içməyin 65 yaş və yuxarı qadınlarda sümük mineral sıxlığının azalması ilə əlaqəli ola biləcəyini göstərib.
Turkustan.az xəbər verir ki, mütəxəssislər gündə 2-3 fincan qəhvə istehlakının isə sümük sağlamlığına oxşar mənfi təsir göstərmədiyini bildirirlər.
Qəhvənin həddindən artıq istehlakı xüsusilə yaşlı qadınlarda sümük sağlamlığı baxımından müəyyən risklər yarada bilər.
Flinders Universitetinin tədqiqatçıları 10 il ərzində 65 yaş və yuxarı 9704 qadının qəhvə və çay istehlakını araşdırıblar. “Nutrients” jurnalında dərc olunan araşdırmada iştirakçıların bud və yuxarı bud sümüklərində sümük mineral sıxlığı da ölçülüb. Bu nahiyələr osteoporotik sınıqlara daha çox meyllidir.
Nəticələrə görə, gündə beş fincandan çox qəhvə içən qadınlarda sümük mineral sıxlığı daha aşağı olub. Buna qarşılıq, gündə 2-3 fincan qəhvə istehlakının sümük sağlamlığına mənfi təsiri müşahidə edilməyib.
Çay istehlakı ilə bağlı isə fərqli nəticə əldə olunub. Müntəzəm olaraq çay içən qadınların bud nahiyəsində sümük mineral sıxlığının bir qədər yüksək olduğu müəyyənləşib. Bu əlaqə xüsusilə piylənməsi olan qadınlarda daha nəzərəçarpan olub.
AYtən Yaşar/ Turkustan.az