Almaniya, Rumıniya və İrlandiyada satılan 170 ət məhsulu ilə 160 bitki mənşəli ət alternativi müqayisə edilib.
Turkustan.az “Frontiers in Nutrition” jurnalında dərc olunan tədqiqata istinadən xəbər verir ki, bitki mənşəli ət məhsullarının 100 qramında orta hesabla 12,8 qram zülal olub. Real ətdə isə bu göstərici 17,1 qram təşkil edib. Yəni bitki mənşəli alternativlərdə zülal miqdarı real ətdən orta hesabla 4,3 qram az olub.
Eyni zamanda, bitki mənşəli məhsullarda lifin miqdarı daha yüksək olub. 100 qram məhsulda real ətdə orta hesabla 0,3 qram lif olduğu halda, bitki mənşəli alternativlərdə bu göstərici 4,3 qram olub.
Doymuş yağ baxımından da fərq böyükdür. Real ətdə 100 qrama orta hesabla 7,4 qram doymuş yağ düşüb. Bitki mənşəli alternativlərdə isə bu göstərici 2,5 qram olub.
Araşdırmada bitki mənşəli məhsulların karbohidrat miqdarının da daha yüksək olduğu müəyyən edilib. Bu məhsullarda 100 qrama orta hesabla 10,2 qram karbohidrat düşüb. Real ətdə isə bu göstərici 2,9 qram olub.
Bununla yanaşı, hər iki məhsul qrupunda duz miqdarı orta hesabla eyni – 100 qrama 1,5 qram olub.
Tədqiqatçılar həmçinin müəyyən ediblər ki, ət məhsulları orta hesabla bitki mənşəli alternativlərdən təxminən 20 faiz daha çox kalori ehtiva edir. Bunun əsas səbəbi real ətdə yağ miqdarının daha yüksək olmasıdır.
Mütəxəssislərin fikrincə, bitki mənşəli qidalanma zamanı zülal çatışmazlığının yaranması mütləq deyil. Lobya, mərcimək, dənli bitkilər, qoz-fındıq, toxumlar və soya kimi məhsullar da əhəmiyyətli miqdarda zülal təmin edə bilər.
Digər tərəfdən, bitki mənşəli ət alternativləri ilə tofu, lobya və mərcimək kimi daha az emal olunmuş qidaları eyni kateqoriyada qiymətləndirmək düzgün deyil.
Araşdırma göstərir ki, “bitki mənşəli” və ya “ət” yazısına əsasən məhsulun daha sağlam olduğunu demək mümkün deyil. Hər iki məhsul qrupunun üstün və zəif tərəfləri var. Buna görə də seçim zamanı məhsulun qida tərkibinə və etiketində göstərilən göstəricilərə diqqət yetirmək daha məqsədəuyğundur.
Ət məhsulu və bitki mənşəli ət alternativinin 100 qramında orta qida göstəriciləri aşağıdakı kimi olub:

/Yeniavaz.com/