Cabir Agaoglu
Müharibədən, canlı döyüş səhnələrindən, şəhid və qazilərdən yazmaq elə müharibədə döyüşüb yaralanmaq qədər ağır və üzücüdür. Fərq ondadır ki, müharibə insanları fiziki cəhətdən şikəst edir, yarımcan qoyur, psixoloji problemlər yaşadır, sağalmaz travmalar vurur, yüzlərlə insanın arzularını yarıda bitirir, ömürlərini baltalayır. Müharibədən yazanlar isə üzdən sağlam, salamat görünsələr də, daxilən param-parça, dünyası alt-üst olmuş, bir ömür bu ağrı-acıyla yaşamağa məhkum olmuş insanlardı. Hərbi yazar kimi bu duyğuları dəfələrlə yaşamışam. Hər qəhrəmandan, döyüş yolundan yazdıqca sanki onlarla bərabər soyuq səngərlərdə nəm torpağın qoxusunu canına çəkə-çəkə səhərləri diri gözlü açırsan. Onlarla bərabər yaralanır, onlarla birgə ağrıyırsan. Qəddar düşmənlə üz-üzə, hər an həyatını itirmək qorxusuyla cəbhə ömrünü yaşayanlara calayırsan ömrünü. Baxın, görün müharibədən, onun şəhid və qazilərindən yazmaq qələm adamına nələrin bahasına başa gəlir.
Şair-publisist, tədqiqatçı-yazar Cabir Alpoğlu Albantürkün çapa hazırladığı "Səngərdən keçən şanlı ömürlər" kitabındakı yazıları oxuyarkən məhz bu fikirlər keçdi beynimdən. Qubadan olan və Qarabağ müharibəsinin hər iki dönəmində düşmənə qarşı ölüm-dirim savaşında iştirak edən, yaralanan, şəhid olan vətən oğullarının döyüş yolları barədədir bu kitab. Müəllif burada öz yazıları və şeirləri ilə bərabər, qubalı döyüşçülər haqqında yazıçı, jurnalist, hərbçi və b. yazarların müxtəlif illərdə ayrı-ayrı kitablarda, saytlarda, qəzet və jurnallarda dərc olunmuş məqalələrini də böyük zəhmət bahasına toplayaraq üzərində işləməklə bu kitaba daxil edib. Bunun özü kitab yazmaqdan da çətin və yorucu bir işdir, müəllifdən səbr, təmkin, fədakarlıq və vətənpərvərlik tələb edir. C.A.Albantürk isə 1 ildir üzərində işlədiyi bu kitabı nəhayət ki, bitirərək çap etdirib. Bir qubalı kimi həmyerlilərinin hərb tarixində qazandığı uğurları, vətən, torpaq naminə canlarından keçmələrini, yarımcan olmalarını, lakin döyüş meydanında qəhrəmanlıqlar göstərərək tarixə adlarını qanlarıyla yazmalarını qəlb ağrısıyla, həm də fəxarət hissiylə qələmə alıb. Yazıb ki, Milli qəhrəmanlıq tariximiz gələcək nəsillərə ötürülsün. Yazıb ki, igid oğullarımızın haqqı yerdə qalmasın, onların şücaətindən, fədakarlığından xalqımız, oxucular xəbərdar olsun.
Kitab hərb tariximizin bir parçası kimi böyük əhəmiyyət daşıyır və müəllifin bu missiyası alqışa layiqdir. Bildiyimiz kimi, Quba xanlığının böyük tarixi və mübarizələrlə dolu keçmişi vardır. Azərbaycanın var olmasında sözü keçən, əməli qalan şəxsiyyətləri ilə tanınır. Qubalıların müharibələrdə və münaqişələrdə (1918-ci il hadisələri-Quba soyqırımı və müqavimət hərəkatı, Böyük Vətən müharibəsi və ya ümumi hərb tarixi) iştirakını, regionun üzləşdiyi tarixi faciələri müəllif bu kitabda həmin dövrlərə səyahət edərək ulularımızın qəhrəmanlıq səhifələrini son 30 ilin Qarabağ müharibəsi salnaməsinə bağlasaydı daha mükəmməl və əhatəli bir əsər alınardı...
Müharibələr təkcə sərhədlərdə baş verən hərbi toqquşmalar deyil, həm də müharibəyə cəlb olunan bir xalqın iradəsinin, dözümünün sınağıdır. Müharibələri və onun iştirakçılarının döyüş yolunu qələmə alan hər bir yazar bu ağır sınağı, ordumuzun rəşadətini, qazilərimizin əfsanələşən dastanlarını, şəhidlərimizin müqəddəs xatirələrini bədii və sənədli dillə çatdıran söz sahibidir. Xalqımızın qəhrəmanlıq salnaməsini böyük zəhmət bahasına yazaraq, toplayaraq tarixləşdirənlər vətəndaşlıq borcunu dərk edərək şərəflə yerinə yetirənlərdir. Bu yolda Cabir bəyə yaradıcılıq uğurları və tükənməz enerji diləyirəm.
Əntiqə Qonaq, Əməkdar jurnalist, Müharibə veteranı.