Stanford Universitetinin alimləri insan beyninin inkişafı ilə bağlı mühüm kəşf ediblər. Tədqiqatçılar beynin ön və arxa hissələrinin fərqli inkişaf yolları izlədiyini, daha sonra isə vahid sistem kimi birləşdiyini müəyyən ediblər.
Turkustan.az xəbər verir ki, araşdırmaya görə, beynin arxa hissəsi kimi tanınan beyin kötüyü tənəffüs, yuxu və ürək döyüntüsü kimi həyati funksiyaları idarə edir. Ön və orta beyin isə dil, məntiq və mücərrəd düşüncə kimi daha mürəkkəb funksiyalarda əsas rol oynayır.
Alimlər müəyyən ediblər ki, bu iki komponent fərqli mənbələrdən inkişaf etsə də, nəticədə bir-biri ilə sıx əlaqə yaradaraq vahid və funksional beyin formalaşdırır.
Tədqiqatın müəlliflərindən Rayyan Jokhai “The Telegraph”a bildirib ki, beynin ön və arxa hissələrinin fərqli mənbələrdən inkişaf etməsinə baxmayaraq, funksional beyin yaratmaq üçün bir-biri ilə nə qədər sıx əlaqələndiyi diqqətəlayiqdir.
Jokhai beynin bu qarşılıqlı əlaqəsini hərəkət nümunəsi ilə izah edib. Onun sözlərinə görə, beynin ön hissəsi hərəkətə qərar verir, arxa hissə isə həmin hərəkətin incə detallarını əlaqələndirərək onun daha rəvan icrasını təmin edir.
O qeyd edib ki, üz və boyun hərəkətləri də beynin ön hissəsi tərəfindən başladılır, lakin arxa hissənin motor neyronları vasitəsilə həyata keçirilir. Bu mexanizm insanın qidalanması, udması və üz ifadələri yaratması üçün mühüm əhəmiyyət daşıyır.
Aytən Yaşar/ Turkustan.az