Keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun Mərdəkanda yerləşən 0,24 hektarlıq bağ sahəsi ilə bağlı mübahisə yaranıb. Anar Həsənov adlı şəxs ərazinin onun ailəsinə məxsus olduğunu iddia edib. O, deyib ki, həmin bağ sahəsi 1988-ci ildə Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin qərarı ilə atasına verilib.
Məlumata görə, hələ 2016-cı ildə Elmar Məmmədyarovun adına Mərdəkanda 0,24 hektarlıq bağ sahəsinə mülkiyyət hüququnu təsdiq edən çıxarış verilib.
Anar Həsənov adlı şəxs də bir neçə ildir ki, sözügedən bağ sahəsinin ailəsinə məxsus olduğunu təsdiqləyən sənəd əldə etməyə çalışır. Bu məqsədlə o, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət edərək əmlakın mənsubiyyətinə dair arayış tələb edib. Lakin müraciətinə mənfi cavab verildikdən sonra məhkəməyə üz tutub. Onun quruma qarşı qaldırdığı iddianın da məhkəmə tərəfindən təmin edilmədiyi bildirilir. Mübahisənin Elmar Məmmədyarovun mülkiyyətində olan ərazi ilə bağlı olması səbəbindən sabiq nazir məhkəmə prosesinə üçüncü şəxs qismində cəlb olunub.
Turkustan.az xəbər verir ki, modern.az məsələ ilə bağlı Elmar Məmmədyarovla əlaqə saxlayıb.
Sabiq xarici işlər naziri saytımıza açıqlamasında bildirib ki, hər şey qanun çərçivəsindədir:
“Məhkəmə sovet dövründə o torpaq sahəsini mənim atama verib. Biz də bunun üstünə düşməmişdik. İndi bu adam deyir ki, bura mənim ata-baba torpağımdır. Hansı əsasla onu dediyi isə məlum deyil. Rəsmi qərar olduğundan vəkil tutdum. Vəkil iddia ərizələrini məhkəməyə verdi və bütün instansiyalarda aparılan işlərdə qalib gəldik. Çünki hər şey qanun çərçivəsindədir. Qurtardı getdi”.